Bayram şirniyyatları sağlamlığımıza hansı zərərləri vura bilər? - Sorğu
Novruz bayramı əsasən ənənəvi olaraq bişirilən şirniyyatları ilə xarakterizə olunur.
Qoğal, şəkərbura, paxlava kimi şirniyyatlarsız Novruz süfrəsi təsəvvür olunmur. Bundan əlavə, xonçalara düzülən qoz, fındıq və digər çərəzləri də nəzərə alsaq onda mənzərə bir qədər dəyişmiş olur. Qısa müddət ərzində və birdən-birə insan öz qida rasyonunda ciddi dəyişik etməsi mənfi nəticələrə gətirib çıxarda bilər. Bu baxımdan həkimlər insanlara bir qədər diqqətli olmağı tövsiyə edirlər.
Qastrentoloq Emin Verdiyev Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, yüksək kalorili qidaların çoxlu qəbulu mədəaltı vəzinin, ödün funksiyasının pozulmasına gətirib çıxardır: “Bayram vaxtı mədə-bağırsaq sisteminin pozulması əsasən çox kalorili qidaların yüksək həddə qəbulu ilə bağlıdır. Yüksək kalorili qidaların çoxlu qəbulu mədəaltı vəzinin, ödün funksiyasının pozulmasına gətirib çıxardır. Əgər qastritli, mədəsində erroziyası olan xəstələr olursa bu xəstəliklərin aktivləşməsinə gətirib çıxardır. Məsləhət görülür ki, yeməkləri az-az və arasında müəyyən fasilə verməklə yemək lazımdır. Əgər hər bir bişmədən yemək istəyirlərsə mümkün qədər az miqdarda qəbul etməlidir. Əgər normal həddə qəbul edərsə heç bir ciddi narahatlıq yaranmaz. Gün ərzində qəbul edilə biləcək şəkərin norma miqdarı 20 milliqramdır. Biz Novruz bayramı öncəsi daha artıq şəkər qəbul edirik. Bu da qeyd etdiyim kimi mədəaltı vəzinin daha çox yüklənməsinə gətirib çıxardır. Bu baxımdan mütləq qidanın normasına diqqət etmək lazımdır”.
Dietoloq Nərgiz Nəzirova Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, gün ərzində bir neçə dəfə çayla şəkərbura və ya paxlava yeyən şəxslərdə ciddi piylənmə prosesi aktivləşə bilər: “Əslində şəkərbura və paxlava Azərbaycanın digər qidaları kimi, çox kalorili qidalardır. Əgər gün ərzində maksimum bir iki dəfə yeyilsə ciddi ziyanlı sayıla bilməz. Bu cür qəbul edilən qidalar piylənməyə gətirib çıxartmaz. Gün ərzində bir neçə dəfə çayla şəkərbura və ya paxlava yeyən şəxslərdə ciddi piylənmə prosesi aktivləşə bilər. İnsanlar tək bayram günlərində deyil, bütün vaxtlarda qida rasyonuna diqqət etməldir, düzgün nizamlamalıdır. 4-5 dəfə az miqdarda qidalanma ideal sayıla bilər. Axşamlar qatıq və ya ayran qəbul edilməlidir ki, gün ərzində yeyilən yeməklər tənzimlənsin. Ən əsası isə çox kalorili yeməklər günün birinci hissəində olsun”.