İlham Əliyevin quru sərhədlərin bağlı qalması barədə dedikləri təəccüblə qarşılandı
Sərhədlərin bağlı saxlanması normal qərar deyil
Azərbaycan Respublikası prezidentinin quru sərhədlərin bağlı qalması ilə əlaqədar dedikləri gündəm olub.
İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən beynəlxalq forumda etdiyi çıxışında ölkə sərhədlərinin bağlı qalmasını milli təhlükəsizlik məsələləri ilə əlaqələndirib.
O deyib: “Sərhədləri bağlı saxlamaq qərarı kovidə görə verilib. Biz hələ də formal olaraq karantin fazasındayıq. Lakin eyni zamanda, açıq danışaq, sərhədləri bağlı saxlamaq qərarı təkcə ona əsaslanmır. Sərhədlərin bağlı olması azərbaycanlılar və digərləri üçün əlverişsiz olsada, milli təhlükəsizlik bütün digər hisslərdən, bütün başqa səbəblərdən üstün olmalıdır”.
İ.Əliyev sərhədlərin bağlı olduğu müddətdə Azərbaycanda təhlükəsizliyin gücləndiyini gördüyünü iddia edib.
“Prezident, milli təhlükəsizlik məsələləri ilə hər gün məşğul olan adam kimi deyə bilərəm ki, sərhədləri bağladıqdan sonra bunun milli təhlükəsizliyə saysız-hesabsız xeyrini görmüşük. Və bu reallıqdır”, - deyə o vurğulayıb.
Bundan əvvəl Əliyev sərhədlərin bağlı qalması qərarının "insanların xəstələnməməsi" üçün verildiyini demişdi.
Qeyd edək ki, 2020-ci ilin əvvəlində koronavirus pandemiyası ilə bağlı Azərbaycanın qonşu ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb. Amma ötən il mayın 5-də Dünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını desə də, bu məhdudiyyət aradan qaldırılmayıb.
Azərbaycanın müxalifət partiyaları quru sərhədlərin açılamamasını tənqidlə qarşılayır. Hətta bununla bağlı ölkədə etiraz aksiyalarına da cəhdlər edilib.
Etirazçılar deyirlər ki, heç bir ölkənin sərhədləri təhlükəsizlik amillərinə görə, belə uzun müddət qapalı saxlanmır. Üstəlik, bu, turizmin inkşafına da mane olur. Eyni zamanda İranla sərhədlərin bağlı qalması Azərbaycanın sərhəd bölgələrində yaşayan insanların məişətinə mənfi təsir göstərib və xəstələrin İrana gedərək ucuz və etibarlı müalicə almasına mane olub.
Hazırda Azərbaycan Respublikasında hər üç aydan bir xüsusi karantin rejiminin vaxtı uzadılır.