Ayıq, müdrik, gözüaçıq, tələskən olmayan, diqqətli – möminin nişanələri
Ayıq, müdrik, gözüaçıq, tələskən olmayan, diqqətli – möminin nişanələri
İmam Əli (ə) buyurur: “Möminin nişanələrindən budur ki, ayıqdır, müdrikdir, gözüaçıqdır. Mövzuları yaxşı dərk edir, insanları yaxşı tanıyır, ancaq əməldə əcələ etmir. Görməli olduğu işi qayğı və diqqətlə yerinə yetirir”.
Yəni, mömin o kəsdir ki, uzaqgörən və ayıqdır. Gördüyü hər bir işdə atdığı addımları düşünüb yerinə yetirər. Əməldə lazımsız tələskənlik etməz və etdiyi işi qayğı ilə yerinə yetirər.
İnsanların bəzisi zəngindir, bəziləri yoxsur. Zəngin olanların bir çoxu mallarında israf edərlər, yoxsul olanların bir çoxu isə öz çətinliklərini başqalarının üzünə vurarlar və gileylənərlər.
Ancaq həqiqi mömin belə olmamalıdır. Əgər zəngirdirsə, heç bir zaman israfa yol verməz. Onlar mötədil insanlardırlar. İqtisadi işlərində etidala riayət edirlər. Əgər yoxsuldursa, abrını qoruyar. Heç kəsə hacət əlini açmaz, izzəti-nəfsi icazə verməz ki, başqaları onun yoxsul olduğunu öyrənsin.
Mömin hər bir şeydə mötədil olduğu kimi, vaxt və zamanda da etidala riayət edər. Mömin proqramını elə qurar ki, burada həm təhsil, həm ünsiyyət, həm də ruzi qazanmaq üçün vaxt qalsın. Heç birində ifrat və ya təfrit etməz.
Əgər insan etidalı həyatında əsil hədəf qərar versə, işin kəmiyyətinə də təsir göstərəcəkdir. Misal üçün, bir insanın sərvəti vardır və ondan bir hissəsini öz maddi ehtiyacları üçün götürər, bir hissəsi ilə yoxsullara infaq edər, qohumlarının, qonşularının əlindən tutar. Əgər bu insan bütün sərvətini infaq etsə, ailəsinin ehtiyaclarını təmin etmək üçün başqalarına möhtac olar. Bu, dinimizin nəzərində düzgün iş sayılmır.
Mömin öz şəninə uyğun olaraq qazandığı gəlirdən öz ehtiyacları üçün xərcləyər, bir hissəsini isə yoxsullara infaq edər.
İmam Əli (ə) buyurur: “Mömin zəngin olan zaman öz şəxsi xərclərində həddini aşmaz və israf etməz. O halda ki, ətrafında bir vədə yeməyə möhtac olan insanlar yaşayarlar. O, rəngli süfrələr açmaz. O, öz və ailəsinin şəninə uyğun olaraq orta həddi təyin edər ki, həyat ehtiyaclarını təmin etsin. Nə israf edər, nə də simiclik üzündən onu o qədər az xərcləyər ki, xəstəliyə düçar olsun”.
İmamın (ə) buyurduğu kimi, hər kəsin etidal həddi onun həyat ehtiyaclarından asılıdır. İnsan gərək öz şəninə uyğun olaraq, özü üçün orta həddi müəyyən etsin və o həddi aşmasın.
Mömin yoxsul olarsa, izzəti-nəfsi onun üçün çox mühüm olar. İstəməz ki, ətrafında olanlar onun nə qədər ehtiyaclı olduğunu hiss etsinlər. Başqalarına hacət üçün əl açmaz, özü qənaət edib, ehtiyaclarını təmin etməyə səy göstərər. “Nadan, onları çox iffətli (həyalı) olduqları üçün imkanlı hesab edər. Onları üzlərindən tanıyarsan, insanlardan israrla bir şey istəməzlər. Allah şübhəsiz ki, maldan xərclədiyiniz hər bir şeyi biləndir”.
Abır və izzəti-nəfs elə fəzilətlərdəndir ki, bütün insanlarda vardır. Hər kim onun qədrini dərk etsə, ona daha çox əhəmiyyət verər. Abır və izzət bütün insanlar arasında müştərəkdir – istər mömin olsun, istərsə də müşrik. Ancaq mömin bu fəzilətin dəyərini bildiyi üçün, onu əldən verməz və ona əhəmiyyət verər. Həyatının hər bir sahəsində etidala riayət edər ki, abır və izzətini əldən verməsin.