Yan 10, 2019 14:50 Asia/Baku
  • Amnesty İnternational Mehman Hüseynovun azadlığa buraxılmasına çağırıb

Turan xəbər agentliyinin verdiyi məlumata görə, Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı rəsmi Bakını bloger Mehman Hüseynovu "dərhal və şərtsiz" həbsdən azad etməyə çağırıb.

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı rəsmi Bakını bloger Mehman Hüseynovu "dərhal və şərtsiz" həbsdən azad etməyə çağırıb.

Təşkilatın bəyanatında deyilir ki, o, yeni cinayət işi üzrə daha 7 il həbs cəzasına məhkum edilə bilər.

Amnesty İnternational Hüseynovun aclıq etməsilə əlaqədar səhhətinin ciddi təhlükə altında olmasından narahatlığını bildirib.

Bloger etiraz olaraq 15 gündür aclıq edir. 

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı Cəzaçəkmə Müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib. O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını bəyan edib. Hazırda bloger su içsə də qida qəbulundan imtina etməkdə davam edir.

Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.

Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Facebook səhifəsinin 350 minə yaxın izləyicisi var.

Rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirsə də beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.

Amnesty İnternational ölkədə ondan çox insanı vicdan məhbusu elan edib.