Fev 15, 2020 14:32 Asia/Baku
  • Müxalifət bazar günü mitinqi MSK-nın qarşısında keçirməyi qərara alıb
    Müxalifət bazar günü mitinqi MSK-nın qarşısında keçirməyi qərara alıb

  Bazar günü müxalifətin etiraz aksiyası saat 15:00-dan 16:00-dək MSK-nın binası  qarşısında keçiriləcək.

Bu barədə Respublikaçı Alternativ Partiyasının (REAL) rəhbəri İlqar Məmmədov Facebook səhifəsində yazıb.

O qeyd edib ki, hakimiyyətin təklif etdiyi kimi, mitinqin Lökbatanda stadionda keçirilməsində bir qəbahət yoxdur.   

“Bəlkə başqa bir şəraitdə bunu edərdik, amma 16 fevralda dinc etiraz mitinqimiz MSK-nın qarşısında olacaq. Bakı Şəhər İcra Hakimiyyəti sərbəst toplaşma haqqımızı bu bir neçə gündə kobudcasına pozub. Baxmayaraq ki, mitinqin keçirilməsi üçün ona ümumilikdə 7 yer təklif etmişdik, hamısını rədd etdi. Odur ki, qanunla nəzərdə tutulmuş qaydada dinc, demokratik, konstitusion mitinqimizi fevralın 16-da saat 15:00-dan 16:00-dək MSK-nın qarşısındakı ərazidə keçirəcəyik”, - İ.Məmmədov yazıb.  

O qeyd edib ki, aksiya ilə bağlı şəhər administrasiyasına müvafiq xəbərdarlıq göndərilib.

Bu məlumatı Müsavat Partiyası sədrinin müavini Fərəc Kərimli də təsdiqləyib.

Fevralın 11-də REAL, Müsavat partiyaları, D18 Hərəkatı və müstəqil namizədlər Fərhad Mehdiyev və Günel Səfərli seçkilərin saxtalaşdırılmasına etiraz olaraq fevralın 16-da “28 may” metro stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə bildiriş ilə şəhər meriyasına müraciət ediblər.

Lakin hakimiyyət aksiyanı Lökbatanda keçirməyi təklif edib.

Fevralın 13-də təşkilatçılar növbəti müraciəti göndəriblər. Lakin bu dəfə də meriya Lökbatanı təklif edib.

Fevralın 14-də təşkilatçılar paytaxtın Polis İdarəsinə çağırılıblar və onlara xəbərdarlıq edilib ki, başqa yerdə keçiriləcək mitinqin qarşısı alınacaq.