"Ermənistanda müəyyən qüvvələr Sarksiyana mesajlar vermək istəyirlər”
Fikrət Sadıqov: “Ermənistanda müəyyən qüvvələr Sarksiyana mesajlar vermək istəyirlər”
İyulun 17-də bir qrup silahlı şəxs İrəvan ətrafındakı Erebuni rayonunda polis şöbəsinin binasını ələ keçirib. Onları polis tərəfindən saxlanılmış Qarabağ müharibəsi veteranı Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb ediblər. Hadisə zamanı bir polis ölüb, 3-ü yaralanıb. Ekspertlərin fikrincə bu məsələnin sadəcə görünən hissəsidir. Bu prosesin arxasında ciddi məsələlər də dayana bilər. Bu baxımdan proseslərin gedişi daha ciddi məsələləri ortaya çıxarda bilər.
Politoloq Fikrət Sadıqov deyib ki, bu əslində hakimiyyətlə narazı olmanın aşkar şəkildə görsəntisidir: “Ölkədə hakimiyyətdən ciddi şəkildə narazılıq var. Bunu artıq ictimaiyyətin müxtəlif təbəqələri gizlətmir. Buna oxşar proseslər bir neçə dəfə təkrar olunub. Əhali Sarkisyanın hakimiyyətinə qarşı etiraz etmək üçün küçələrə çıxmışdı. Camaat yürüşlər edərək müəyyən tələblər irəli sürmüşdü. Xüsusi ilə aprel hadisələri vaxtı bu daha ciddi şəkildə özünü göstərirdi. İndi isə məsələ kifayət qədər ciddiləşib. Təbii ki, son olaylarda hərbçilər iştirak etməsə də, vətəndaş cəmiyyəti artıq Sarkisyan rejiminə qarşı sərt addımlar atır. Mənə elə gəlir ki, burada bir məqamı da istisna etmək olmaz. Belə ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı aparılan danışıqlar məsələsi, Ermənistana edilən təzyiqlər fonunda müəyyən dairələr Sarkisiyana mesajlar vermək istəyir. Yəni, Sarksiyan hansısa məğlubiyyətlə bağlı saziş imzalasa, hökumətin aqibəti çox acınacaqlı ola bilər. Düşünürəm ki, burada müəyyən dairələr açıq şəkildə öz narazılıqlarını bildirirlər. Cəmiyyətin müxtəlif təbəqələrindən istifadə edərək, bir çox məsələlər ilə bağlı öz mövqelərini ortaya qoyurlar”.