Dek 12, 2015 02:42 Asia/Baku
  • İmam Rza(ə)-dan hədislər
    İmam Rza(ə)-dan hədislər

İnsanda üç xasiyyət olmayınca o, mömin sayılmaz. Bu xasiyyətlərin biri insana öz Allahından, biri öz peyğəmbərindən, biri də öz imamından keçər.

Allaha məxsus olan birinci xüsusiyyət sirləri gizlətməkdir. Peyğəmbərə məxsus olan ikinci xasiyyət camaatla xoş davranmaqdır. Imama məxsus olan üçüncü cəhət isə çətinlik və bəla vaxtı səbr etməkdir.

İbadət orucun və namazın çoxluğunda deyil. Əsl ibadət Allahın yaratdıqları barədə çox düşünməkdir.

Təmizliyə riayət etmək peyğəmbərlərin əxlaqındandır.

Elə bilmə ki, əmin bildiyin adam sənə xəyanət edib. Sən xaini əmin bilmisən. (Yəni xəyanətlə qarşılaşanda özünü təqsirkar bil ki, xaini vaxtında tanımayıb ona əmanət etibar etmisən).

Susmaq hikmət qapılarından biridir. Susmaq dostluğa səbəb olur. Susmaq bütün yaxşılıqlara doğru aparan bələdçidir.

“Ən alçaq və səfil insan kimdir?” sualına cavab olaraq buyurdu: “Malik olduğu şeyi Allahdan əsirgəyən adam”.

İnsanın ağlı onun dostudur, nadanlıq isə insanın düşmənidir.

Xoş niyyətini və sevgisini adamlara bildirmək ağlın yarısıdır.

Allah çox danışmaqla, malı tələf etməklə və başqalarından çox şey istəməklə düşməndir.

Allahın ən xeyirli bəndəsi barədə İmamdan soruşdular. Cavab verdi: “Ən xeyirli bəndə odur ki, yaxşılıq edndə sevinir, pislik edəndə bağışlanmaq diləyir (istiğfar edir), ona bir şey əta olunanda şükr edir, başına bəla gələndə səbr edir, qəzəblənəndə bağışlayır”.

O həzrətdən təvəkkülün həddi-hüdudu barədə soruşdular. Cavab verdi: “Təvəkkülün ən son həddi odur ki, Allahdan savayı heç kimdən qorxmayasan”.

Evlilik münasibətilə yemək süfrəsi açıb qonaqlıq vermək sünnətdəndir.

İman dörd dayaq üzərində durub: Allaha təvəkkül etmək, Allahın qəzavü-qədərinə razı olmaq, Allahın əmrinə təslim olmaq və bütün işləri Allahın öhdəsinə buraxmaq.

Bircə qurtum su ilə olsa belə, qohumlarla ünsiyyət saxla (sileyi-rəhmi qoru). Ən yaxşı sileyi-rəhim odur ki, qohumlara əziyyət verməyəsən. Allah Quranda buyurub: “Ey iman gətirənlər! Sədəqələrinizi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın!” (Bəqərə, 264).

Ruzi qazanmaq üçün çalışan və ailəsini saxlayan adamın savabı Allaş yolunda döyüşən mücahidin savabından daha çoxdur.

İki ordu döyüşəndə daha çox əfv edən tərəf həmişə qalib gələr.

Səxavətli adam camaatın süfrəsindən yeyər ki, onun da süfrəsindən yesinlər. Paxıl adam isə camaatın sürəsindən yeməz ki, onun süfrəsindən də heç kim yeməsin.

Biz Əhli-beyt də Peyğəmbər kimi verdiyimiz sözə borc kimi baxırıq.

Elə bir zaman gələcək ki, salamat qalmağın ondan-doqquz hissəsi camaatdan uzaq gəzmək, ondan-bir hissəsi isə susmaq olacaq.

Zəifə yardım göstərməyin sədəqə verməyindən daha üstündür.

Bu üç xasiyyətə sahib olmayınca bəndə imanın həqiqi kamilliyinə çatmaz: dini məsələlərdə araşdırma aparmaq, dolanışıqda əndazəni gözləmək və bəlalara səbr etmək.

İnsanların ən pisi odur ki, əlinə gələni başqalarından əsirgəyir, təklikdə yemək yeyir və köləsini döyür.

Ağıl Allahın bəxşişidir. Ədəb isə zəhmətlə qazanılar. Hər kim ədəbli olmaq üçün zəhmət çəksə məqsədə çatar. Hər kim ağıllı olmaq üçün çalışsa, yalnız öz nadanlığını artırar.

Paxıl adamın rahatlığı olmaz. Həsəd aparan adam heç nədən ləzzət duymaz. Hökmdarda vəfa, yalançıda mürüvvət olmaz.

Kişi öz dilinin altında gizlənib. (Yəni hər kəsin qabiliyyətini danışdığı sözdən bilmək olar).

Əməldən qabaq tədbir görüb düşünmək səni sonrakı peşmançılıqdan xilas edər.

Pis adamlarla durub-oturmaq yaxşı adamlara qarşı bədgüman olmağa səbəb olar.

Qiyamət günü üçün ən pis azuqə – Allahın bəndələri ilə düşmənçilik etməkdir.

Öz qədr-qiymətini bilən adam həlak olmaz.

Qiyamət günündə o adam mənə ən yaxın məqamda duracaq ki, bu dünyada əxlaqı ən gözəl olsun və ailəsi ilə ən yaxşı tərzdə davransın.

Hər kim bir müsəlmana xəyanət etsə, bizdən deyil (yəni Peyğəmbərin ümmətindən sayılmaz).

Mömin odur ki, əsəbiləşəndə qəzəb onu haqqı pozmağa təhrik etməz.

Ən çətin olan bu üç işdir: haqqı qorumaq – hətta sənin ziyanına olsa belə, həmişə Allahı xatırlamaq və öz mal-dövlətini din qardaşın ilə bölüşmək.

İmam Rza (ə) xəlifə Məmunun əmri ilə Mədinədən Mərvə gətirilərkən Nişapur şəhərində on minlərlə adam karvanın pişvazına çıxır. Hətta İmamın dilindən çıxacaq hədisləri yazıya almaq üçün gələn katiblərin sayı 24 min nəfər imiş. İmam izdihamın xahişi ilə kəcavənin pərdəsini qaldırıb buyurur: “Atam Musa ibn Cəfər öz atası Cəfər ibn Mühəmməddən, o öz atası Mühəmməd ibn Əlidən, o öz atası Əli ibn Hüseyndən, o öz atası Hüseyn ibn Əlidən, o öz atası əmirül-möminin Əli ibn Əbu Talibdən, o Allahın Rəsulundan, o Cəbraildən, o isə Allah-təaladan rəvayət edib: “La ilahə illəllah kəlməsi mənim qalamdır. Hər kim bu qalaya daxil olsa, əzabımdan amanda qalar”. İmamın sözləri bitib karvan yola düşməyə hazırlaşanda o həzrət əlavə edir: “Bunun şərtləri var və mən həmin şərtlərdənəm”. Göründüyü kimi, yuxarıdakı rəvayət hədisi-qüdsi təbəqəsinə aiddir. Bu hədisi kitablarda “Silsilətüz-zəhəb” (qızıl zəncir) hədisi adlandırıblar. Çünki onun bütün raviləri, yəni hədisin sənəd zəncirinin halqaları məsum imamlardan, peyğəmbərdən və mələkdən ibarətdir.

Teqlər