2 işdən hansını seçməyi bilmədikdə, nəfsə daha yaxın olandan imtina etmək lazımdır
2 işdən hansını seçməyi bilmədikdə, nəfsə daha yaxın olandan imtina etmək lazımdır
Həzrət Peyğəmbər (s) buyurur: “İblis deyir: “Mən Allah bəndələrini günahla həlak edirəm və cəhənnəmə aparıram. Ancaq onlar tövbə edirlər və mən həlak oluram. Ondan sonra mən onları havayi-nəfsə - yəni, günah olmayan sevdikləri şeylərə vadar edirəm. Onlar deyərlər: “Biz ki, günah etməmişik” və xəyal edərlər ki, yolları düz yoldur. Bu yolun sonunda cəhənnəmə gedərlər, ancaq başa düşməzlər ki, cəhənnəmə gedirlər. Ona görə tövbə də etmirlər””.
Quran bir çox ayələrində bizə qatı düşmənimiz olan şeytanı çox gözəl tanıtmışdır. Allah Təala buyurur: “Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!»”. (“Yasin” 60).
Əllamə Təbatəbai buyurur: “İblis mövzusuna biz etina etmirik, məgər o halda ki, gün ərzində bir neçə dəfə onu lənətləyirik. Şərindən Allaha pənah aparırıq. Ancaq bu mövzu düşünməli mövzudur. Çox təəssüf ki, indiyə qədər bunu etməmişik. Gərək baxaq görək, Quran gözlərdən qaib olan, ancaq insanlıq aləminə hakim olan bu varlıq haqqında nə deyir? Nə üçün bu düşməni tanımalıyıq? Niyə bu məsələyə qarşı bu qədər etinasızıq? Şeytan insandan ölənə qədər əl çəkməz və onu əbədi əzaba düçar edənə qədər aram olmaz”. (Tebyan)
Əgər nəfsani istəklərimizlə mübarizə etməsək, bütün xidmətimiz nəfsimizin yolunda olacaqdır. Əslində əmmarə nəfsimiz bizə minibdir və bütün yaxşılıqlardan ancaq öz xeyri üçün istifadə edir. Misal üçün nəfsimiz bizə deyir: “Sən səxatəli insansan. Burada bir bəxşiş ver və səxavətini insanlara göstər”. Yəni, verdiyimiz bu bəxşiş nəfsimizə görə olar, Allaha görə deyil.
O kəs ki, nəfsi ilə düşmən olmaz, mütləq yolunu azar. Çünki nəfsi istəklərin sonu yoxdur və insanı ancaq bədbəxtliklərə tərəf çəkər.
Allahdan qafil olmaq, nemətlərini unutmaq, şeytanın (lən) dostu olmaq, onun ardınca getmək, əməl və rəftarda ifrat və təfrit etmək – nəfsi istəklərin nökəri və qulu olmağın nəticələridir. “Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş. Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!”. (“Kəhf” 28).
Quran nəfsi istəkləri həmişə məzəmmət edir və onun ardınca getməyi qadağan edir. Bəs nə edək ki, nəfsi istəklərimizlə mübarizə apara bilək?
İmam Sadiq (ə) buyurur: “Necə ki, düşməninizdən çəkinirsiniz, həvəslərinizdən də çəkinin. Çünki insan üçün həvəslərinin ardınca getməkdən pis düşmən yoxdur”.
İmam Kazım (ə) buyurur: “Nə zaman iki iş görməli olsan və bilməsən ki, hansı iş daha üstün və düzgündür – bax gör, onlardan hansı biri həvəsinə daha yaxındır. Onunla müxalifətlik et. Çünki nəfsi istəklərinlə müxalifətlik etməkdə çoxlu savab gizlənmişdir”.
/Deyerler.org/