İmam Raz(ə)-ın həyatı və əxlaqi səciyyələri
İmam Raz(ə)-ın həyatı və əxlaqi səciyyələri
Əbulhəsən Əli ibn Musa ər-Rza (ə) imamət səmasının səkkizinci ulduzudur. İmam Rza (ə) 148-ci qəməri ilinin Zilqədə ayının 11-də dünyaya gəlmişdir. İmamın (ə) künyəsi Əbulhəsəndir. Ən məşhur ləqəbi isə Rzadır.
İmam Rza (ə) da başqa İmamlar (ə) `kimi məsum ataya və fəzilət və iffət sahibi olan anaya malik olmuşdur. Atası İmam Musa Kazım (ə), anası isə Nəcmə xanımdır.
İmam (ə) vilayət ailəsində böyüyüb tərbiyə almış və imamət elminin bulağından sirab olmuşdur. Gözəl əxlaqı, mülayim xasiyyəti, elmi, danışığı onu hələ kiçik yaşlarından bacı və qardaşlarından və bütün insanlardan fərqləndirirdi.
İmam Rza (ə) 20 il İmamət kürsüsündə əyləşmişdir ki, onun on ili Harun ər-Rəşidin (lən) xəlifə olduğu zamana, 5 ili Muhəmməd Əminin, 5 ili isə Məmunun (lən) zamanına təsadüf etmişdir.
Məmun (lən) hakimiyyət başına gələndən sonra İmamı (ə) Xorasana çağırır və İmam (ə) ömrünün son illərini Xorasanda keçirir. İmam (ə), Məmunun təzyiqi ilə çarəsiz Mədinəni tərk etməli olur, Bəsrədən Bağdada tərəf yollanır. Oradan isə Quma tərəf gedir. Qum əhalisi İmamı (ə) təmtəraqla qarşılayırlar. Onların çoxu İmamı (ə) öz evinə dəvət edir. İmam (ə) isə deyir ki, dəvəm harada dayansa, ora gedəcəyəm. İmamın (ə) dəvəsi saleh bir insanın evinin önündə dayandı ki, İmam (ə) gecəni orada qonaq oldu. İndi həmin ev Rəzəviyyə mədrəsəsi kimi məşhurdur.
İmamın (ə) yoldaşlarından biri nəql edir: “Həzrətlə (ə) Xorasan yolunda birlikdə idik. Bir gün Həzrəti(ə) qonaq kimi yemək süfrəsinə dəvət etdilər. O, bütün xidmətçiləri ağ rənglilərdən tutmuş qaralara qədər süfrə başında topladı. İmama (ə) yaxınlaşıb dedim: “Qurbanın olum, yaxşı olmazdı ki, onların süfrəsi ayrı olardı?”. Cavıbımda buyurdu: “Bu sözü demə. Həqiqətən Allah Təala ki, hamımızın Allahıdır, təkdir. Hamımız bir anadanıq. Adəm (ə) – bizim müştərək atamızdır. Cəza və savab da əməllərə görə olacaqdır. Ona görə də ayrılıq nə üçündür?”.
İmamın (ə) sonsuz elmi Xorasanda məşhur idi. Bütün elmi munazirələrdə İmamın (ə) elmi məqamından bəhs olunurdu. Muhəmməd ibn İsa Yəqtini nəql edir: “O zaman ki, insanlar İmam Rzanın (ə) imamət mövzusunda nəzər ayrılığına malik oldular, mən insanların suallarını və Həzrətin (ə) cavablarını toplamaqla məsul olduğum üçün 15 min məsələni topladım ki, İmam (ə) onların hər birinə tək-tək cavab vermişdi”.
İmam Rza (ə) imamətin ali məqamı haqqında özü buyurur: “İmamətin məqamı uca, uğuru böyük, mərtəbəsi yüksək, dərinliyi ondan da dərindir ki, ağıllar ona çata bilməz və düşüncələr onu dərk edə bilməz. İmam, parlayan günəş kimidir ki, özü üfüqün dərinliklərində və əlçatmazdır. Nuru aləmi başdan-başa əhatə edər. İmam həmin parlayan Ay, parlayan nur və gecənin zülmətində yol göstərən ulduzdur”.
Məmun (lən) dəfələrlə İmamın (ə) müqəddəs simasını ləkələmək üçün elmi münazirələr təşkil edir və oraya müxtəlif məzhəblərdən olan alimləri dəvət edərdi. İmam (ə) da hər dəfə yüksək elmi səviyyəsi ilə onu məyus edər və cəmiyyət tərəfindən daha çox sevilərdi. İmam (ə) hər bir alimə öz dilində və öz kitablarından iqtibas (sitat) gətirərək, cavablar verərdi. Onlar bu elminə görə İmamın (ə) qarşısında təzim edərdilər. Hətta müşriklər belə, İmamın (ə) elminə heyran qalır və həmin məclislərdə İslam dininə iman gətirərdilər. (Həvzəh)
Salam olsun sənə, ey qərib İmam!
Mövludun mübarək, ey Əbulhəsən!