Bakıda möhtəşəm Mövlud tədbiri keçirildi
İslam dünyası rəbbiül-əvvəl ayının 12-17-si tarixlərini əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) mövludu günləri kimi qeyd edir.
İslamın böyük alimləri rəbiül-əvvəl ayının 12-dən 17-i günlərini “Vəhdət həftəsi” elan ediblər.
Dünyanın hər bir yerində olduğu kimi, Vətənimizdə də Həzrət Muhəmmədin
(s) və 6-cı İmam Həzrət Sadiqin (ə) mövlud günləri böyük şövqlə qeyd
olunur.
Dekabrın 29-də İçərişəhər "Cümə" məscidinin dini icmasının təşkilatçılığı və "www.deyerler.org" internet saytının informasiya dəstəyi ilə mübarək mövludlar münasibətilə bayram tədbiri keçirilib.
Bayram tədbirinə yüzlərlə insan qatılıb. Bayram tədbiri müqəddəs Qurani-Kərimin tilavəti və dövlət himnimizin ifası ilə başlanılıb.
Daha sonra İçərişəhər "Cümə" məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu çıxış edərək, tədbiri açıq elan edib. Hacı İlqar İbrahimoğlu çıxışı zamanı ilk öncə Peyğəmbər (s) sevərləri bu mövlud həftəsi münasibətilə təbrik edib və Həzrət Rəsulallahın (s) bəşəriyyət üçün nümunə olan əxlaqı, ilk növbədə isə Allaha bəndə olması haqqında danışıb.
Daha sonra “Əhli-beyt (ə) aşiqləri” ilahi yaradıcılıq qrupunun ifasında biri-birindən gözəl ilahilər səsləndirilib. Əziz İslam Peyğəmbəri (s) və Əhli-beytini tərənnüm edən biri-birindən gözəl İlahilər qonaqların alqışları ilə ifa olunub.
Bayram tədbirində həmçinin əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaradılış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə gözəl bilik yarışması - V "Uşaq Mövlud Olimpiadası"ı və IX "Mövlud olimpiadası" qaliblərinə mükafatlar təqdim edilib. Eyni zamanda Əziz İslam Peyğəmbərinin (s) mövluduna həsr olunmuş Mövlud futbol çempionatının və Mövlud tennis turnirinin qalibləri də mükafatlandırılıb.
/dəyərlər/