Dec 03, 2018 20:46 Asia/Baku
  • Fransada böhran
    Fransada böhran

Fransa hökumətinin sərmayə sahiblərinin maraqlarına köklənmiş siyasətləri bu ölkə xalqının səbr kasasını daşırıb. Artıq günlərdir ki, Paris və Fransanın digər iri şəhərləri hökumət əleyhinə xalq etirazlarının şahididir. Etiraz aksiyalarını yatırtmağa çalışan Fransa polisinin zorakılığı isə ciddi qarşıdurmalara səbəb olub.

Qəzəb, zorakılıq və xəsarət... Macron hökumətinə qarşı üçüncü etiraz dalğası bu üç xüsusiyyəti ilə  yadda qaldı.

“Sarı gödəkçəlilər” adı ilə tanınan anti-kapitalizm cərəyanının cümə axşamı Fransanın bir neçə şəhərində başlanan etiraz aksiyası dünən gecə boyunca davam edib.

Aksiya iştirakçılarından biri deyir: “Etiraz aksiyası səhər saatlarından başlanıb. Biz hökumətin siyasətlərindən razı deyilik və sonuna kimi öz mübarizəmizi davam etdirəcəyik. Prezident isə belə bir vaxtda səfərə çıxaraq, əyləncə axtarır. Onun ölkəyə qayıtmasını da istəmirik.”

Polisin müdaxiləsi ilə qarşıdurmaya çevrilən etiraz aksiyasında 110 nəfər ciddi xəsarət alıb. Bir neçə nəfərin vəziyyətinin ağır olduğu bildirilir.  300 nəfər isə saxlanılıb. Ötən 16 gündə Fransada cərəyan edən anti-kapitalizm aksiyasında ümumilikdə 2 nəfər həlak olub, mindən çox insan xəsarət alıb. Polis tərəfindən saxlanılanların sayı isə 1500 nəfər elan edilib.

Aksiya iştirakçılarından biri deyir: “Dünən saat 8-dən başlayaraq, bizə tərəf gözyaşardıcı qazlar atmağa başlayıblar. Halbuki, heç bir zorakılıq halı müşahidə edilmirdi. Bu gün Fransanın bu kökdə olmasının səbəbkarı isə Makrondan başqası deyil.”

Paris ilə yanaşı Marsel, Nant və Bordo kimi digər iri şəhərlər də  polis ilə aksiya iştirakçıları arasında ciddi qarşıdurmaların şahidi olub. Fransanın cənub-qərbində yerləşən Odluav şəhərində isə bələdiyə binası yandırılıb. Fransanın qərbində, Nant şəhərində isə hava limanı bir neçə saatlığına narazı kütlə tərəfindən ələ keçirilib.

Aksiya iştirakçılarından biri deyir: “Makron istefa verməlidir. O, davamlı olaraq xərcləri artırmaqla az təminatlı təbəqəni daha da yoxsullaşdırır. Artıq səbr kasamız dolub və sərmayə sahiblərinin biz xalqa ağalıq etməsinə dözməyəcəyik.”

Xalq etirazlarına baxmayaraq, Fransa hökuməti güzəştə getməyəcəyini və öz siyasət kursunu dəyişməyəcəyini bildirib.

 

 

Teqlər

Şərhlər