Apr 25, 2024 16:05 Asia/Baku
  • Amnesty International 90 faizi görmədi

Amnesty International təşkilatı dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatında 2023-cü ildə insan hüquqları pozuntularının geniş yayıldığını vurğulayır.

Hesabatın Azərbaycanla bağlı hissəsində ötən ilin sentyabrında Qarabağdakı hərbi əməliyyat nəticəsində etnik erməni əhalinin əksəriyyətinin bölgəni tərk etməyə məcbur qaldığı qeyd edilir.

Amnesty International Azərbaycan hakimiyyətinin hərbi qələbədən istifadə edərək öz idarəçiliyini daha da möhkəmləndirdiyini və tənqidçilərə qarşı təzyiqləri artırdığını bildirir.

Hesabata əsasən, ötən bir il ərzində hökumətin ifadə azadlığına qarşı təzyiqləri güclənib, dinc etiraz aksiyaları sıxışdırılıb, media orqanlarının və müstəqil təşkilatların işi əsassız olaraq məhdudlaşdırılıb, jurnalistlər, hüquq müdafiəçiləri və fəallar gördükləri işlərə görə həbs ediliblər.

Hesabatda qərbyönümlü siyasətçilər və medialara qarşə həbslərə tam təfərrüatı ilə toxunulsa da siyasi məhbusların 90 faizini təşkil edən çoxsaylı dindarın saxta ittihamlarla həbs edilmələrinə heç bir işarə olunmayıb.

Hesabatda Azərbaycanda dinc toplaşma azadlığının vəziyyətinə toxunularaq qeyd edilir ki, hakimiyyət vətəndaşların dinc toplaşma azadlığını ədalətsiz şəkildə məhdudlaşdırmaqdadır.

Bu baxımdan ötən il iyunun 20-də polis Gədəbəy rayonunun Söyüdlü kəndində yerli əhalinin qızıl mədəninin planlaşdırılmış genişləndirilməsinə qarşı keçirdikləri dinc ekoloji etiraz aksiyasının zorakılıqla dağıdılmasından bəhs edilir.

Bildirilir ki, dinc etirazlar zamanı təxminən on nəfər yaralanıb, çoxsaylı etirazçı, habelə hadisələri işıqlandırmağa çalışan jurnalistlər saxlanılıb, kəndə giriş məhdudlaşdırılıb və yalnız yerli sakinlərin və hökumətyönlü media qurumlarının girişinə icazə verilib.

Hesabatda həmçinin Azərbaycanda qadınların siyasi qisas obyekti kimi hədəfə alınmaqla yanaşı, gender zəminində zorakılığın müxtəlif formaları ilə üzləşməkdə davam etdiyi bildirilir.