Məhəmməd Talıblı: “Rusiyadan pul köçürmələrinin azalması işgüzar aktivliyin azalmasına səbəb olacaq”
Rusiyadan MDB ölkələrinə pul köçürmələri iki dəfə azalıb.
Bütün hesablamalar Mərkəzi Bankın göstəriciləri əsasında aparılıb. 2015-ci ildə Rusiyadan pul köçürmələrinin sayı 2014-cü illə müqayisədə 44% azalıb. Bu baxımdan ən böyük hissə MDB ölkələrinə olan köçürmələrin sayında qeydə alınıb - 45%-dən çox azalma müşahidə olunub.
İqtisadçı ekspert Məhəmməd Talıblı deyib ki, Rusiyadan gələn kapitalın Azərbaycanda iqtisadi aktivliyin artmasında xüsusi rolu var idi: “Rusiyadan gələn kapitalın indiki azalmaları daşınmaz əmlakın, avtomobillərin alqı-satqısında ciddi azalmalara gətirib çıxarda bilər. Son 6 ay müddətində bu azalmalar özünü aktiv şəkildə gösətirirdi. Bu azalmalar öz növbəsində işgüzar aktivliyin azalmasına da gətirib çıxardacaq.
Rusiyadan göndərilən vəsaitlər vətəndaşların sadəcə bahalı məhsullar alması üçün istifadə edilmirdi. Çoxlu sayda ailələr var idi ki, ümumiyyətlə aylıq yaşayışları Rusiyadan göndərilən vəsait hesabına təmin olunurdu. Burada xüsusi ilə də regionda yaşayan əhalini qeyd etmək olar. Digər tərəfdən Rusiyda işləyən şəxslərin artıq ölkəyə qayıtması əmək bazarında ciddi gərginliyin yaranmasına gətirib çıxarda bilər. Hətta onların qayıtmayacağı təqdirdə belə, ölkədə istehlak bazarında dövriyyənin azalmasına gətirib çıxarda bilər.
Əslində bazarda daha az mal həm idxal, həm də istehlak olunur. Bu da öz növbəsində ölkənin ÜDM-nin artım tempini əhəmiyyətli şəkildə aşağı salır. Baş verənlər bütün sahələrdə sosial gərginlik və iqtisadi inkişafı yavaşladan faktordur. Nəzərə alsaq ki, Rusiyadan ölkəyə gələn vəsaitlər 1,4 milyard dollar ətrafında dəyişir, bu məbləği az hesab etmək olmaz”.
/Deyerler.org/