Ərdoğan-Putin görüşü region üçün nə vəd edir? - Ekspert rəyi
Ərdoğan-Putin görüşü region üçün nə vəd edir? - Ekspert rəyi
Rusiyanın Sankt-Peterburq şəhərində Rusiya və Türkiyə prezidentləri arasında görüş keçirildi. Prezidentlər Vladimir Putun və Rəcəb Tayyib Ərdoğan, məlum təyyarə insidenti ilə korlanmış ikitərəfli əlaqələrin bərpasından sonra, ilk dəfə bir araya gələcəklər. Tərəflər aradakı soyuqluq nəticəsində geriləmə qeydə alınmış bütün sahələr üzrə konstruktiv müzakirələr aparacaq. Bu görüşün Azərbaycan üçün də maraqlı olması xüsusi ilə qeyd edilir.
Politoloq Elxan Şahinoğludeyib ki, baş tutacaq görüşdə 1il öncəki münasibətlər bərpa olacaq: “Düşünürəm ki, bu görüşdə çox ciddi açıqlamalar veriləcək. Türkiyə Rusiya təyyarәsini vurduqdan sonra bütün istiqamətlərdə olan əməkdaşlıq donduruldu. Bu baxımdan Ərdoğanın üzr istəməsindən sonra, münasibətlərdə istiləşmə müşahidə olundu. Bu da çox müsbət addımdır. Putin vəziyyətdən çox məharətlə istifadə etdi. Hərbi çevriliş cəhdindən sonra Ərdoğana birinci Putin zəng etdi və Ərdoğanı yüksək qiymətləndirdi. İkinci, Putin Ərdoğanın, Türkiyə hakimiyyətinin Qərb və ABŞ-la münasibətlərinin soyumasından istifadə edərək Ərdoğanı Sankt-Peterburqa dəvət etdi. Baş tutacaq görüşdə düşünürəm ki, 1il öncəki münasibətlər necə idisə, o duruma da qayıdılacaq. "Türk axını"na yaşıl işıq yandırılacaq ki, Rusiya qazı Türkiyə üzərindən nəq olunsun. Rusiya Türkiyədə Nüvə Elektrik Mərkəznin tikintisinə başlayacaq. Rusiyalı turistlərin Türkiyəyə gəlməsi sadələşdiriləcək. Türkiyə tikinti şirkətləri Rusiyada yenidən tenderlərdə iştirak edəcək. Hətta bir az daha irəli gedilə bilərlər. Ərdoğanın ən böyük hədəfi Türkiyə-Rusiya ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqdır. Putin bu hədəfə dəstək verəcək.
Bu münasibətlərin də Azərbaycana və Cənubi Qafqaza müsbət təsiri olacaq. Çünki, Türkiyə-Rusiya münasibətləri gərgin olduqda bu Azərbaycana da mənfi təsir edirdi. Türkiyə strateji müttəfiqimiz, Rusiya tərəfdaşımızıdır. İndiki durum Cənubi Qafqazda müsbət fon yaradacaq. Bu münasibətlərin istiləşməsi avtomatik Dağlıq Qarabağ münaqişəsinin həllinə də müsbət təsir göstərəcək. Yəqin ki, bugünki görüşdə Türkiyənin qeyd etdiyi bir məsələ də təkrarən vurğulanacaq. Əgər Ermənistan işğala son qoyarsa, nəinki Azərbaycan münasibətləri bərpa edəcək, hətta Türkiyə də sərhədləri yenidən aça bilər. Kompleks yanaşma ortaya qoyulur ki, bu Azərbaycanın da xeyrinədir. Bu bir şərtlə baş verə bilər ki, Rusiya Ermənistana təsir edib işğal olunmuş 7 rayonu qeyd şərtsiz boşlatsın. Bu reallaşmadan Türkiyə-Ermənistan münasibətləri normallaşmayacaq. Məhz bu baxımdan da Azərbaycan baş tutacaq bugünki görüşün nəticələrini diqqətlə izləyir”.