“Uşaqlar arasında onkoloji xəstəliklərin artması əsasən ekoloji problemlər və qida ilə bağlıdır”
“Uşaqlar arasında onkoloji xəstəliklərin artması əsasən ekoloji problemlər və qida ilə bağlıdır”
Uşaqlar arasında rast gəlinən onkoloji xəstəliklər digər yaş qruplarından xeyli fərqlənir. Leykemiya uşaqlar arasında qeydə alınan bütün bədxassəli onkoloji xəstəliklərin 30 faizini təşkil edir. Digər tez-tez rast gəlinən bədxassəli törəmələr isə mərkəzi sinir sisteminin şişləri və limfomalardır. Uşaqlar arasında xərçəng xəstəliyinin rastgəlmə tezliyi də fərqlidir. Uşaq Xərçəng Xəstəliyi dedikdə adətən 16 yaşadək uşaqlarda inkişaf edən xərçəng xəstəlikləri nəzərdə tutulur. Uşaq xərçəng xəstəlikləri nadir olsa da, bütün xərçəng xəstəliklərinin 0.5-1.5 faizini təşkil edir. Dünyanın əksər ölkələrində il ərzində hər 1 milyon uşaqdan 150-200 nəfərində xərçəng xəstəliyi qeydə alınır.
Azərbaycanlı professor Adil Qeybulla deyib ki, onkoloji xəstliklərdən dünyasını dəyişənlərin sayı ürək-damar xəstəliklərindən dünyasını dəyişən xəstələrin sayına yaxınlaşmaqdadır: “Bu gün dünyada onkoloji xəstəliklərin sayı ümumi olaraq artmaqdadır. Bu baxımdan bunu tək uşaqlar üçün qeyd etmək düzgün olmazdı.
Həttə onkoloji xəstliklərdən dünyasını dəyişənlərin sayı ürək-damar xəstəliklərindən dünyasını dəyişən xəstələrin sayına yaxınlaşmaqdadır. Amma uşaqlar arasında onkoloji xəstəliklərin artması əsasən ekoloji və qida ilə bağlıdır. Bu gün uşaqların qəbul etdiyi şirniyyatlar, müxtəlif formalı qidalar əsasən konserogen tərkiblidir. Onların təkibinə vurulan müxtəlif qida əlavələri o qidaları kifayət qədər təhlükəli qidaya çevirir.
Bu gün Rusiya və bir çox ölkələr müəyyən əlavə qatqıları olan məhsulların ölkəyə girişinə qadağa qoyub. Amma bu cür məhsullar kütləvi şəkildə Azərbaycana daxil olur. Düşünürəm ki, qida təhlükəsizliyi ilə bağlı qərar verilməli və ölkəyə idxal edilən məhsulların keyfiyyətinə nəzarəti gücləndirmək lazımdır. Eyni zamanda analar da qidalarına ciddi şəkildə fikir verməlidir. Belə ki, ölkədə fizioloji sağlam olan hamilə qadın tapmaq kifayət qədər çətindir. Anada baş verən bir çox neqativ proseslər təbii ki, uşağın da sağlıq durumunda ciddi təsir qoyur. Bu baxımdan düşünürəm ki, bu prosesləri nəzarətə götürmək üçün mütləq şəkildə ciddi addımlar atmaq lazımdır”.
/Deyerler.org/