Yan 20, 2020 08:46 Asia/Baku
  • Azərbaycan XİN: 20 yanvar faciəsinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır
    Azərbaycan XİN: 20 yanvar faciəsinin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ( XİN) 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb. Bəyanatda 20 yanvar faciəsinin sifarişçiləri və icraçıları cəzalandırılmaları tələb olunur.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı sənəddə yazılıb ki, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə 26.000 nəfərlik sovet ordusu Azərbaycanın Bakı, Sumqayıt və başqa şəhərlərinə yeridilərək “Udar” adlı əməliyyatı həyata keçirib: “Bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirildi və 744 nəfər ağır xəsarət aldı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil oldu”

Bəyanatda habelə qeyd edilib ki, 1990-cı il yanvarın 19-da SSRİ Ali Sovetinin sədri M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzalayıb:

“Lakin əhalinin bundan məlumatsız qalması üçün SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu tərəfindən Azərbaycan televiziyasının enerji bloku partladıldı və respublikada televiziya verilişləri dayandırıldı. Beləliklə də, həmin gecə qoşunlar fövqəladə vəziyyətin elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq dinc əhaliyə amansız divan tutdu”.

XİN bəyanatında qeyd edir ki, 30 il bundan öncə baş vermiş 20 Yanvar hadisələri beynəlxalq ictimaiyyətin siyasi-hüquqi qiymətləndirilməsini tələb edir: “Bu dəhşətli faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub”

Bəyanatın sonunda da oxuyuruq:

“ Öz mahiyyətinə və miqyasına görə bu hadisə XX əsrdə törədilmiş dəhşətli cinayətlərdən biridir. Bu cinayətə görə keçmiş sovet rəhbərliyi bilavasitə məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən 20 yanvar hadisələri insanlıq əleyhinə cinayət kimi tövsif edilməli, onun sifarişçiləri və icraçıları cəzalandırılmalıdır”.

 

Şərhlər