Noy 25, 2020 09:57 Asia/Baku
  • Azərbaycan Respublikasının Xalq artisti Əjdər Həmidov vəfat edib

Azərbaycan Respublikasının teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.

SəhərAzəri Apa-ya istinadla xəbər verir, bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O bildirib ki, bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Əjdər Həmidov insultdan əziyyət çəkirdi.

Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. O, Azərbaycan Respublikasının kino və teatr səhnəsində müxtəlif janrlı və maraqlı obrazlar yaradıb.

Ə.Həmidov 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib.

2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.

Əjdər Həmidov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2018-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.

Əjdər Həmidov bu gün Şabranda dəfn olunacaq. Aktyor ata və anasının yanında dəfn olunmağını vəsiyyət edib.

Allah rəhmət eləsin.

Teqlər