Qulaq – qəlbin darvazasıdır
Quranın bir çox ayələrində eşitmək görməkdən daha üstün hesab olunmuşdur.
“Həqiqətən biz onlara (cismani qüvvə, mal-dövlət və övlad baxımından)
sizə vermədiyimiz şeylərdə imkan və qüdrət vermişdik və onlar üçün
qulaq, gözlər və ürəklər yaratmışdıq. Lakin nə qulaqları, nə gözləri və
nə də ürəkləri onlardan (Allahın gələn əzabından) bir şeyi dəf etdi.
Çünki onlar daim Allahın ayələrini inkar edirdilər və (nəhayət) istehza
etdikləri şey onları hər tərəfdən bürüdü”. (“Əhqaf” 26).
“De: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən Odur. Lakin siz az şükür edirsiniz!»”. (“Mulk” 23). Bu ayələrdən göründüyü kimi eşitmək qüvvəsi gözdən əvvəl bəyan olunmuşdur. (Tebyan)
Hədislərə nəzər salan zaman görmək olur ki, eşitmək görməkdən daha üstün hesab olunur. Belə ki, İmam Rza (ə) qulağı ürəyin darvazası adlandırır. Həzrət (ə) buyurur: “İnsan bədəninin rəhbəri ürəkdir, hasarı və darvazası – qulaqlardır. Bu ikisi padşahın razı olmadığı heç şeyi daxil etməzlər. Çünki padşahın bu ikisinə işarə etməsindən əvvəl heç nəyi daxil edə bilməzlər. Əgər padşah bu ikisinə işarə edərsə, padşah özü başdan-ayağa qulaq olar ki, meyli olan şeylərə cavab versin. Dil də onu çoxlu vasitələrlə şərh və təfsir edər”.
Bu hədisdən belə nəticə çıxartmaq olar ki, eşitmək – qəlbin darvazasıdır. Yəni, eşitməyin insan qəlbi və ruhu ilə birbaşa əlaqəsi vardır. Buna bənzər Quran ayələrinə işarə edək: “Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır”. (“Bəqərə” 7).
“Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü?”. (“Casiyə” 23).
Tədris elmində eşitməyin əhəmiyyəti.
Alimlərin nəzərinə görə eşitməyin tədris elmindəki məqamına nəzər salaq:
1. Qulaq, elmi təhsildə və idrak hisslərində gözdən daha mühümdür. İnsan əgər görmə qabiliyyətini əldən verərsə də, elmi və dili öyrənmək mümkün olar. Lakin əgər eşitmə qabiliyyətini əldən verərsə, imkanı xeyli məhdudlaşar. Ona görədir ki, Quran qulağı ürəyin yanında bəyan edir ki, əhəmiyyətini daha yaxşı dərk edək. “Və deyərlər: «Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar cəhənnəm odunun əhli zümrəsində olmazdıq»”. (“Mulk” 10).
2. Eşitmək hissi insan dünyaya gələn andan işə düşər. Lakin görmə qabiliyyəti zaman keçdikdə dəqiqləşər.
3. Eşitmək hissi öz vəzifəsini fasiləsiz yerinə yetirər. Ancaq görmə qabiliyyəti bəzən öz vəzifəsinə fasilə verər, yatmaq kimi. İnsan yatan zaman yüksək səs onu oyadar.
4. Qulaq hər bir halda eşidər. İstər işıqda olsun, istərsə də qaranlıqda. Görmə qabiliyyəti isə ancaq işıqda mümkünlüdür.
Beləliklə deyə bilərik ki, qulaq qəlbin darvazasıdır və insan hər nə eşidərsə, qəlbə təsir qoyar. Çox təəssüf ki, bəzi insanlar bu darvazaya nəzarət etmir və Quran ayələri yerinə ora ğina və başqa yersiz musiqilər daxil edirlər. Onun pis nəticəsini gec və ya tez görürük. İnsan gərək bu darvazaya nəzarət etsin və hər nə gəldi qəlbinə yol verməsin.
/Deyerler.org/