Fev 19, 2016 21:12 Asia/Baku
  • Ankara terroru ilə bağlı ölkə müxalifətinin fikirləri

Türkiyə müxalifəti Ankara hücumu ilə bağlı hökuməti tənqid edən ifadələr işlədib

CHP sədri Kılıçdaroğlu "Təəssüf, günahdır bu ölkəyə, ölkə yaxşı idarə edilmir" deməklə reaksiya verdisə, MHP-nin lideri "Ankaranın bağrında, dövlətin baş qərargahında bomba partladılır, bəs xüsusi xidmət və təhlükəsizlik orqanları hara baxır?" deyə fikirlər səlsəndirib. Ümumiyyətlə terrorun məhz Ankarada baş verməsi daha ciddi etirazlara səbəb olub. Paytaxtın daha ciddi qorunmasının ətmin edilməsini tələb edən müxalifət liderləri şəhid olanlarla bağlı dərin təəssüf hissi keçirdiklərini də vurğulayıblar.

 

 

Müsavat Partiyası başqan müavini Elman Fəttah Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, ana müxalifətin iradlarının olması anlaşılandır və yerində olunan iradlardır: “Əgər ortada insan tələfatı varsa ona cavabdeh olan idarəçi hökumət bu məsələdə məsuliyyət daşıyır.

 

Bu olaya hansı dərəcədə hazır idi, bu prosesin qarşısı alına bilərdimi və s. kimi tənqidlər olar. Amma məsələyə konseptual yanaşdıqda məlum olur ki, bu cür terror olayları ən ciddi qorunan şəhərlərində belə baş verib. 11 sentyabr olayını hələ də xatırlayırıq. Bu baxımdan tənqidləri də inkar etmək olmaz, ciddi qeydlər olmalıdır. Daima terror təhlükəsi gözləyən Ankarada təhlükəsizlik məsələləri hansı səviyyədə qurulmuşdu və s. kimi suallar ola bilər. Amma terrorun ən ciddi təhlükəli tərəfi elə onun istənilən ölkədə, şəhərdə törədilə bilmə ehtimalı ilə bağlıdır”.

 

AXCP sədrinin müavini Gözəl Bayramlı Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, terrorun Ankarada baş verməsi ciddi suallar doğurur: “Təbii ki, baş verən terror hadisəsi Türkiyə üçün çox ağır bir terror hadisəsidir. Çoxlu sayda insanların canını alan bu olay hər bir halı ilə lənətlənməlidir. Amma Türkiyənin müxalifət partiyalarının bu olayla bağlı hökuməti tənqid etmələrini qəbul etmirəm. Bu terrordur və idarəçiliyin qüsurlu olması ilə bir əlaqəsinin olduğunu düşünmürəm.

Hansısa qüvvələr Türkiyənin paytaxtında qanlı olay törədib. Burada yalnız terrorçu tərəflər günahlandırılmalıdır. Amma bu olayın Ankarada baş verməsi ciddi suallar doğurur. Amma məlumdur ki, terrorun konkret bir ünvanı olmur. Parisdə baş verən terror olayı da bunu sübut etdi. Türkiyə hökuməti də müəyyən açıqlamalar verir. Düşünürəm ki, bu olayın arxasında hansı məsələlərin dayandığı da məlum olacaq”.

Teqlər