İmam Hadi (ə)-ın Həyatı barədə qısa məlumat
İmam Hadi (ə)-ınHəyatı barədə qısa məlumat.
Şiələrin onuncu İmamı - İmam Əliyyən-Nəqi (ə) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (ə), anası isə hörmətli Səmanə xanım olmuşdur. O, elə əvvəldən fəzilətli və təqvalı bir kəniz idi.1 Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” deyirlər.
İmam Hadi (ə) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz üç il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş və hicrətin iki yüz əlli dördüncü ilində Samirra şəhərində şəhadətə qovuşmuşdur.
İmam Əliyyən-Nəqinin (ə) həməsri olmuş xəlifələr İmam Əliyyən-Nəqi (ə) İmam olduğu müddət ərzində aşağıda adları çəkilmiş Abbasi xəlifələrinin həməsri olmuşdur:
Məmunun qardaşı Mötəsim (217–227 h.q);
Mötəsimin oğlu Vasiq (227–232 h.q);
Vasiqin qardaşı Mütəvəkkil (232–248 h.q);
Mütəvəkkilin oğlu Müntəsir (altı ay);
Müntəsirin əmisi oğlu Müstəin (248–252 h.q);
Mütəvəkkilin digər oğlu Mötəzz (252–255 h.q).
İmam Əliyyən-Nəqi (ə) adı sonuncu çəkilmiş xəlifənin (Mötəzzin) hakimiyyəti dövründə zəhərlənərək şəhid olmuş və evindəcə dəfn olunmuşdur.
İmam Əliyyən-Nəqinin (ə) dövründə siyasi-ictimai vəziyyət Abbasilər hakimiyyətinin bu mərhələsi onu digər mərhələlərdən ayıran bir sıra xüsusiyyətlərə malik olmuşdur. İndi həmin xüsusiyyətlərdən bir neçəsini oxucuların nəzərinə çatdırırıq:
1. Xilafətin əzəmət və heybətinin itməsi; İstər Əməvilərin hakimiyyəti dövründə, istərsə də Abbasilər dövründə xilafətin özünəməxsus əzəməti olmuşdur. Ancaq İmam Əliyyən-Nəqinin (ə) dövründə xilafətdə türklərin və qulların nüfuz tapmasının nəticəsi olaraq xilafət öz əzəmətini itirmiş, bu ünsürlər onu istədikləri kimi idarə edirdilər. Xəlifə yalnız simvolik bir məna daşıyırdı. Ancaq buna baxmayaraq, nə vaxt müxaliflər tərəfindən bir təhlükə hiss edilirdisə, xəlifə və bütün ətrafındakılar onu dəf etmək üçün ümumi bir razılığa gəlirdilər.
2. Saraydakıların əyləncə ilə gün keçirmələri; Abbasi xəlifələri hakimiyyətdə yaranmış boşluqdan istifadə edib kef, əyləncə,eyş-işrətlə məşğul olaraq gecə məclisləri təşkil edirdilər. Hökumət başdan-başa fəsadla dolmuşdu. Tarix onların bu əyləncələrinin hamısını qələmə almışdır.
3. Zülm, haqsızlıq və özbaşnalığın yayılması; Zülm və haqsızlığın yayılması, həmçinin, beytül-malı qarət edib əyləncə və əyyaşlığa sərf etmək camaatı cana yığmışdı.
4. Ələvi qiyamlarının artması. Abbasi xəlifələri hakimiyyətlərinin bu mərhələsində çalışırdılar ki, cəmiyyət arasında Ələvilərə qarşı nifrət yaratmaqla onları tar-mar etsinlər. Ələvilərin hər hansı bir qiyamının kiçik fəaliyyəti müşahidə edilən kimi dərhal amansızcasına onun qarşısını almağa cəhd göstərilirdi. Bunun də səbəbi o idi ki, hökumət cəmiyyətdə yaratdığı qorxuya baxmayaraq, özünü qeyri-sabit, qeyri-qanuni bilib bu kimi qiyamlardan çox qorxurdu. Ələvilərin bu müddət ərzindəki fəaliyyəti belə olmuşdur ki, onlar kiminsə adını çəkmədən camaatı Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) nəslindən seçilmiş bir nəfərin ətrafında toplaşmağa dəvət edirdilər. Çünki qiyam başçıları görürdülər ki, hərbi düşərgə sayılan Samirra şəhərində məsum İmamlar təqib olunur, belə olduğu halda, onlar müəyyən bir şəxsi (yəni hər hansı bir məsum İmamı) rəhbər təyin etməklə onun həyatını təhlükə ilə üzləşdirər və hətta ölümünə səbəb ola bilərdilər. Bu qiyamlar cəmiyyətdə yaranmış zorakılıq və özbaşınalıqların nəticəsi olub birbaşa onlarla əlaqədar olmuşdur. Məsələn, digər Abbasi xəlifələri ilə müqayisədə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinə nisbətən əlaqəsi olan və hakimiyyəti dövründə şiələr üçün heç bir təhlükə doğurmayan xəlifə Müntəsirin dövründə bir dənə də olsun belə, qiyam baş verməmişdir. Tarixçilər təkcə 219-270 hicri qəməri illəri arasında baş verən on səkkiz qiyamı qeyd etmişlər. Bu qiyamların əksəriyyəti məğlubiyyətlə nəticələnmiş və Abbasi hökuməti tərəfindən yatırılmışdır.
Qiyamların məğlubiyyətə uğramasının səbəbləri Bu qiyamların məğlubiyyətə uğramasının səbəbini bir tərəfdən qiyam başçılarının,digər tərəfdən də, qiyam başçılarının tərəfdarlarının zəif olması ilə əlaqələndirmək lazımdır. Qiyam başçılarının hazırladıqları proqramlar kamil olmadığı üçün işlərində çatışmazlıqlar olur və ən əsası isə onların qiyamı tam şəkildə İslami bir qiyam olmurdu. Buna görə də, qiyamlar çox vaxt məsum İmamların etirazı ilə üzləşməli olurdu. Düzdür, bu qiyam tərəfdarları arasında pakməramlı və əsl şiələr də var idi ki, onlar İslamın ali məqsədləri uğrunda ölümə getməyə belə, hazır idilər. Ancaq bu cür insanların sayı çox az idi və mübarizə aparanlar əsasən, müəyyən bir İslami məqsədi olmayan şəxslər idilər. Onlar məruz qaldıqları zülm və haqsızlıqlar nəticəsində narahat olub mövqelərini dəyişmək fikrinə düşür, lakin məğlubiyyət zamanı,yaxud ölüm təhlükəsində olduqlarını hiss etdikdə, öz rəhbərlərini tənha qoyub ondan uzaqlaşırdılar. Bir daha xatırladırıq ki,əgər bu qiyamların əksəriyyəti məsum İmamların etirazı ilə üzləşirdisə, onun səbəbi, ya bu qiyamların əsl İslami qiyam olmaması, qiyamçıların, yaxud qiyam başçılarının bəzi qeyri-İslami hərəkətləri olmuş, ya da onların fəaliyyətinin məğlub olacağını qabaqcadan görmək olmuşdur. Buna görə də, əgər İmam onların qiyamına razılıq versəydi,qiyamın məğlub olacağı təqdirdə şiə və İmamət məsələsinin əsası, həmçinin, şiə məzhəbinin əsas qüvvələri təhlükə qarşısında olardı.
İmam Əliyyən-Nəqinin (ə) gizli fəaliyyətləri İmam Əliyyən-Nəqinin (ə) İmaməti dövründəki Abbasi xəlifələri arasında hamıdan çox Mütəvəkkil o Həzrətlə həmzaman olmuşdur. Buna görə də, onun İmam Əliyyən-Nəqinin (ə) müqabilindəki mövqeyini araşdırmaq daha məqsədəuyğun olar.
Mütəvəkkil Bəni-Haşimə qarşı çox kobud və düşməncəsinə rəftar edirdi. O,Bəni-Haşimə qarşı daima bədgüman olmuş və onları həmişə müttəhəm etmişdir. Onun vəziri Übeydullah ibn Yəhya ibn Xaqan da, həmişə onun yanında Bəni-Haşimə qarşı töhmətlər qoşaraq onu bu tayfaya qarşı pis rəftar etməyə vadar edirdi. Mütəvəkkil Ələvilərə qarşı zülm və insafsızlıqda sanki bütün Abbasi xəlifələrini ötüb keçmişdi.1 Mütəvəkkilin Əli (ə) və onun övladlarına qarşı misli görünməmiş bir düşmənçiliyi var idi. Əgər bir nəfərin Əliyə (ə) rəğbət bəslədiyindən xəbər tutsaydı,bütün mal-dövlətini müsadirə edib özünü də öldürəcəkdi. Elə buna görə də, İmam Əliyyən-Nəqi (ə) Mütəvəkkilin hakimiyyəti dövründə öz fəaliyyətini gizli şəkildə aparır, şiələrlə münasibətdə son dərəcə ehtiyatla hərəkət edirdi. Bunu tarixçilərin aşağıda qeyd etdikləri hadisə də bir daha təsdiq edir.
Məhəmməd ibn Şərəf deyir: “Mədinədə İmam Əliyyən-Nəqi (ə) ilə birlikdə yol gedirdim. İmam buyurdu: “Sən Şərəfin oğlusan?” Dedim: ki, bəli. İstədim o Həzrətdən bir sual soruşam. İmam məni qabaqlayıb buyurdu: “Biz indi camaatın çox get-gəl etdiyi küçədəyik,bura sual yeri deyil.”
Bu hədisdən hakim qüvvələrin cəmiyyəti nə qədər çətinlikdə saxlaması və eləcə də, İmam Əliyyən-Nəqinin (ə) məcburi şəkildə gizli fəaliyyətini açıq-aşkar bəyan etməsi başa düşülür. İmam Əliyyən-Nəqi (ə) uzaq şəhər və kəndlərdə yaşayan şiələrlə də eynilə bu cür hərəkət edirdi. Onların göndərdiyi şəri vergiləri, hədiyyə və nəzirləri gizlincə qəbul edirdi. Tarix kitablarında qeyd olunmuş bu cür hadisələrdən birinə nəzər salaq:
Məhəmməd ibn Davud Qummi və Məhəmməd Təlhi deyir: “Qum və onun yaxınlıqlarından yığılmış xüms, hədiyyə və nəzirləri İmam Əliyyən-Nəqinin (ə) hüzuruna aparırdıq. Yolda o Həzrətin köndərdiyi qasid yetişib bizə xəbər verdi ki, geri qayıdaq. O bildirdi ki, indi bunları İmama (ə) təqdim etmək üçün münasib vaxt deyil. Biz geri qayıdıb bütün yükümüzü də özümüzdə saxladıq. Bir müddət keçdikdən sonra o Həzrətin əmrilə ona çatdırmaq istədiyimiz şeyləri onun öz göndərdiyi dəvələrə yükləyib sarbansız hüzuruna göndərdik. Bundan bir qədər keçdikdən sonra o Həzrətin hüzuruna getdikdə, bizə buyurdu: “Göndərdiklərinizə baxa bilərsiniz.” Biz onlara baxdıqda gördük ki, göndərdiyimiz şeylər olduğu kimi qalıb.” Düzdür, bu hadisənin İmam Əliyyən-Nəqinin (ə) Mədinədə, yoxsa Samirrada olduğu müddətdə baş verməsi məlum olmasa da (Samirrada hökumətin nəzarəti daha çox olmuşdur), ancaq bu, şiələrin İmama gizli və dövlət məmurlarından xəbərsiz əlaqələrindən bir nümunədir.
Vəkillik əlaqə vasitəsi kimi Şiə İmamlarının Abbasi xəlifələri dövründə üzləşdiyi böhranlı vəziyyət onları şiələrlə əlaqə saxlamaq üçün başqa bir vasitə axtarmağa məcbur etdi. Bu da İmamların şiələrlə əlaqə vasitəsi təşkil edib müxtəlif şəhər və kəndlərdə vəkillər və nümayəndələr təyin etməsindən ibarət olmuşdur. Bu hərəkətdən əsas məqsəd vəkillər vasitəsilə müxtəlif yerlərdən xüms, zəkat, nəzir, hədiyyə və bu kimi şeylərin yığılaraq İmama çatdırılması, həmçinin, şiələrin fiqhi və əqidəvi suallarına İmam tərəfindən cavab verilməsi və vəkillərin bu çətinlikləri siyasi nöqteyi-nəzərdən hazırkı vəziyyətlə uyuğunlaşdırması olmuşdur. İmamların fəaliyyətində bu hərəkətin böyük rolu olmuşdur. Samirra şəhərində ciddi nəzarət altına alınmış İmam Əliyyən-Nəqi (ə) atası İmam Cavadın (ə) icra etdiyi vəkil və nümayəndə təyinetmə işini davam etdirərək müxtəlif şəhər və kəndlərə vəkil və nümayəndələr təyin edirdi. Doğru yola yönəlmiş bu vəkillər yuxarıda qeyd olunmuş məqsədləri tam şəkildə təyin edirdilər.
İmam Əliyyən-Nəqi (ə) ilə şiələr arasında bilavasitə əlaqənin olmaması vəkillərin məzhəbi və siyasi rolunu gücləndirdi, belə ki, onların, işləri səliqə-səhmana salmaqda məssuliyyətləri daha da artdı. Vəkillər get-gedə şiələrin işini idarə etməkdə dəyərli təcrübələr əldə edirdilər. Bir çox tarixi faktlar göstərir ki, vəkillər müxtəlif məntəqələrə əsasən, şiələri aşağıdakı dörd qrupa bölmüşdülər:
Bağdad, Mədain və Kufə (İraq) məntəqəsi;
Bəsrə və Əhvaz məntəqəsi;
Qum və Həmədan məntəqəsi;
Hicaz, Yəmən və Misir məntəqəsi.
Bu məntəqələrin hər biri üçün xüsusi vəkil təyin edilir, onlar da özlərinə yerli əhalidən işçilər seçirdilər. Bu nümayəndəliyin fəaliyyətini İmam Əliyyən-Nəqinin (ə) nümayəndələrə verdiyi göstərişlərdə müşahidə etmək olar. Rəvayət olunmuşdur ki, İmam Əliyyən-Nəqi (ə) hicrətin iki yüz otuz ikinci ilində öz məntəqə (Bağdad) vəkili Əli ibn Bilala yazmışdır: “...Mən Əbu Əli ibn Raşidi Əli ibn Hüseyn ibn Əbdürrəbbihin yerinə vəkil təyin edirəm. Bu məsuliyyəti ona görə onun öhdəsinə qoyuram ki, o, bu iş üçün lazımi səlahiyyətə kifayət qədər malikdir. Belə ki, bu işdə heç kəs ondan üstün ola bilməz. Bilirəm ki, o məntəqənin böyüyü sənsən, buna görə də, səni bu işdən xəbərdar etmək istədim. Eyni zamanda sən də ona tabe olmalı və toplanmış şəri vergiləri ona göndərməlisən. Bütün şiələri bu işdən xəbərdar et və o, öz vəzifəsini layiqincə yerinə yetirsin deyə, onları da ona tabe olmağa və ona kömək etməyə dəvət et...”
Həmçinin, İmam Əliyyən-Nəqi (ə) Bağdad, Mədain və Kufədəki vəkilinə yazmışdır: “Ey Əyyub ibn Nuh! Mənim göstərişim sənə çatdıqdan dərhal sonra Əbu Əli ilə müxalifətçilikdən əl çək. Hər ikiniz öz məntəqənizdə öhdənizə düşən vəzifəni yerinə yetirməlisiniz. Belə olduğu halda, öz vəzifənizi mənimlə məsləhətləşmədən də yerinə yetirə bilərsiniz. Ey Əyyub, mənim göstərişimə əsasən, bundan sonra Bağdad və Mədain camaatından heç bir şeyi (şəri vergini) qəbul etmə və onlardan heç birinə mənimlə görüşməyə icazə vermə! Əgər sənin öz məsuliyyət çərçivəndən kənar olan bir şəxs sənə şəri vergi versə, ona de ki, aparıb öz məntəqə vəkilinə versin.
Ey Əbu Əli! Sənə də göstəriş verirəm ki, eynilə Əyyuba verdiyim göstərişi yerinə yetirəsən.”
İmam Əliyyən-Nəqi (ə) Əbu Əli ibn Raşidin vasitəsilə Bağdad, Mədain və Kufədəki şiələrinə də bir məktub göndərir. Məktubda deyilir: “...Mən Əbu Əli ibn Raşidi Hüseyn ibn Əbdürrəbbih və digər keçmiş vəkillərimin yerinə vəkil təyin edirəm. O, mənim yanımda artıq Hüseyn ibn Əbdürrəbbih vəzifəsini daşıyır. Şəri vergilərin toplanması baxımından digər vəkillərin də ixtiyarını ona verərək, bu işə layiq olduğuna görə onu sizin işlərinizi idarə etmək üçün təyin edirəm. Siz şəri vergilərinizi ona verin. Öz əlaqənizi əsla onunla pozmayın və ona qarşı çıxmaq fikrini başınızdan çıxarın. Allaha itaət etməyə, əmlakınızı təmizləməyə tələsin, bir-birinizin qanını tökməyin, xeyir işlərdə, təqvada bir-birinizə əl tutun. Allah rəhmətinə nail olmaq istəyirsinizsə, təqvalı olun! Hamılıqla Allahın ipindən (dinindən) yapışın və müsəlman halında ölün. Ondan (Əbu Əlidən) itaət etmək mənə itaət etmək, onun sözündən çıxmaq mənim sözümdən çıxmaq deməkdir. İşinizi elə bu cür davam etdirin, Allah da sizə xeyir verər və Öz mərhəməti sayəsində vəziyyətinizi yaxşılaşdırar. O, (Allah) həddən artıq səxavətli, bəndələrinə münasibətdə isə həddən artıq mehribandır. Biz və siz Onun himayəsi altındayıq. Bu məktubu öz xəttimlə yazıram. Sonsuz şükr və həmd təkcə Allaha məxsusdur.”
Bağdad ətrafındakı Hamiya kəndinin sakini Əli ibn Cəfər də İmam Əliyyən-Nəqinin (ə) vəkillərindən biri idi. Onun fəaliyyəti barədə Mütəvəkkilə xəbər çatmış, Mütəvəkkil onu tutaraq həbs etmişdi. Uzun müddət həbsdə qaldıqdan sonra azad olmuş, sonra da İmam Əliyyən-Nəqinin (ə) sifarişi ilə Məkkəyə gedib orada yaşamağa başlamışdır.
İmam Əliyyən-Nəqinin (ə) nümayəndələri arasında İbrahim ibn Məhəmməd Həmədaninin də adını qeyd etmək lazımdır. İmamın ona yazdığı məktubda deyilir: “Göndərdiyin şəri vergilər gəlib çatdı. Allah səndən qəbul etsin, şiələrimizdən də razı qalsın və onları dünya və Axirətdə bizimlə bir yerdə qərar versin...”
Bu məktubdan açıq-aşkar məlum olur ki, İmam, İbrahimi nümayəndə təyin etmiş və (ola bilsin ki, öz vəzifəsindən əlavə) şiələrdən toplanmış şəri vergiləri də, o Həzrətə çatdırırmış. İmam Əliyyən-Nəqi (ə) onun bu fəaliyyətini təqdirəlayiq bilib mövqeyini möhkəmlətmək üçün ona yazır: “Nəzr ibn Məhəmməd Həmədaniyə bir məktub yazıb tapşırdım ki, həm sənə e᾽tiraz etməsin, həm də sənə qarşı çıxmasın. Sənin mənim yanımda olan mövqeyini ona bildirdim. Əyyub ibn Nuh Fərraca da eynilə bu tapşırığı tapşırdım. Həmçinin, Həmədandakı şiələrimizə məktub yazıb onlara tapşırdım ki, sənə itaət etsinlər. Həm də onlara bildirdim ki, mənim o məntəqədə səndən başqa nümayəndəm yoxdur.”
Bir sözlə, nümayəndələrin apardığı fəaliyyət, xüsusən də, Mütəvəkkilin hakimiyyəti dövründəki fəaliyyətləri göz qabağındadır. Mütəvəkkil Ələvilərlə düşmənçiliyi olan şəxsləri özünə tərəf cəlb edərək onları, Ələvilərin gizli şəkildə apardığı fəaliyyətini dayandırmağa sövq edirdi. O, şiələri tutub həbs etmək məqsədilə bir sıra nizami hərəkətə əl atır və özü də bu hərəkətini çox ciddiyyətlə həyata keçirirdi. Onun bu hərəkəti İmamın Bağdad, Mədain və Kufədəki bəzi vəkillərinin ölümünə, bəzilərinin isə həbs edilməsinə gətirib çıxarır.Mütəvəkkilin bu hərəkəti vəkillik əlaqəsinə ciddi sarsıntılar varid etsə də, İmam Əliyyən-Nəqi (ə) öz gözəl təcrübələri nəticəsində bu əlaqəni daima fəal saxlayırdı.
[redaktə / تحریر] İmam Əliyyən-Nəqinin (ə) Mədinədən Samirraya gəlməsi
Mütəvəkkil İmam Əliyyən-Nəqini (ə) öz nəzarəti altına almaq üçün ata-babalarının yolunu davam etdirir, nəyin bahasına olursa olsun, fikrini o Həzrət barədə rahat etmək istəyirdi. Bundan qabaq Məmunun İmamın (ə) fəaliyyətini nəzarət altına almaqda işlətdiyi metodu müşahidə etdik. Onun İmam Cavad (ə) ilə qohumluq əlaqəsi yaratmasına baxmayaraq, o hətta Həzrətin evinin daxilində belə, onu nəzarət altında saxlaya bilmir. İmam Cavad (ə) şəhid olduqdan və İmam Əliyyən-Nəqi (ə) İmamət məqamına yetişdikdən sonra da bu planı həyata keçirməyin nə qədər lazım olduğunu həmin dövrün xəlifəsi çox yaxşı başa düşürdü. Çünki İmam Mədinədə qalıb xəlifənin nəzarətindən uzaq olsaydı, onda bu zalım hökumət üçün çox ciddi təhlükə yarada bilərdi. Buna görə də, xəlifə (Mütəvəkkil) bu təhlükə ehtimalının qarşısını almaq məqsədilə öz palnını həyata keçirməli idi. Belə ki, Mədinə hakiminin xəlifəyə verdiyi məlumat onu həddən artıq nigaran edir və nəticədə Mütəvəkkil o Həzrəti Mədinədən Samirayya gətizdirir.
Mədinə hakimi Abdullah ibn Məhəmməd Haşimi xəlifəyə göndərdiyi məktubda İmam Əliyyən-Nəqinin (ə) Mədinədə topladığı sosial baza haqqında məlumat verərək onu bərk qorxuya salır. Ancaq İmam Əliyyən-Nəqi (ə) Mütəvəkkilə bir məktub yazaraq Abdullahın dediklərinin yalan olduğunu bildirərək ondan xəlifəyə şikayət etdi. Mütəvəkkil də bir çox siyasətçilər kimi ikibaşlı bir işə əl ataraq bir tərəfdən Abdullah ibn Məhəmmədi işdən çıxarır, digər tərəfdən də öz katibinə tapşırır ki, İmam Əliyyən-Nəqiyə (ə) bir məktub yazsın. O, öz məktubu ilə zahirdə İmama olan əlaqəsini göstərmək istəyir, həqiqətdə isə məqsədi İmamı öz nəzarəti altına almaq idi. Az sonra Mütəvəkkilin İmama göstərdiyi təzyiqlər və onun üçün yaratdığı müşkülat barədə söhbət edəcəyik. Mütəvəkkilin İmama yazdığı məktub aşağıdakı məzmunda olmuşdur: “Allahın adı ilə! Şükürlər olsun Allaha ki, xəlifə səni yaxşı tanıyır, sizin şəxsiyyət və Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) olan qohumluğunuzu nəzər alır. Onun yeganə məqsədi Allahın və sizin razılığınızı cəlb etməkdir. O əmr verdi ki, sizin istəyinizə əsasən, sizə qarşı hörmətsizlik etmiş şəhərimizin ordu başçısı və İmam cüməsi Abdullah ibn Məhəmməd işdən çıxarılıb onun yerinə Məhəmməd ibn Fəzl işə təyin edilsin. Ona tapşırılmışdır ki, Allaha,Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) və Əmirəl-mömininə (Mütəvəkkilə) yaxın olmaq istəyirsə, sizə itaət edib sizə qarşı hörmətlə yanaşsın. Xəlifə (Mütəvəkkil) sizinlə əhdini təzələmək üçün sizi görmək arzusundadır. Əgər xəlifəni görmək istəyirsinizsə, öz ailə və dostlarınızla birlikdə onun yanına gələ bilərsiniz. Səfər ixtiyarı sizin öz əlinizdədir. Yolda istədiyiniz yerdə dayana bilərsiniz. İstəsəniz xəlifənin xadimi Yəhya ibn Hərsəmə sizin karvanı bura gətirib sizə qulluqçu olması ilə fəxr edər. Çünki siz bizim yanımızda böyük hörmətə maliksiziniz. Biz də öz növbəmizdə sizə böyük ehtiramla yanaşarıq. Vəs-səlamu əleykum və rəhmətullahi və bərəkatuh.”
Şübhəsiz ki, İmam Əliyyən-Nəqi (ə) Mütəvəkkilin fikrindəki pis məqsəddən xəbərdar idi. Ancaq Samirraya getməkdən başqa çarəsi yox idi. Çünki Mütəvəkkilin dəvətini qəbul etməmək o Həzrətdən şikayət edənlər üçün qəti bir sübut ola bilər, eyni zamanda Mütəvəkkili daha da qəzəbləndirib o Həzrətə daha artıq təzyiqlər göstərməsi üçün bir bəhanə ola bilərdi. İmam Əliyyən-Nəqinin (ə) sonralar Samirrada buyurduğu “Məni Mədinədən güclə Samirraya gətirdilər” cümləsi o Həzrətin Mütəvəkkilin məqsədindən xəbərdar olduğuna və məcburiyyət qarşısında qalaraq bu səfərə çıxdığına bir sübutdur. Bir sözlə, İmam Əliyyən-Nəqi (ə) Mütəvəkkilin o Həzrəti Samirraya dəvət etməsi məktubunu aldıqdan sonra Yəhya ibn Hərsəmə ilə Samirraya getməli olur.
Mütəvəkkilin köməkçilərinin xəbərdarlığı İmam Əliyyən-Nəqini (ə) Mədinədən Samirraya gətirilməsi məsələsini öhdəsinə götürmüş Yəhya ibn Hərsəmə bu hadisəni belə izah edir: “Mədinəyə gəlib Əliyyən-Nəqinin (ə) evinə getdim. Onun evinə getdikdən və camaat onun Samirraya cəlb edilməsi xəbərini eşitdikdən sonra şəhərdə bərk çaxnaşma düşdü. Camaat elə səs-küy saldı ki, o günə qədər o cür səs-küy eşitməmişdim. Mən əvvəl onları sakitləşdirmək üçün and-aman edib dedim ki, arada heç bir pis fikir yoxdur, mən heç də ona əziyyət etmək üçün bura gəlməmişəm. Sonra isə onun evini axtarmağa başladım. Onun özünəməxsus otağında bir neçə Quran və dua kitabından başqa heç bir şey yox idi. Bir neçə məmur onu evdən çıxartdı, özüm isə onun evdən Samirraya qədər xidmətində durdum. Bağdada gəldikdə ilk növbədə şəhər başçısı İshaq ibn İbrahim Tahiri ilə qarşılaşdım. O, mənə dedi: “Yəhya, bu ağa Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) övladıdır, Mütəvəkkili onu öldürməyə cəlb etsən, bil ki, sənin düşmənin məhz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) olacaqdır.” Onun cavabında dedim: “Allaha and olsun ki, mən bu vaxta qədər ondan bir pislik görməmişəm ki, Mütəvəkkili onu öldürməyə cəlb edəm.” (Sonra Samirraya tərəf hərəkət etdim.) Samirraya gəldikdən sonra hadisəni türk Vasifə danışdım. O da mənə dedi ki, əgər onun başından bir tük əskik olsa, sən cavabdehsən. İshaq ibn İbrahim və türk Vasifin sözlərindən çox təəccübləndim, Mütəvəkkilin sarayına daxil olub ona təzim etdikdən sonra gördüm ki, xəlifə də ona çox hörmətlə yanaşır.
İmam Əliyyən-Nəqinin (ə) Samirraya gəlişi Mütəvəkkilin göstərişinə əsasən, İmam Əliyyən-Nəqinin (ə) Samirraya gəlişi üçün təyin edilmiş gün, o Həzrət üçün hələ yer hazırlanmaması bəhanəsi ilə təxirə salınır və o Həzrət bir gecə “Xanus-səvalik” (kimsəsizlər karvansarası) adlanan bir yerdə qalmalı olur. Bu hərəkətdən məqsəd siyasi baxımdan bir növ İmamı zəhmətə salaraq təhqir etmək olmuşdur. Səhəri gün o Həzrət üçün bir ev təyin olunur. Bundan sonra İmam həmin evdə qalmağa başlayır. İmam Əliyyən-Nəqi (ə) bu şəhərdə zahirdə azad olsa da, əslində elə bil ki, həbsdə saxlanılırdı. Çünki o Həzrətin qaldığı yer, onun yanına gəlib-gedənlər və bütün işləri daima nəzarət altında idi.
Məsihi həkimi və Bəxtişuyun şagirdi Yəzdad, İmam Əliyyən-Nəqinin (ə) güclə Samirraya gətirilməsinə işarə edərək deyir: “Əgər qeyb aləmindən xəbəri olan bir nəfər varsa, o da məhz odur (İmam Hadidir). Onu bura gətizdirməkdə məqsəd camaatın ona tərəf meyl etməsinin qarşısını almaqdır. Çünki onun olması ilə öz hakimiyyətlərini təhlükə altında görürdülər.”
Mütəvəkkilin İmam Əliyyən-Nəqinin (ə) camaat arasında olan mənəvi nüfuzundan qorxmasını o Həzrətin qalması üçün təyin edilmiş yaşayış yerindən başa düşmək olar. Mütəvəkkilin o Həzrəti bu qədər nəzarət altında saxlamasına baxmayaraq, yenə də onu öz hökuməti üçün ciddi bir təhlükə hesab edir və qorxurdu ki, İmamın dost və tərəfdarları onunla gizli əlaqə saxlayıb hökumət əleyhinə qiyam planı hazırlayaraq bu işi həyata keçirmək üçün pul və silah toplayıb camaatı da bu işə cəlb edərlər. Xəlifənin ərtafında olanlar da, bəzi vaxtlar onu İmamın və dostlarının qiyam ehtimalından xəbərdar edirdilər. Buna görə də, Mütəvəkkil vaxtaşırı İmamın evini yoxlatdırır, axtarış aparanların hər dəfə əliboş qayıtmalarına baxmayaraq, Mütəvəkkil yenə də nigaran idi və qorxu içərisində yaşayırdı. İndi gəlin həmin məqamlardan birini nəzərdən keçirək.
Şərab məclisi bir-birinə dəyir Bir dəfə yenə İmam Əliyyən-Nəqi əleyhissəlamdan Mütəvəkkilə yalandan şikayət edərək deyirlər ki, o, evində qiyam qaldırmaq məqsədi ilə Qum şəhərinin şiələrinin göndərdikləri silah, məktub və başqa əşyalar saxlayır. Mütəvəkkil o Həzrətin evini yoxlamaq üçün bir neçə nəfəri axtarış üçün oraya göndərir. Onlar gecə vaxtı İmamın evinə hücum çəkib evi axtarsalar da, bir şey tapa bilmirlər. İmamın isə qapısı bağlı bir otaqda yun paltar geyib boş torpaq üzərində oturub Allaha ibadət etməsini, Quran oxumasını görürlər. İmamı elə həmin vəziyyətdə Mütəvəkkilin yanına gətirib deyirlər: “Onun evindən heç nə tapa bilməyib özünü isə üzü qibləyə oturub Quran oxuyan gördük.” Mütəvəkkil İmamı görcək o Həzrətin əzəmət və heybətindən özünü itirib ixtiyarsız olaraq o Həzrətə qarşı hörmətlə rəftar etməyə başlayır və onu öz yanında otuzdurur. Şərab dolu piyaləni İmama uzatdıqda, o Həzrət buyurur ki, mənim ətim və qanım buna qatışmamışdır, məni üzürlü say. Mütəvəkkil piyaləni geri çəkib dedi: “Onda bir şer de!” İmam buyurdu: “Mən çox az şer bilirəm.” Mütəvəkkil dedi: “Mütləq bir şer oxumalısan”. İmam Əliyyən-Nəqi (ə) çarəsiz qalıb aşağıdakı məzmunda bir şer oxudu: “Qüdrətli kişilər (zalım hakimləri) qoruduğu halda, onlar yüksək dağ qüllələrində gecələri sübhə qatıblar, lakin o qüllələr onları (ölümdən) qurtara bilmədi. Onlar bir müddət yüksək vəzifədə qaldıqdan sonra nəhayət, yerləri qəbirlər oldu. Nə pis mənzil tutdular! Torpağa basdırıldıqdan sonra bir nida gəldi ki, hanı o bilərziklər, hanı o taclar, hanı o xələtlər? Hanı naz-nemət içində olmuş, hörmət əlaməti olaraq otaqlarına pərdələr çəkilmiş simalar? Qəbir onların əvəzinə cavab verər ki, indi qurd-quş həmin simaları didib-dağıtmaq üstə bir-birini qırır. Onlar dünyada uzun müddət yeyib-içdilər, ancaq bu qədər yeyib-içmələrinə baxmayaraq indi özləri qurd-quşa yem olmuşlar. Onlar özlərinə təm-təraqlı evlər tikib ölümdən uzaq olmaq istəyirdilər, ancaq bir müddət keçdikdən sonra həmin evləri ailələri ilə birlikdə tərk edib qəbir evinə gedəsi oldular. Çoxlu mal-dövlət toplamışdılar, ancaq onlardan ayrılıb hamısını düşmənləri üçün saxladılar. Onlar abad ev-eşikləri, sarayları xarabalıqlara çevirərək zülmət qəbirlərə getdilər.”
İmam Əliyyən-Nəqinin (ə) bu sözünün təsirindən Mütəvəkkil elə ağlayır ki, saqqalı tamamilə islanır. Məclisdə oturanlar da ağlayırlar. Mütəvəkkil əmr edir ki, içki (şərab) məclisini yığışdırsınlar. İmama isə dörd min dirhəm pul verərək hörmətlə evinə qaytarır.1
İmam Əliyyən-Nəqi (ə) Mütəvəkkilin zindanında Mütəvəkkilin qəlbində İmam Əliyyən-Nəqiyə (ə) qarşı böyük kin-küdurət var idi və həmişə o Həzrəti incitmək fikrində olmuşdur. İmamın Samirrada olması həqiqətdə onun zindanda qalması demək idi. Çünki o Həzrət Mədinədən Samirraya gəldiyi ilk vaxtlarda Mütəvəkkil onu həbs edir. Səqər ibn Əbu Dələf deyir: “İmam Əliyyən-Nəqi (ə) Samirraya gətirildikdən sonra onun əhvalından xəbər tutmaq üçün yanına getdim. Mütəvəkkilin qapıçısı Zərrafi məni görüb dedi ki, gəl içəri. İçəri keçdikdən sonra məndən soruşdu ki, nə üçün gəlmisən? Dedim ki, xeyirdir. Dedi: “Otur.” Oturdum, ancaq yaman qorxuya düşdüm və fikrə gedərək özlüyümdə dedim ki, səhv eləmişəm (ki, belə bir təhlükəli işə əl atıb İmamın görüşünə gəlmişəm).
Zərrafi camaatın işini həll edib oradakıları yola saldı. Ara sakitləşdikdən sonra məndən soruşdu ki, nə üçün gəlmisən, işin nədir?
Dedim: Xeyir iş üçün gəlmişəm.
— Yoxsa öz ağandan xəbər tutmağa gəlmisən?
— Ağam kimdir? Mənim ağam xəlifədir.
— Sus, həqiqət sənin ağanladır. Qorxma, mən də səninlə həmfikirəm və onu İmam bilirəm.
(Bunu eşitcək) Allaha şükr etdim. Sonra o mənə dedi: “Onu görmək istəyirsən?” Dedim ki, bəli. Dedi ki, bir az otur, qoy qasid getsin. Qasid getdikdən sonra məni xadiminə göstərərək dedi: “Bunu Əliyyən-Nəqinin (ə) saxlanıldığı otağa apar, özün isə qayıt.”
İmamın hüzuruna yetişdikdə, gördüm ki, o Həzrət bir həsirin üstündə oturub, qarşısında isə bir qəbir qazılmışdır. Salam verdim. Buyurdu ki,əyləş. Oturduqdan sonra məndən soruşdu ki, nə üçün gəlmisən? Dedim ki, gəlmişəm sizdən bir xəbər tutam. Sonra qəbrə baxıb ağladım. İmam buyurdu: “Ağlama, bu çətinlikdən mənə bir zərər dəyməz.” Allaha şükr etdim. Sonra o Həzrətdən bir hədisin mənası barədə soruşdum. İmam cavabımı verdikdən sonra buyurdu: “Bəsdir, dur get, qorxuram sənə bir zərər dəyə!”
Bu hadisə bir tərəfdən Mütəvəkkilin İmam Əliyyən-Nəqiyə (ə) qarşı təzyiqlərinin nə qədər ciddi və ağır olduğunu, digər tərəfdən isə İmamın hətta xəlifənin xüsusi və ən yaxın adamlarının da yanında nüfuz tapmasını çatdırır. Mütəvəkkil ömrünün son günlərində öz xadimi Səid ibn Hacibə əmr edir ki, İmamı öldürsün, ancaq İmam Əliyyən-Nəqi (ə) buyurur ki, iki gün keçməz Mütəvəkkili öldürərlər. Həqiqətən də, elə bu cür oldu.
Mütəvəkkilin şiələrə qarşı təzyiq və cinayətləri
Mütəvəkkil Abbasi xəlifələri arasında ən çox cinayət törədənlərdən biri olmuşdur. O, Həzrət Əli (ə), onun ailə və şiələrinə qarşı ürəyində həddən artıq kin-küdurət bəsləyirdi. Onun hakimiyyət dövrü şiə və Ələvilər üçün ən pis dövrlərdən biri sayılır. Mütəvəkkilin törətdiyi bütün cinayətləri qeyd edə bilməyəcəyimizi nəzərə alaraq məcbur olub bəzi cinayətlərinə qısaca da olsa, işarə edirik.
1)–Mütəvəkkilin hakimiyyəti dövründə Ələvilərdən bəzisi ya həbs edildi, ya da axtarışda oldu. Buna misal olaraq (İmam Həsənin (ə) nəvələrindən olmuş) Məhəmməd ibn Saleh və (Təbəristanda qiyam qaldırmış Həsən ibn Zeydin təbliğçilərindən olan) Məhəmməd ibn Cəfərin adını qeyd etmək olar.
2)–Mütəvəkkil hicrətin iki yüz otuz altıncı ilində əmr verir ki,şəhidlər ağası İmam Hüseynin (ə) məqbərəsi və onun ətrafında olan binalar (tikililər) sökülərək əkin sahəsinə çevrilsin. Eyni zamanda o Həzrətin ziyarətinin qarşısını almaq məqsədilə, o yaxınlıqda gözətçilər saxlanılsın.
İmam Hüseynin (ə) qəbrini heç bir müsəlman sökməyə hazır olmadığı üçün bu işi əsli yəhudi olan Dizəc adlı bir şəxs yerinə yetirir. Mütəvəkkil İmam Hüseynin (ə) qəbrinin ziyarət edilməsini qadağan edərək bildirir ki, əgər bir nəfər ora ziyarətə gedərsə, mütləq cəzalandırılacaq. O qorxurdu ki, İmam Hüseynin (ə) məqbərəsi hökumət əleyhinə bir qərargaha çevrilib o Həzrətin şəhadəti xilafətin zülmlərinə qarşı yönəldilmiş qiyamlara ilham bağışlasın. Ancaq o Həzrətin şiə və dostları (o Həzrəti sevənlər) bir an olsun belə, o müqəddəs qəbrin ziyarətindən qalmır və min bir müsibətə,əzab-əziyyətə qatlaşaraq yenə oranı ziyarət etməyə gedirdilər. Mütəvəkkilin ölümündən sonra şiələr yenə əl-ələ verib İmam Hüseynin (ə) məqbərəsini yenidən bərpa etdilər.
İmam Hüseynin (ə) məqbərəsinin sökülməsi müsəlmanları bərk qəzəbləndirdi. Bağdad əhalisi bütün küçələrə, divarlara, məscidlərə Mütəvəkkilin əleyhinə şüarlar yazmağa, mübariz şairlər isə onun əleyhinə şerlər yazaraq onu tənqid etməyə başlayırlar. Bu şerlərdən birinin məzmununu sizin nəzərinizə çatdırırıq: “And olsun Allaha ki,əgər Bəni-Üməyyə öz Peyğəmbərinin (səlləllahu əleyhi və alihi və səlləm) qızının oğlunu (yəni nəvəsi İmam Hüseyn əleyhissəlamı) zülm nəticəsində şəhid etmişsə, indi onun atasının nəslindən olanlar (Bəni-Abbas) Bəni-Üməyyənin cinayəti kimi bir cinayət törətmişlər. Bu, öz canıma and olsun ki, Bəni-Abbas tərəfindən uçurulmuş Hüseynin (ə) qəbridir. Onlar İmam Hüseynin (ə) qətlində iştirak etmədikləri üçün təəssüflənir, ona görə də, indi onun qəbrinə təcavüz etməklə onun sümüklərinə daraşmışlar.”
3)Mütəvəkkil öz hakimiyyəti dövründə İbn Səkkit kimi İslam aləminin böyük şəxsiyyətini və Əhli-beytə (əleyhimussəlam) sadiq olan bir sıra şəxsləri qətlə yetirmişdir. İbn Səkkit İmam Cavad (ə) ilə İmam Əliyyən-Nəqinin (ə) vəfalı dostlarından, tanınmış şiə ədib və şairlərindən biri olmuş, lakin Mütəvəkkil onu, Əlinin (ə) tərəfdarı olduğu üçün qətlə yetirmişdir. Bir gün Mütəvəkkil öz iki oğluna işarə edərək İbn Səkkitdən soruşur: “Sənin üçün mənim bu iki oğlum daha sevimlidir, yoxsa Həsən (ə) və Hüseyn (ə)?” Bu yersiz müqayisədən bərk əsəbləşən və qanı cuşa gələn ibn Səkkit dayanmadan deyir: “Allaha and olsun ki, mənim nəzdimdə Əlinin (ə) nökəri Qənbər də, səndən və bu iki oğlundan üstündür.” Öz qüdrət və imakanatına, öz nəfsinə uymuş Mütəvəkkil əmr edib onun dilini çıxartdırır.
4)Xətib Bağdadi Mütəvəkkilin Əhli-beyt (əleyhimussəlam) tərəfdarlarına verdiyi işkəncələrə işarə edərək yazır: “Mütəvəkkil Nəsr ibn Əli Cəhzəmiyə Həzrət Əli (ə), xanım Zəhra (səlamullahi əleyha), İmam Həsən (ə) və İmam Hüseynin (ə) fəzilətinə dair bir hədis dediyinə görə min şallaq vurdurur. Bununla da, ondan əl çəkmir, axırda onun sünni olduğu barədə şəhadət verib Mütəvəkkilin əlindən qurtarırlar.
5)Mütəvəkkil öz mənliyini satmış şairlərə külli miqdarda pul verib onları Abbasi hökumətinin qanuni hökumət olması barədə və eləcə də, Əhli-beyt (əleyhimussəlam) əleyhinə şerlər yazmağa məcbur edirdi.
6)Mütəvəkkil Şakiriyyə adlı yerdə yeni ordu təşkil edərkən əsasən Suriya, Əlcəzair, Cəbəl, Hicaz və Ənbada Ələvilərin ziddinə ad çıxarmış şəxslərdən istifadə edir.
7)Mütəvəkkil Misir hakiminə əmr edir ki, Misirdə olan bütün Ələviləri İraqa sürgün etsin. Misir hakimi də onun əmrini yerinə yetirir. Sonra isə Mütəvəkkil onların hamısını hicrətin 236-cı ilində Mədinəyə köçürür.
8)–Mütəvəkkil idarələrdə işləyən bütün şiələri işdən çıxartmaqla onların camaatın yanındakı mövqeyini zəiflədirdi. Misal üçün İshaq ibn İbrahimin işdən çıxarılmasını qeyd etmək olar. Mütəvəkkil onu şiə olmasına görə Cəbəl vilayətindəki Samirra və Seyrəvan şəhərlərinin hakimliyindən çıxarır. Bir çox başqa şəxslər də, bu səbəbə görə öz mövqelərini itirməli oldular. Mütəvəkkil bu cür hərəkətləri ilə öz hökumətinə qarşı şiələr tərəfindən ehtimal verilən hər hansı bir hərəkatın qarşısını alsa da, ancaq onların gizli fəaliyyətlərini dayandıra bilmədi. Bundan öncə də qeyd etdiyimiz kimi, tarix göstərir ki, İmam Əliyyən-Nəqi (ə) öz şiələri ilə gizli əlaqə saxlayırmış.
Şiələrə qarşı iqtisadi çətinlik Mütəvəkkil şiələri zəiflədib onların mübariz qüvvələrini aradan götürmək üçün onlara qarşı iqtisadi təzyiq siyasətini işə salır. Şiələr o vaxta qədər hələ bu cür iqtisadi çətinliklə üzləşməmişdilər. Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra şiələr daima iqtisadi çətinlik içərisində olmuşlar. Bu sahədə siyasi məqsəd daşıyan və əsas məqsədi Əlinin (ə) və Bəni-Haşimin iqtisadi mövqeyini zəiflətmək olan, Fədəyin Həzrət Zəhradan (səlamullahi əleyha) alınmasından başqa, İslam tarixində bir çox hallara da təsadüf olunur. Bunlardan biri də, Müaviyənin şiələrə, xüsusən də, Bəni-Haşimə qarşı işlətdiyi siyasət olmuşdur. Müaviyənin İmam Hüseyndən (ə) Yezid üçün beyət alması məqsədilə irəli sürdüyü siyasətlərdən biri, özünün Mədinəyə səfəri zamanı (başqalarından fərqli olaraq) beytül-maldan Bəni-Haşimdən olanlara heç bir hədiyyə verməməsi olmuşdur. Onun bu işdən məqsədi o olmuşdur ki, bəlkə İmam Hüseyni (ə) maddi çətinliyə salıb beyət etməyə məcbur edə.Başqa bir nümunə isə (ikinci Abbasi xəlifəsi) Mənsur Dəvaniqinin iqtisadi təzyiqi olmuşdur. Mənsur camaatı acından qırmaq, cəmiyyəti müflisləşdirmək proqramını çox geniş miqyasda icra edirdi. Onun isə bu işdən məqsədi, camaatın ac qalaraq ona tabe olması, ona göz dikməsi, bunun da nəticəsində, həmişə öz qarınlarını doyuzdurmaq fikrində olub böyük ictimai məsələlər haqqında düşünməyə macal tapmaması olmuşdur. O, bir dəfə saray adamlarının toplaşdığı məclisdə yürütdüyü bu siyasətə işarə edərək demişdir: “Öz itini ac saxla, qoy həmişə çörək üçün sənin ardınca düşsün.” Bu ifadə eyni zamanda müsəlman millətinin Bəni-Abbasın gözündə nə qədər aşağı səviyyədə olduğunu göstərir. Bu iqtisadi çətinlikdə şiə və Ələvilər daha çox təzyiqə məruz qalmışlar. Çünki onlar zalım xəlifələrə qarşı yönəldilmiş hərəkatın önündə dururdular. Harun ər-Rəşidin hakimiyyəti dövrü də, bu işdə istisna edilmir. Çünki o da müsəlmanların beytül-malını qəsb edərək onu kef, əyləncə və eyş-işrət məclislərinə sərf etməklə şiələri öz hüquqlarından məhrum edir və bu vasitə ilə onların mübariz qüvvələrini zəiflədirdi. Deməli, şiələr bu cür çətinliklərlə əvvəldən tanış olmuş, ancaq bundan əvvəl qeyd etdiyimiz kimi, Mütəvəkkilin dövründəki iqtisadi çətinlik daha geniş olmuş və aşağıdakı cəhətlərinə görə digər dövrlərdən fərqlənmişdir:
1)Mütəvəkkil şiələrə qarşı o qədər maddi təzyiq göstərir ki,deyilənlərə görə Mədinə şəhərindəki Ələvi qadınların namaz qılmağa bir yaxşı paltarları olmamış,əyinlərindəki bir ədəd köhnə paltarı növbə ilə geyib namaz qılardılar. Onlar Mütəvəkkil ölənə qədər bu cür çətinlik içərisində olmuşlar.
2)Mütəvəkkil Ömər ibn Fərəc Rüxxəcini Məkkə və Mədinə şəhərlərinə hakim təyin edir. O, camaatı Əlinin (ə) nəslindən olanlara (Ələvilərə) kömək etməkdən, əl tutmaqdan çəkindirərək bu işə elə diqqət yetirirdi ki, camaat canlarının qorxusundan onlara kömək etməkdən əl çəkir və nəticədə onların vəziyyəti çox acınacaqlı hala düşürdü.
3)Mütəvəkkil Ələvilərin mülkü olan Fədəyi müsadirə edir. Rəvayətdə qeyd olunmuşdur ki, o vaxt Fədəyin gəliri iyirmi dörd min dinara çatırmış. Mütəvəkkil onu öz dostlarından olan Abdullah ibn Ömər Bazyara bağışlayır.
4)Mütəvəkkil Misir hakiminə Ələvilərlə aşağıdakı şərtlər əsasında davranmağı əmr edir:
a)Ələvilərdən heç birinə mülk verilməsin, həmçinin, onlara ata minmək və Fustat şəhərindən digər şəhərlərə getmək qadağan edilsin.
b)Ələvilərdən heç birinə bir nəfərdən artıq qul saxlamaq icazəsi verilməsin.
v) Bir Ələvi ilə qeyri-Ələvi mübahisə edərsə, hakim ilk növbədə qeyri-Ələvinin şikayətinə qulaq assın və Ələvinin şikayətini isə heç dinləmədən onun əleyhinə hökm versin.
Zinətli saray və məclislər
Şiələrə qarşı yönəldilmiş bu çətinliklərlə yanaşı, Mütəvəkkil beytül-malı qəsb edərək zinətli və əzəmətli saraylar tikdirməkdə, kef məclisləri təşkil etməkdə həddini aşmışdı. O, çoxlu saraylar tikdirir və onların tikintisinə külli miqdarda pul sərf edirdi. Buna misal olaraq, Şah, Gəlin, Şəbdaz, Bədi, Qərib və Bürc saraylarını nümunə göstərmək olar. Təkcə Bürc sarayının tikilməsi üçün o, bir milyon yeddi yüz min dinar pul xərcləmişdi. Həmçinin sarayların ən böyük və qəşənglərindən biri olan, Burkuva adı ilə məşhur olmuş sarayın tikilməsi üçün iyirmi milyon dirhəm pul xərcləmişdi. Eləcə də, əyləncə məqsədi ilə tikdirilmiş Cəfəri, Məlih, Qərv, Muxtar və Heyr saraylarının da hər biri milyonlarla dirhəmə başa gəlmişdi. Tarixçilər bunların hamısını qələmə almışlar.
Mütəvəkkil, oğlu Abdullah əl-Mötəzzi sünnət etdirmək istəyərkən, həddən artıq çox və ağılasığmaz miqdarda pul xərcləyir. Tarixçilər bu barədə çox geniş məlumat vermişlər. Nümunə üçün indi bu məqamlardan bəzilərinə nəzər salaq.
Uzunluğu yüz dirsək, eni isə əlli dirsək olan eyvan üçün həmin ölçüdə bir xalça hazırlanmış, qonaqlar üçün qızıldan hazırlanıb ləl-cəvahirlə bəzədilmiş dörd min stul düzülür. Mütəvəkkilin əmrilə camaatın başına səpmək üçün ayrılmış iyirmi milyon dirhəm pulu qadın, xadim və kənarda oturanların, üzərində şənlik və sünnət məclisinin şəkli döyülmüş bir milyon dirhəm isə bərbər, dəllək və xüsusi xidmətçilərin başına səpilir. Həmin gün Mötəzzi sünnət edən dəlləkdən soruşurlar ki, nahara qədər nə qədər pul yığmısan? O cavab verir ki, zinətli əşya, ləl-cavahir və üzükdən əlavə, səksən neçə min dinar pul qazanmışam.
Sünnət məclisinin bütün hesabatını Mütəvəkkilə verdikdə, səksən altı milyon dirhəmə çatmışdı.
Bunlar Mütəvəkkilin beytül-maldan boş yerə və kef məclislərinə xərclədiyi pullardan bir qismidir. Onun bütün kef məclislərini şərh etmək isə bu qısa bəhsimizə sığmaz. Əlavə olaraq bir məqama da işarə edək. Süyuti yazır: “Mütəvəkkilin sarayda dörd min kənizi olmuş və o, onların hamısı ilə əlaqədə olmuşdur.” Görkəmli tarixçi Məsudi isə belə yazır: “Mütəvəkkilin hakimiyyəti dövründəki kimi heç vaxt pul xərclənməmişdi.”
Tarixi bir sənəd
Ali-Bəviyyənin həməsri olmuş görkəmli yazıçı Əbu Bəkr Xarəzmi (vəfatı 383 ya da 393 h.q) Abbasilərin şiələrə qarşı təzyiqləri və şiələrin məzlumluğuna dair yazdığı bir məktubda Mütəvəkkilin törətdiyi cinayətlərə toxunaraq bu biabırçı şənlik barəsində də, qeyd etmişdir. O deyir: “Hidayət rəhbərlərindən biri, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsindən olan bir şəxs vəfat etdikdə, heç kəs onun dəfninə gəlmir və qəbri də (bir dəfə də olsun) ağardılmır. Ancaq Bəni-Abbasın bir təlxəyi öldükdə, bütün qazılar, hakimlər onun dəfninə gəlir, onun üçün əza məclisləri qururlar. Dəhrilər (dünyaya inanlar) və yunan filosofları onların şərrindən uzaqdırlar. Onlar (Bəni-Abbas) şiə bildikləri hər hansı bir şəxsi qətlə yetirir və oğlunun adını Əli qoymuş adamın qanını tökürlər. Şiə şairi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) canişini barədə şer dedikdə dilini kəsir, şerlər divanını cırıb tullayırlar. Harun və Cəfər Mütəvəkkil, Əlinin (ə) övladlarını söyən Abdullah ibn Müsəb Zübeyr, Vəhəb ibn Vəhəb Buxturi, Mərvan ibn Həfsə Əməvi,Əbdülməlik ibn Qüreyb Əsməi və Bukkar ibn Abdullah kimi adamlara mükafat verirdi. Min ay (Bəni-Abbasın hakimiyyətdə olduğu müddətdə) Həzrət Əliyə (ə) nalayiq sözlər dedilər, ancaq biz bir an olsun belə, onun nəsihətinə şəkk etmədik.
Ələviləri yeməkdən məhrum edir, ancaq Misir, Əhvaz, Hicaz, Məkkə və Mədinənin bütün gəlirləri İbn Əbu Məryəm Mədəni, İbrahim Museli, İbn Cami Səhmi, Zəlzəl Zarib və Bərsuma Zamir kimi çalıb-oxuyanlara sərf olunurdu. Mütəvəkkilin on iki min kənizi, ancaq Əhli-beyt seyyidlərinin yalnız bircə zənci kənizi olmuşdur. Bütün xərac vergiləri təlxəklərə, sünnət məclislərinə, it və meymun oynadanlara, Məxariq və Ələviyyə kimi xanəndələrə, Zərzər və Əmr ibn Banə kimi aktyorlara xərclənirdi. Fatimə (səlamullahi əleyha) övladlarına bir tikə çörək və bir içim suyu çox bilirdilər. Hansı ki, onlara xüms halal, sədəqə isə haram edilmiş və onları sevib hörmətlərini saxlamaq vacib buyurulmuşdur. Onlar kasıblığın şiddətindən az qala ölsünlər. Biri qılıncını girov qoyur,digəri isə paltarını satırdı. Onların günahı babalarının Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm),atalarının Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) canişini, analarının Fatimə (səlamullahi əleyha), analarının anasının Xədicə (səlamullahi əleyha),əqidələrinin Allaha imanlı və yol göstəricilərinin Quran olmasıdır. İmam Hüseynin (ə) məqbərəsini yerlə yeksan edib şumlayanlar, o Həzrətin qəbrini ziyarət edənləri (ucqar) şəhərlərə sürgün edənlər barədə mən nə deyim?...”
Mütəvəkkilin öldürülməsi və Müntəsirin hakimiyyətə gəlişi
Nəhayət, Mütəvəkkil bir gecə sarayda əyləncə məclisində məst olub qaldığı halda, oğlu Müntəsirin çoxdankı planı əsasında türklərin həmkarlığı ilə vəziri Fəth ibn Xəqanla birlikdə (hicrətin iki yüz qırx yeddinci ili şəvval ayında) qətlə yetirildikdən sonra Müntəsir hakimiyyətə gəlir.
Mütəvəkkilin qətlə yetirilməsi aşağıdakı plan əsasında qurulmuşdu. Onun Übbadə Müxənnəs adlı bir şərab dostu var idi. Saçı tökülüb keçəl qalmış Übbadə, Mütəvəkkilin məclisində paltarının altında qarnına balış bağlayıb onun qarşısında rəqs edərdi. Xanəndələr isə hamı bir səslə “bu keçəl kişi gəlib müsəlmanların xəlifəsi olmaq istəyir” - deyə səs-səsə verirdilər. Bu işlə onlar Həzrət Əliyə (ə) işarə edərək onu təhqir edirdilər. Mütəvəkkil isə şərab içərək sərxoş halda gülürdü. Günlərin birində Übbadə yenə də həmişəki kimi təlxəklik ilə məşğul olarkən, Müntəsir də orada idi. O, bu hadisəni görüb narahat oldu və işarə ilə Übbadəni təhdid etdi. Übbadə qorxusundan sakit oldu. Mütəvəkkil soruşdu: “Nə olub?” Übbadə qalxıb hadisəni olduğu kimi danışdı. Bu vaxt Müntəsir ayağa qalxıb dedi: “Ey Əmirəl-möminin! Übbadə oynunu çıxardığı və camaatı ona güldürdüyü şəxs sənin əmioğlun, sənin nəslinin böyüyü və sənin fəxrindir. Özün onun qanını içirsənsə, iç,ancaq bunun kimi itlərə onun qanını içməyə icazə vermə!” Mütəvəkkil istehza ilə xanəndələrə deyir ki, hamı birlikdə aşağıdakı məzmundakı şeri oxusunlar: “Bu gənc əmioğlusundan ötrü qeyrətə gəlmişdir. Bu gəncin başı anasının ... olsun.” Bu hadisədən sonra Müntəsir çoxdan hazırladığı planı türklərin köməkliyi ilə həyata keçirərək atasını qətlə yetirir.
Müntəsir atasından fərqli olaraq Əli (ə) və onun övladlarına olan məhəbbətini aşkar edərək camaata İmam Hüseynin (ə) qəbrinin ziyarətinə getməyə icazə verir və atasının hakimiyyəti dövründə qorxu içərisində yaşayan Ələvilərə aman verir. Üstəlik o, daha üç gözəl addım atır:
1) Fədəyi Ələvilərə qaytarır.
2) Ələvilərə vəqf olunmuşları özlərinə qaytarır.
3) Mədinə valisi Saleh ibn Əlini Bəni-Haşim tayfasından olanlarla pis rəftar etdiyinə görə işdən çıxardır, onun yerinə Əli ibn Hüseyni bu vəzifəyə təyin edərək ona Bəni-Haşimə qarşı hörmətlə rəftar etməyi tövsiyə edir. Lakin Müntəsirin hakimiyyət dövrü qısa müddətli olduğu üçün ondan sonra yenə də çətinliklər başlayır.
İmam Əliyyən-Nəqi (ə) saray fəqihləri ilə üz-üzə
Abbasi xəlifələrinin əsas siyasəti camaatın diqqətini saray fəqihlərinə (alimlərinə) cəlb etmək və onların verdiyi fətvaları rəsmi fətva elan etmək olsa da, lakin İmam Əliyyən-Nəqi (ə) Samirrada olduğu müddət ərzində neçə dəfə saray fəqihləri arasında fətva müxtəlifliyi baş verməsi nəticəsində onlar məcbur olub İmama müraciət etmiş, o Həzrət isə öz İmamət elmi sayəsində aydın sübutlarla məsələnin həqiqətini üzə çıxarmış və nəticədə saray fəqih və alimləri o Həzrətin elmi qarşısında baş əyməli olmuşlar. İndi bu cür məqamlardan ikisini oxucuların diqqətinə çatdırırıq.
1. Zina etmiş məsihinin cəzası
Bir gün müsəlman qadınla zina etmiş məsihi bir kişini Mütəvəkkilin hüzuruna gətirirlər. Mütəvəkkil onun üzərində şəri hədd icra etmək istəyir. Lakin məsihi dönüb müsəlman olur. Baş qazı Yəhya ibn Əksəm deyir: “Onun müsəlman olması, onun bütün günahını aradan apardı və ona heç bir hədd icra edilməməlidir.” Fəqih və alimlərdən bəziləri dedilər ki, onun haqqında şəri hədd üç dəfə icra olunmalı, bəziləri isə başqa cür hökm verdilər. Verilən hökm və fətvaların müxtəlif olması Mütəvəkkili İmam Əliyyən-Nəqiyə (ə) müraciət etməyə məcbur edir. Məsələni İmama dedikdə, o Həzrət buyurur ki, ona ölənə qədər şallaq vurulmalıdır. İmam Əliyyən-Nəqinin (ə) verdiyi bu fətva Yəhya ibn Əksəm və digər fəqih və alimlərin ciddi narazılığına səbəb oldu. Onlar dedilər: “Heç bir ayə və hədisdə bu cür fətva yoxdur.” Sonra da Mütəvəkkilə dedilər ki, İmama bir məktub yazıb bu fətvanın istifadə edildiyi əsası öyrənsin. Mütəvəkkil də onların dediyi kimi edir. İmam Əliyyən-Nəqi (ə) məktubun cavabında yazır: “Onlar əzabımızı gördükdə dedilər: “Biz yalnız Allaha iman gətirdik, [Rəbbimizə] qoşduğumuz şərikləri [bütləri] isə inkar etdik.” Amma əzabımızı gördükləri zaman iman gətirmələri Allahın Öz bəndələri barəsində öncə olub keçmiş (tətbiq edilmiş) adətinə, qayda-qanununa müvafiq olaraq heç bir fayda vermədi. (Əzab gəlməmişdən əvvəl iman gətirmək lazımdır, əzabı gördükdə gətirilən imanın heç bir faydası olmaz). Onlar elə oradaca ziyana uğradılar (məhv oldular).”
Mütəvəkkil İmamın verdiyi fətvanı qəbul edərək zina etmiş məsihinin həddinin o Həzrətin verdiyi fətvaya uyğun olaraq icra edilməsini tələb etdi.
İmam Əliyyən-Nəqi (ə) bu ayəni qeyd etməklə onlara başa salmaq istəyirdi ki, kafirlərin (müşriklərin əzabı görərkən) iman gətirmələri Allahın əzabını onlardan götürmədiyi kimi bu məsihinin də müsəlman olması şəri həddi onun boynundan götürmür.
2. Mütəvəkkilin nəzri
Bir dəfə Mütəvəkkil bərk xəstələnir. O nəzir edir ki, əgər sağalsa, Allah yolunda çoxlu qızıl sikkə paylayacaq. Sağaldıqdan sonra fəqih və alimləri yığıb soruşur ki, “çoxlu” hesab olmaq üçün neçə qızıl sikkə verməliyəm? Onlar müxtəlif fətvalar verirlər. Mütəvəkkil yenə məcbur olub İmam Əliyyən-Nəqiyə (ə) müraciət etməli olur. O Həzrət buyurur ki, “çoxlu” hesab olmaq üçün səksən üç qızıl sikkə verməlisən.
Fəqih və alimlər İmamın bu fətvasından təəccüblənib deyirlər ki, ondan soruşun, görək bu fətvanı hansı əsasa görə deyir?
Mütəvəkkil İmam Əliyyən-Nəqi əleyhissəlamdan verdiyi fətvanın əsası barədə soruşduqda, o Həzrət buyurur: “Allah-taala Quranda buyurmuşdur: “Allah sizə [müsləmanlara] bir çox yerlərdə kömək etmişdir.” Bütün Əhli-beytimiz də buyurur ki,Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) dövründə səksən dörd döyüş olmuşdur və onların 83-də müsəlmanlar qalib gəlmişlər”
İmam Əliyyən-Nəqi (ə) və müxtəlif firqələr
İmam Əliyyən-Nəqinin (ə) dövründə Mötəzilə və Əşairə kimi müxtəlif məzhəb və firqələr yayılmış, İslam cəmiyyəti arasında əqaid elminin çoxsaylı nəzəriyyələri yaranmış, “məcburiyyət” (“cəbr”), “ixtiyar”, “Allahın görünməsinin mümkün olub-olmaması”, “Allahın cisim olması” və bu kimi elmi mübahisələr getməkdə idi. Buna görə də, o Həzrət bəzi vaxtlar elə suallarla üzləşməli olurdu ki, o sualların bu kimi məzhəblərdən meydana gəlməsi açıq-aşkar bəlli idi. Şiə məclislərinə bu cür batil əqidələrin yol tapması ehtimalı şiələrin o Həzrətin başçılığı ilə hidayət edilməsi və onların İmam kimi bir rəhbərə ehtiyac duyduqları zərurətini daha da artırırdı. Bu baxımdan İmam Əliyyən-Nəqi (ə) öz məktub və elmi mübahisələrində “cəbriyyə”, “Allahın cisim olmasına inam” və bu kimi məzhəblərin əqidə və nəzəriyyələrinin əsassız olduğunu qəti və aşkar dəlillərlə isbat edir və əsl İslam əqaidini heç bir təhrif olmadan cəmiyyətə təqdim edirdi. Təbii ki, bu da o Həzrətin elmi məqamının yüksək olduğuna dair bir nümunədir.
İmam Əliyyən-Nəqinin (ə) elmi həyatını mütaliə etdikdə məlum olur ki, o Həzrətin elmi mübahisələrinin əksəriyyəti bu kimi əqaid bölməsinə aid olan mövzular barədə olmuş, həmçinin, o Həzrətdən bu sahədə söylənilmiş hədislər şiə məzhəbinin əsaslarının açıq-aşkar üstün olduğunu göstərir. Misal üçün o Həzrətin Əhvaz camaatının “məcburiyyət” və “ixtiyar” nəzəriyyələri haqqında olan sualına yazdığı və orada aydın və qəti dəlillərlə nə məcburiyyət, nə də ixtiyar olan düzgün (şiə) nəzəriyyəsini sübut etdiyi məktubu qeyd etmək olar.Əsasən tarixi mahiyyət daşıyan bu elmi mübahisələr bu kitabın mövzusundan kənar olduğu üçün bu barədə məlumat vermirik, əlavə məlumat almaq istəyənlər isə buna dair yazılmış kitablara müraciət edə bilərlər.
Qulatlarla mübarizə İmam Əliyyən-Nəqinin (ə) dövründə fəaliyyət göstərən azğın, batil və yanlış firqə və məzhəblərdən biri də Qulat məzhəbi olmuşdur. Onlar əsassız və boş əqidələrə malik olub özlərini şiə kimi qələmə verirdilər. Onlar İmam barədə ifrat dərəcəsinə vararaq, onu Allah kimi qələmə verir və bəzi vaxtlar özlərini İmamın nümayəndəsi adlandırıb bu yolla şiə məzhəbini digər məzhəblər yanında ləkələyirdilər. İmam Əliyyən-Nəqi (ə) bu firqəyə qarşı öz etirazını bildirib onlarla mübarizə aparır, onları rədd etməklə şiə məzhəbinin ləkələnməsinin qarşısını almağa çalışırdı. Bu məzhəbin puç və əsassız əqidəsinin yaranmasına bəlkə də, aşağıdakı məsələlər şərait yaratmışdır:
1)İmamdan müşahidə olunmuş kəramət, qeybdən xəbər vermə və bəşər qüdrətindən xaric olan işləri düzgün anlamaq qüdrətində olmayan bu məzhəb nümayəndələri onları (bu hadisələri) bidət, mövhumat və İslama zidd olan hərəkətlərinə bəhanə qərar verirdilər.
2) Bu məzhəbə xidmət edən şəxslər İslam qayda-qanunlarını, şəriəti, İslami hökmlərini ayaq altına alıb öz istədikləri kimi hərəkət etmək istəyirdilər. Buna görə də, İslamın (şəriətin) haram buyurduğu bütün şeyləri halal sanırdılar.
3) Onlar camaatın malına tamah salaraq şiələrin İmama verdikləri şəri vergiləri birtəhər ələ keçirmək istəyirdilər.
Qulat məzhəbi sözün əsl mənasında çox təhlükəli və adamı yoldan çıxaran bir məzhəb olmuşdur. Bu məzhəbin başçıları sırasında aşağıda adları çəkilmiş şəxsləri göstərmək olar:
1)Əli ibn Həsəkə Qummi;
2) Qasim Yəqtini;
3)Həsən ibn Məhəmməd ibn Baba Qummi;
4)Məhəmməd ibn Nüseyr Fəhri;
5) Faris ibn Hatəm.
Misal üçün qeyd edək ki,Əli ibn Həsəkənin əqidəsi belə olmuşdur:
a)İmam Əliyyən-Nəqi (ə) Allah, yaradan və dünyanı idarə edəndir.
b)İbn Həsəkə (özü) İmam tərəfindən camaatın hidayət olunması üçün göndərilmiş peyğəmbərdir.
v)Zəkat, həcc, oruc və bu kimi İslami hökmlərin heç biri vacib deyil.
Məhəmməd ibn Nüseyr Fəhri isə deyirdi:
a)İmam Əliyyən-Nəqi (ə) Allah və dünyanın yaradanıdır.
b) Ana, bacı, insanın öz qızı və insana məhrəm sayılan bu kimi şəxslərlə evlənmək olar.
v)Ləvat caizdir və Allah heç də, onu haram etməmişdir.
q)Ölülərin ruhu sonrakı insanlara keçir.
Şiələrin bu barədə olan suallarına cavab verən məktublar göndərən İmam Əliyyən-Nəqi (ə) bu məzhəbdə olanları azğın və kafir tanıtdırıb şiələri onlardan uzaq olmağa dəvət edirdi. O Həzrət, İbn Həsəkə və onun azğın fikirləri haqqında sual etmiş şiələrdən birinə belə yazır: “(Allahın lənətinə gəlmiş) İbn Həsəkə yalan deyir. Mən onu öz dostlarımdan hesab etmirəm, o nə danışır? Allah ona lənət etsin! And olsun Allaha ki, Allah-taala Məhəmmədi (səlləllahu əleyhi və alihi və səlləm) və eləcə də, ondan qabaqkı peyğəmbərləri ancaq təkallahlığa, namaz qılıb zəkat verməyə, həccə getməyə və camaata rəhbərlik etməyə göndərmişdir. Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) camaatı yalnız şəriksiz olan tək Allaha e᾽tiqad bəsləməyə dəvət etmişdir. Biz də onun canişini olub Allahın bəndələriyik və Allaha şərik qoşmuruq. Əgər Ona itaət etsək, Onun mərhəmətinə nail olacağıq, ancaq Onun əmrlərindən çıxsaq, onda Onun əzabına düçar olacağıq. Bizim yox, əksinə, Allahın bizim və bütün məxluqatın boynunda haqqı və hüccəti var. Mən bu cür sözlər deyən şəxsə (İbn Həsəkəyə) nifrət edir və bu cür sözlərdən Allaha pənah aparıram! Siz də onlardan uzaq olun, onları çətinliklərə,təzyiqlərə məruz qoyun və onların biri əlinizə düşəndə, daşla vurub başını yarın.”
Həmçinin, İmam Əliyyən-Nəqi (ə) Übeydiyə yazdığı məktubda Fəhri və İbn Babaya nifrət etdiyini bildirmiş və onlar barədə belə yazmışdır: “Mən (Məhəmməd ibn Nüseyr) Fəhri və Həsən ibn Məhəmməd ibn Baba Qummiyə nifrət edirəm! Səni və bütün şiələrini də onun fitnə-fəsadından uzaq olmağa çağırır, onlara lənət edirəm! Bu iki nəfər camaatın malını bizim adımızla yeyir və fitnə-fəsad törədib camaata mane olurlar. Allah onlara bəla verib müsibətə düçar etsin!
İbn Baba belə güman edir ki, guya mən onu Peyğəmbər seçmişəm və o, camaatla mənim aramda bir vasitədir. Allah ona lənət etsin! Şeytan onu yoldan çıxarıb. Bacarsan, onun başını daşla yar. O, məni əziyyətə salıb. Allah onu dünya və Axirətdə əzaba salsın!”
Qulatların rəhbərlərindən biri olduğunu dediyimiz Faris ibn Hatəm də İmam Əliyyən-Nəqi (ə) tərəfindən lənətlənmiş, onunla Əli ibn Cəfər arasında yaranmış ixtilafda İmam (ə) onu təkzib edərək Əli ibn Cəfəri haqlı hesab etmişdir. Farisin azğınçılıq və fitnə-fəsadı o dərəcəyə çatmışdı ki, İmam onun öldürülməsi barədə hökm vermiş və onun qatilini Cənnətlə müjdələyərək yazmışdır: “Faris mənim adımdan istifadə edib camaatı aldadır, onları dində bidətə çağırır. Onun qanı halaldır (öldürənə günah yoxdur). Onu öldürməklə kim məni rahat edər? Mən isə bunun müqabilində ona Cənnəti müjdə verirəm.” İmamın dostlarından olan Cüneyd adlı şəxs İmamın əmrini yerinə yetirərək onu öldürməklə İslam cəmiyyətini onun şərrindən xilas etdi.
Quranın məxluq olması fitnəsi İmam Əliyyən-Nəqinin (ə) dövründə haqqında möhkəm söz-söhbət gedən, elmi məclislərdə hökm sürən əqidəvi məsələlərdən biri də Quranın məxluq olub-olmaması məsələsi haqqında mübahisə olmuşdur. Yalnız ağıla arxalanan və bütün əqidəvi məsələlərdə ağıla həddən artıq müraciət edən mötəzilə məzhəbindən olanlar Quranın məxluq olması məsələsini Allahın sifətləri ilə əlaqələndirib əşairə məzhəbinin irəli sürdüyü “Quranın əzəli olması” (məxluq olmaması) nəzəriyyəsinə qarşı çıxış edirlər. Beləliklə də, bu iki dəstə arasında mübahisə başlayır. Tədqiqatçıların dediyinə görə Quranın məxluq olması haqqında söz-söhbət Bəni-Üməyyə hakimiyyətinin sonlarında (hicrətin ikinci əsrinin əvvəllərində) meydana çıxmışdır. Bu barədə ilk dəfə İslami məclislərdə söhbət açmış şəxs sonuncu Əməvi xəlifəsi Mərvan ibn Məhəmmədin müəllimi Cəd ibn Dirhəm olmuşdur. O, bu məsələni Əban ibn Səmandan, Əban isə Talut ibn Əsəm adlı yəhudi bir şəxsdən öyrənmişdir. Cəd bu fikri irəli sürdükdən sonra təqib edilmiş və bunun nəticəsində Kufəyə qaçaraq bu nəzəriyyəni Cəhm ibn Səfvan Tirmiziyə öyrətmişdir. Bəziləri belə fikirləşirlər ki, Quranın əzəli və qeyri-məxluq olması fikri İslam cəmiyyətinə məsihiyyətdən keçmişdir. Çünki onlar (məsihilər) Həzrət Məsihi (İsa əleyhissəlamı) “Allah kəlməsi” bilir, nəticədə onların fikrincə bu “Allah kəlməsi” əzəli hesab olunur. Bu məsələni Məmunun Bağdad hakimi İshaq ibn İbrahimə yazdığı məktub da təsdiq edir. Məktubda Məmun əşairə məzhəbini (Quranı əzəli hesab edənləri) Quran barədə eynilə məsihilərin İsa (ə) barədə dedikləri sözləri demələrində töhmətləndirmişdi. Harunun hakimiyyəti dövründə isə deyilənlərə görə yəhudi Bişr Mərisi bu məsələni davam etdirmiş və qırx il Quranın məxluq olması fikrini təbliğ etmişdir. Harunun onun sözlərini eşitməsini və onu ölümlə hədələməsini bildikdə, qaçıb aradan çıxmışdır. İki məzhəb arasında bu mübahisənin davam etdiyi bir halda Məmun da məsələyə qoşularaq ixtilafı daha da gücləndirdi. O, alim, fəlsəfə, fiqh, ərəb ədəbiyyatından xəbərdar və elmi mübahisə tərəfdarı olduğundan, gənc yaşlarında ikən mötəzilə məzhəbinə üz tutmuş və Quranın məxluq