Dek 09, 2015 15:36 Asia/Baku
  • İslam Peyğəmbəri və İmam Həsənin şəhadət münasibətilə başsağlığı veririk
    İslam Peyğəmbəri və İmam Həsənin şəhadət münasibətilə başsağlığı veririk

Səfər ayının 28 əziz İslam Peyğəmbəri (s.ə)və İmam Həsənin (ə)-ın şəhadət günüdür. Səfər ayının 28 əziz İslam Peyğəmbəri (s.ə)və İmam Həsənin (ə)-ın şəhadət günüdür.

 Bu münasibətlə başda İmam Zaman (ə.f) həzrətlərinə və bütün müsəlman dünyasına baş sağlığı verir və Allahdan hər birimizə Məsumlarımızın (əleyhimus səlam) həyat yolunu səbrlə davam etdirməyi arzu edirik.

Xatırladaq ki, eyni zamanda səfər ayının sonuncu günü həm də Həzrət İmam Rzanın (ə) şəhid olduğu gündür.

 İslam Peyğənbərinin həyatına bir baxış (ixtisarla)

 İslam Peyğəmbərinin uşaqlıq dövrü

 İslam Peyğəmbəri miladi tarixinin 570-ci ilində anadan olmuşdur. O Erkən yaşlarında yetim qalmışdır: atası Abdullah uşaq anadan olmazdan əvvəl vəfat etmiş, anası Aminə isə İslam Peyğəmbərinin altı yaşında olarkən rehlət etmişdir. Bundan iki il sonra babası Əbdül Mütalib də vəfat etmişdir. Anasının ölümündən sonra əziz İslam Peyğəmbərinə (səlləllahu əleyhi və alih) babası baxırdı. Onun vəfatından sonra yetim qalmış uşağa əmisi Əbu Talib qayğı göstərməyə başlamışdır. Həəzrəti Məhəmməd (səlləllahu əleyhi və alih) onu məhəbbət və qayğı ilə saxlayan babasına və əmisinə bütün ömrü boyu dərin minnətdarlıq hissi bəsləmişdir.

Gənclik dövrü

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) 21 yaşı tamam olanda o, Məkkə cəmiyyəti içərisində əmin (sədaqətli, etibarlı adam) kimi ad çıxarmışdı. Əbu Talibin məsləhəti ilə həzrəti Məhəmməd (s.ə.s) Xüvəylid ibn Əsədin varlı qızı, Xədicənin (səlamullahi əleyha) yanında pirkeşlik (ticarət işlərini idarə edən şəxs) vəzifəsi alır.

 Ailə həyatı

 595-ci ildə İslam Peyğəmbəri Xədicə (səlamullahi əleyha) ilə evlənmişdir. Həmin vaxt Xədicə 27 yaşlı bakirə xanım idi. İslam Peyğəmbərin bütün yaxın adamları arasında birinci olaraq həzrəti Xədicə (səlamullahi əleyha) onun peyğəmbərliyinə inanıb iman gətirmiş və yeni din – İslam dini uğrunda mübarizənin çox çətin başlanğıcında İslam Peyğəmbərinə kömək etmək qüvvəsini və varidatını əsirgəməmişdir. İslam Peyğəmbəri bunun müqabilində Xədicəyə (səlamullahi əleyha) böyük məhəbbət, dərin minnətdarlıq və hörmət hissi bəsləmişdir. Xədicə (səlamullahi əleyha) ilə ömür sürdüyü 25 il ərzində o, başqa heç bir qadınla evlənməmişdir.

 Xədicənin (səlamullahi əleyha) İslam Peyğəmbərindən iki oğlu və dörd qızı doğulmuşdur. İki yaşında ölən böyük oğlunun adı Qasim idi. Qədim ərəb adəti ilə bu hadisədən sonra İslam Peyğəmbəri hörmətlə Əbül-Qasim (Qasimin atası) adlandırılmışdır. İkinci oğlu Abdulla da körpə yaşında ikən ölmüş, İslam Peyğəmbərin Zeynəb, Ruqiyyə, Ümm Külsüm və həzrəti Fatimə (səlamullahi əleyha) adlı dörd qızından isə yalnız sonuncusu həzrəti Fatimə (səlamullahi əleyha) onun nəslini davam etdirmişdir.

 İlk vəhy

 40 yaşında ikən dini düşüncələr və axtarışlar onun həyatında getdikcə daha çox yer tutmağa başlamışdı, o bəzən bütün asudə vaxtını bunlara sərf edirdi. Hələ yeniyetməlik dövründə onun daxilində baş qaldıran ruhi həyəcan misli görünməmiş dərəcədə şiddətlənmişdi, çox vaxt əsl sarsıntı vəziyyətinə keçirdi. O getdikcə daha tez-tez vəcdə gəlir, gözünə anlaşılmaz surətlər görünür və qulağına qeyb aləminin səsləri gəlirdi. İslam Peyğəmbəri tez-tez Məkkə yaxınlığındakı Hirə mağarasına çəkilib (xüsusən gecələr) öz dini düşüncələrinə qatılırdı. Belə məqamaların birində İslam Peyğəmbəri insanlara həqiqi sözü – Allahın sözünü oxumağı başlamaq haqqında ona əmr verən mələyi aydın gördü. Mələk ona Quran ayələrini nazil edərək Allahın sözünü adamlara çatdırmağı əmr edir.

 İslam Peyğəmbərin birinci olaraq danışıqsız Allahın elçisi kimi tanıyan həzrəti Xədicə (səlamullahi əleyha), öz əmisi oğlu həzrəti Əli (əleyhi səlam) (Əbu Talibin oğlu) və oğulluğa götürdüyü Zeyd olmuşlar.

Məkkə və Hicrət

 610-cu ildən 620-ci ilədək dövrü əhatə edən onillik Məkkənin ənənəvi bütpərəst cəmiyyəti ilə yeni təkallahlı dinin – İslam Peyğəmbərin fəal təbliğ etməyə başladığı islam dininin tərəfdarları arasında ardı-arası kəsilməyən çəkişmələrlə dolu olmuşdur. 620-ci ildə Xədicənin və bundan bir qədər, yəni iki ay sonra Əbu Talibin vəfatı mübarizənin kəskinliyini artırmışdı. Belə son dərəcə sədaqətli köməkçilərini itirən, öz qəbiləsi tərəfindən demək olar tamamilə tərk edilən İslam Peyğəmbəri Məkkədən təqribən yüz kilometr şərq tərəfdə yerləşən Taifdə kömək axtarıb tapmağa çalışdı, lakin müvəffəqiyyətsizliyə uğradı.

 Peyğəmbərə kömək əslində gözləmədiyi yerdən Yəsribin Xəzrəc və Ovs qəbilələrindən gəldi. Buna görə də o, Yəsribdə məskən salmağı qərara aldı.

 Əvvəlcə İslam Peyğəmbərin təliminin sədaqətli tərəfdarları (onun əshabələri) ailələri ilə birlikdə Yəsribə kiçik qruplarla və qüreyşilərdən xəlvəti olaraq köçdülər. Onlardan, yəni Yəsribə köçən ilk müsəlmanlardan (mühacirlərdən) sonra isə İslam Peyğəmbəri özü də ailəsi və ən yaxın adamları ilə birlikdə məşhur hicrət etdi. 622-ci il iyulun 26-da baş verən həmin hadisə müsəlman erasının başlanğıc nöqtəsi, rəsmi müsəlman təqviminin başlanğıcı oldu.

 53 yaşlı Məhəmmədin (s.ə.s) köçdüyü şəhər sonradan Mədinə (Peyğəmbərin şəhəri) adlandırılacaq.

 Hicrətdən sonra

 Hicrətin ikinci ili İslam Peyğəmbəri qibləni dəyişdirdi, namaz qılarkən üzü Qüdsə tərəf deyil, Məkkədəki Kəbə məbədinə tərəf tutmağı əmr etdi. Bu tədbir təkcə yəhudi mədinəlilərə qarşı getdikcə daha da şiddətlənən mübarizənin nəticəsi deyildi: o, həm də İslam Peyğəmbərin ən mühüm strateji məqsədini – bütün Qərbi Ərəbistanın baş dini mərkəzi olan Məkkəni tabe etdirmək məqsədini ifadə edirdi. İslam Peyğəmbərin məkkəlilərə qarşı təşkil etdiyi iqtisadi müharibə də həmin məqsədə xidmət edirdi. 624-cü ildə bu zəmin üzərində Bədr kəhrizləri yaxınlığında əsl hərbi çarpışma baş verdi və çarpışmada məkkəlilər məğlubiyyətə uğradılar. Lakin onlar 625-ci ildə Uhud dağı yanında Mədinə qoşununu məğlub etdilər, 626-cı ildə isə Məkkə müşrikləri müsəlmanlara qəti zərbə endirməyə cəhd göstərdilər. Məkkəlilər bədəvi tayfaları və Mədinədən sürgün edilib Xeybərdə sığınacaq tapmış yəhudilərlə ittifaq bağlayıb Mədinə icmasına qarşı böyük yürüşə başladılar. İslam Peyğəmbəri açıq çarpışmadan çəkinməyi, lakin Mədinəni uzunmüddətli müdafiəyə hazırlamağı qərara aldı. Bu məqsədlə şəhərin ətrafında Salmani Farsi-nin məşvərəti ilə xəndək qazdırtdı və oxatanlar bu xəndəkdə oturub düşməni gözləməyə başladılar. Ərəbistan yarımadasında əvvəllər məlum olmayan, məkkəlilərin başlıca qüvvəsini təşkil edən bədəvi süvarilərinin döyüş imkanlarını ciddi surətdə məhdudlaşdıran bu yeni taktika məkkəliləri çaşbaş saldı. Şəhərin bilavasitə hücumla alınması baş tutmadı. Çoxlu yağış yağan və soyuq şimal küləkləri əsən sərt qış şəraitində şəhərin mühasirəyə alınması uzun çəkdi və onu mühasirədə saxlayanlar üçün əziyyətli oldu. Məkkəlilərin düşərgəsində didişmələr başlanmışdı. Qətəfan qəbiləsinin dəstələri mühasirəçilərin cəbhəsini tərk etdilər. Onların getməsi Mədinənin mühasirəsini perspektivsiz işə çevirdi və mühasirə ləğv edildi.

630-cu ildə Məkkə vuruşmasız İslam Peyğəmbərinə təslim oldu. İslam Peyğəmbəri şəhərə zəfərlə daxil olsa da, əvvəllər məkkəlilərə verdiyi başlıca vədləri yerinə yetirdi. Məkkə həqiqətən sürətlə yayılmaqda olan İslam Dininin mərkəzinə çevrildi. Kəbə isə oradakı bütün çoxallahlılıq bütləri dağıdıldıqdan sonra yeni dinin baş ziyarətgahına çevrildi,

 Peyğəmbərin (s) həyatının son anları

 İbn Abbas yazır: "Peyğəmbər (s) çox xəstə idi və o Həzrət (s) bir neçə dəqiqəliyinə bihuş olmuşdu. Bu zaman evin qapısı döyüldü. Həzrət Fatimə (s.ə) qapının arxasından soruşdu ki, kimdir? Oradan səs gəlir ki, mən qərib bir insanam və Peyğəmbərlə (s) işim var. İcazə versəniz, hüzuruna gələrdim. Xanım cavab verir: "Allah səni bağışlasın. İndi Peyğəmbər (s) çox xəstədir və kiminləsə görüşməyə halı yoxdur". Həmin adam gedir və bir müddət keçəndən sonra yenə gəlir və qapını döyür. Deyir: "Qərib insana icazə verirsinizmi Peyğəmbərlə (s) görüşsün?" Bu zaman Peyğəmbər (s) onun səsini eşidir və qızına buyurur: "Fatimə can! O, cəmiyyətləri dağıdan və ləzzətləri aradan aparandır. O, ölüm mələyi Əzraildir (ə). Allaha and olsun ki, məndən əvvəl heç kimdən icazə almamış və məndən sonra da heç kimdən icazə almayacaq. Bu, Allahın sənin atana inayət etdiyi dəyərli məqama görədir".

 Həzrət Fatimə (s.ə) Əzrailə (ə) girmək üçün icazə verir və o, mülayim meh kimi evə daxil olur. Sonra deyir: "Salam olsun Peyğəmbərin (s) Əhli-beytinə!" Bu zaman Peyğəmbər (s) Əliyə (ə) etdiyi vəsiyyəti təkrarlayır". 

/Nardaranpiri.com/


Teqlər