Sen 03, 2016 12:38 Asia/Baku
  • İslamda evlənməyin əhəmiyyəti
    İslamda evlənməyin əhəmiyyəti

İslamda evlənməyin əhəmiyyəti

İslamda evlənməyin əhəmiyyəti                                    

Gözəl və doğru insan tərbiyəsi üçün ailə mühüm məktəblərdən biri sayılır. Ailə mühitində ər-arvad bir çox insani fəzilətlərə nail ola bilər ki, bunun da nəticəsində çoxlu əxlaq pozğunluqlarını özlərindən uzaq edərlər.

Evlənmək Peyğəmbərin (Allahın ona və pak əhli-beytinə salamı olsun) şəriətidir

Müqəddəs İslam Şəriəti evlənməyə yüksək diqqət yetirərək onu bütün müsəlmanlar üçün təkid etmişdir. Belə ki, əziz Peyğəmbər buyurur:

“Allah yanında evlənməkdən daha sevimli, bəyənilən bir şey yoxdur.”

Həzrət Əmirəl-möminin Əli ibn Əbi Talib buyurub:

“Evlənin! Çünki evlənmək Allah Rəsulunun sünnətidir ki, həmişə buyururdu: “hər kəs mənim sünnətimə tabe olmaq istəyirsə, (onda bilməlidir ki,) mənim sünnətimdən biri də evlənməkdir.”

İslam oğlan və qızlara daha tez evlənmələrini əmr edərək bu mühüm məsələyə o qədər təkid edir ki, hətta əziz Peyğəmbər evlənməməyi öz sünnətindən üz döndərmək kimi qiymətləndirmişdir. “Evlənmək” söhbəti olan evi ən yaxşı ev kimi tanımışdır.

Yoxsulluq evlənməyə mane olmamalıdır

İslam valideynləri, habelə onların simasında bütün insanları öz qız və oğlanlarını evləndirməyə sövq edir:

“Ərsiz arvadları, kənizləri və arvadsız kişiləri və öz layiqli qullarınızı (möminlər arasında arvadsız kişi və ərsiz arvad qalmasın deyə) bir-biri ilə evləndirin. Əgər arvad və ya kişi kasıb olarsa, Allah Öz məhəbbəti ilə onları ehtiyacsız edəcəkdir. Allah bəndələrinin halından agahdır və Onun rəhməti böyük və tükənməzdir.”

Bu şərif ayə demək istəyir ki, kasıblıq evlənməyin qarşısına sədd çəkməməlidir. Əks halda bu şeytan vəsvəsəsidir. Şeytan vəsvəsəsindən qorxmaq isə, həqiqətdə mehriban Allah barəsində sui-zənn etməkdir. Allaha qarşı bədgüman olmaq haramdır. Allah evlənən yoxsullara, onların çətinliklərini aradan qaldıracağına və onları Öz köməkliyi ilə ehtiyacsız edəcəyinə söz vermişdir.

Peyğəmbərimiz ümmətinin evlənməsi ilə fəxr edir

Evlənmək və müsəlman nəslinin qorunması Allah rəsulunun iftixarıdır. Belə ki, Həzrət Mühəmməd buyurub:

“Evlənib ailə qurun və nəsil artırın ki, qiyamət günü sizlərlə, hətta ana bətnindən düşmüş uşaqla belə fəxr edəcəyəm.”

Əziz İslam Peyğəmbəri başqa bir hədisdə buyurub: “Mən sizə peyğəmbər olmaqla yanaşı evlənir, dadlı yemək yeyir, camaatla əlaqə saxlayaraq onların arasında yaşayıram. Hər kəs mənim sünnət və həyat tərzimdən üz döndərsə məndən deyil.”

Evlilik üçün maneələr yaradılmamalıdır

İslam evlənməyin asan olması üçün sədd və maneələri bu mühüm işin yolundan qaldırmışdır. İslam nəzərincə cehiz və mehriyyə nə qədər az olsa bir o qədər yaxşıdır. Bir qayda olaraq Peyğəmbərin, məsum İmamların və İslam dininə iman gətirmiş ilk müsəlmanların adətindən məlum olur ki, evlənmək qarşısında maneə yoxdur, ona görə ki, onlar bütün çətinlikləri aradan götürmüşlər.

İslam batil və xurafat olan məsələləri kənara atmışdır. Rəsuli Əkrəm (Allahın ona və pak əhli-beytinə salamı olsun) bu barədə “Xurafat İslamın ayağı altında (əzilmiş və) aradan getmişdir” – deyə buyurmuşdur. Həzrət Peyğəmbərin öz izdivacı, eləcə də qızı Həzrət Fatimeyi Zəhra ər evinə getməsi bunu göstərir ki, İslam xurafat və cahiliyyətlə lazımınca mübarizə aparmışdır.

Teqlər