İyul 14, 2016 16:31 Asia/Baku
  • Yaxın Şərq üzrə ekspert Aidə Qəmbər
    Yaxın Şərq üzrə ekspert Aidə Qəmbər

Türkiyənin Suriya siyasəti dəyişir: Məğlubiyyət, yeni kurs, yoxsa Qərbin istəyi?

Son vaxtlar dünyada Suriya münaqişəsi mövzusuna baxış kəskin olaraq dəyişib. Artıq Qərb, ABŞ və Türkiyə Suriya ilə tam fərqli mesajlar, bəyanatlar verməyə başlayıblar. Belə ki, Avropa Birliyinin İspaniyadan olan deputatı Xavyer Kouso Permuy bəyan edib ki, terrora qarşı effektiv mübarizə aparmaq üçün, Suriya höküməti ilə dialoqun bərpa edilməsi zəruridir. Eyni zamanda Türkiyənin baş naziri Binali Yıldırım AK partiyanın vilayət rəhbərlərilə toplantısındakı çıxışında, Suriya ilə münasibətlərin normallaşdırılacağına dair növbəti mesajını verib. Digər tərəfdən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi ABŞ və Rusiyanın Suriya ilə bağlı mövqelərinin bir-birindən uzaq olduğunu hesab etmir. Bir çox ekspert bu reallıqları nəzərə alaraq qeyd edir ki, Suriya böhranının həlli ilə bağlı çox ciddi ümidlər görünməkdədir.

 

Yaxın Şərq üzrə ekspert Aidə Qəmbərin fikrincə, Suriya böhranı kifayət qədər ciddi böhrandır: “Bu münaqişənin ucları çox dərinə gedib çıxır və məsələləri nəzərə alıb demək olar ki, Suriya böhranının yaxın gələcək üçün bitməsi inandırıcı görünmür. Amma son vaxtlar Suriya böhranı ilə bağlı vahid mövqelər meydana gəlməyə başlayıb. Ortaq məxrəcdən çıxış edərək müxtəlif dövlətlər öz mövqelərini ortaya qoyurlar və ya bəyanatlar verirlər. Təbii ki, Türkiyə baş nazirinin bəyanatı tək Türkiyənin mövqeyi sayıla bilməz. Bu müəyyən mənada koalisiyanın da mövqeyi kimi qavranılmalıdır. Düşünürəm ki, yaxın zamanlarda Suriya ilə bağlı hər hansısa bir mühüm qərar qəbul edilə bilər.

Türkiyənin mövqeyinin bu dərəcədə dəyişməsinə mühüm amillər səbəb olub. İlk olaraq dünyanın Suriya münaqişəsinə olan baxışı dəyişib. Digər tərəfdən isə Suriya Türkiyə ilə qonşu ölkədir və Türkiyənin Suriyada da müəyyən maraqları var. Ən əsas problemlərdən biri də məhz qaçqınlar problemidir. Heç də təsadüfi deyil ki, terror hadisələri fonunda Türkiyədə dövlət səviyyəsində narahatçılıq yaranıb. Bütün bu kompleks faktorlar Türkiyəni ciddi şəkildə hərəkətə gətirib və bu davamlı bir proses olacaq”. Deyerler.org

Teqlər