Noy 14, 2015 18:57 Asia/Baku
  • mənəvi aləmdə olan zamanla maddi aləmdə olan zamanın fərqini aydın şəkildə müşahidə edə bilərik
    mənəvi aləmdə olan zamanla maddi aləmdə olan zamanın fərqini aydın şəkildə müşahidə edə bilərik

İnsan vücudu iki varlığın birləşməsindən təşkil olunmuşdur. Bu iki varlıq insanın cismi və ruhudur. Bu iki şeyi bir-birindən ayıran xüsusiyyətlər olduğu halda, onları bir-biri ilə sıx əlaqələndirən xüsusiyyətlər də var.


Bu xüsusiyyətlərdən biri də zamandır. İnsanın cisminə aid olan zaman məhduddur və tənzim olunmuş müəyyən proqramlar üzərində hərəkət edir. Misal üçün, bütün insanlar əvvəl körpə olurlar, sonra yavaş-yavaş yaşlanaraq yeniyetmə, cavan və qocalıq mərhələlərin keçirlər. Başqa misal olaraq 1 dəqiqəmizin 60 saniyə və 1 günümüzün 24 saat olmasını da qeyd etmək olar. Bu məsələ ilə bağlı saysız hesabsız misallar çəkmək mümkündür. Qeyd olunan və oluna biləcək bütün misallarda tənzimlənmiş proqram heç vaxt dəyişmir. Yəni, mümkün deyil ki, bir kəs əvvəl qoca olsun, sonra cavan, sonra yeniyetmə və sonra da körpə olsun. 1 günün də 100 saat olması mümkün deyil. Gün elə 24 saat olaraq qalır. Bütün bunlar insanın maddi tərəfi olan cismin zaman üzərində olan hərəkətidir. Görəsən insanın ruhu da belədir? Yəni ruh üçün də 1 gün 24 saata bərabərdirmi? Dünyəvi və dini elmlərə əsasən bu sualın cavabı mənfidir. Ruh aləmində olan zaman cism aləmində olan zamandan tam fərqlidir. Əlbəttə, ruh aləmində zaman kəlməsi məcazi mənada işlənir və bizim bu məna ilə işimiz yoxdur. Bizim mövzumuz bu dünyada olduğumuz halda mənəvi və ruhani aləmdəki zamanda olan hərəkətdir. Əgər ayələrə və hədislərə nəzər salsaq, mənəvi aləmdə olan zamanla maddi aləmdə olan zamanın fərqini aydın şəkildə müşahidə edə bilərik. Misal üçün, Allah Təala yanında ayların sayı 12-dir. Bu 12 ayın içində 3 ay (Rəcəb ayı, Şəban ayı və Mübarək Ramazan ayı) vardır ki, bu 3 ayın günləri digər ayların günlərinə nisbətdə daha üstündür. İnsanın bu üç ayda etdiyi ibadət və xeyirli işlər digər aylarda etdiyi ibadətlərdən qat-qat üstündür. Yaxud, Cümə günündə olunan ibadət, adi günlərdə edilən ibadətlərdən daha fəzilətlidir. Hətta bu 3 ayın içində ən üstün ay Mübarək Ramazan ayıdır ki, Allah Təala Öz bəndələrinə olan xüsusi qonaqlığı bu ayda təsadüf edir. Maddi aləmdə olan bir gecə ilə mənəvi aləmdə olan gecənin arasında olan fərq yerlə göy qədərdir. Bir gecəmiz çox olsa qış fəslində 14 saat olar. Amma Mübarək ramazan ayında olan Qədr gecəsi 1000 aydan daha üstündür. Yəni, insan mənəvi aləmdə bir gecənin içində 1000 aylıq yol gedə bilər. Təbiət aləmində olan gecə elə həmin gecədir, amma mənəvi aləmdə isə bu gecə ən azı 1000 aya bərabərdir. Bunun səbəbi isə cism ilə ruh arasında olan fərqlilikdir. Cism təbiət aləminin qanunları əsasında hərəkət edir və bu səbəbdən də onun hərəkət sürəti zəif və məhduddur. Ruh isə ruhani və mənəvi aləmin qanunları ilə hərəkət edir. Ruh aləmində məhdudiyyət olmadığı üçün, bu aləmdə olan hərəkət də nəhayəti olmayan bir səfərdir. Həzrət Peyğəmbərin (s) meracını, hər gecə gördüyümüz yuxuları və mübarək Səcdə surəsinin 5-ci ayəsini dəlil olaraq gətirmək olar.


Bütün bunların hamısı indi qeyd edəcəyimiz bir məsələ üçün giriş idi. Artıq mübarək Şəban ayının ortalarındayıq. Hədislərə əsasən min aydan daha üstün olan Qədr gecələri bu 5 gecənin içində qərar tutur. Bunlar Şəban ayının 15-ci və mübarək Ramazan ayının 19, 21, 23, 27- ci gecələridir. Qədr gecələrinin mübarək Ramazan ayında olması hamıya məlumdur. Bu səbəbdən Şəban ayının 15–də qərar tutan Qədr gecəsi haqda qısaca məlumat vermək istərdik. Hədisə əsasən insanların ömürləri bu ayda təqdir olunur. Bu səbəbdən çalışmaq lazımıdır ki, öz müqəddəratımızı bu gecədə düzgün həll edək. Bu gecəni digər Qədr gecələri kimi oyaq qalıb ibadətlə məşğul olmağın fəziləti olduqca böyükdür. Yəni, bu gecədən istifadə edərək mənəvi aləmdə 1000 aylıq yol getmək olar. Bu hər an ələ düşən bir fürsət deyil. Bu gecənin digər bir xüsusiyyəti isə sonuncu imamımız olan Həzrət İmam Zamanın (ə.f) təvəllüdüdür. Elə bir şəxs ki, dünyanı Allahın ədaləti ilə doldurub yer üzərini bütün çirkinliklərdən paklayacaq. İslam dinini bütün dünyaya çatdırıb, zülmün kökünü əbədi olaraq kəsəcək. Bu münasibətlə bütün müsəlmanları və məxsusən məzlumları təbrik edirik və onlardan İmam Zaman Ağanın (ə.f) zühurunun təcil olmasından ötrü dua etməklərini xahiş edirik. Bayramınız mübarək olsun!





 


Teqlər