Avq 25, 2020 08:29 Asia/Baku
  • Suriya Xarici İşlər Nazirliyi:

Suriyanın Xarici İşlər Nazirliyi bir bəyanat yayaraq, Əl-Həsəkə vilayəti və onun ətrafında yaşayan insanların içməli suyunun kəsilməsi ilə bağlı Türkiyənin hərəkətini qınayıb və vurğulayıb ki, Türkiyə içməli sudan da siyasi məqsədlər üçün sui-istifadə edir.

SəhərAzəri xəbər verir, Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "Türkiyə quruluşu və onun muzdluları ABŞ hökumətinin dəstəyi ilə sudan mülkilərə, o cümlədən uşaqlar, qadınlar və yaşlılara qarşı bir silah kimi istifadə edir və bu, beynəlxalq qanunlar və Cenevrə Konvensiyasına əsasən, müharibə cinayəti və bəşəriyyətə qarşı cinayətdir".

Suriyanın Xarici İşlər Nazirliyi bu cinayətin davam etməsi barədə xəbərdarlıq edərək, sudan bir müharibə vasitəsi kimi istifadə edilməsinin dəhşətli humanitar nəticələrə gətirib çıxaracağını elan edib.

Suriyanın Xarici İşlər Nazirliyi, həmçinin BMT və xüsusilə bu təşkilatın İnsani məsələlər üzrə koordinasiya bürosunu və Avropa İttifaqına üzv ölkələri bununla bağlı öhdəliklərinə əməl etməyə çağırıb. 

Türkiyə və onun dəstəklədiyi terrorçular iki həftə əvvəldən bəri Suriyanın şimalındakı Əl-Həsəkə vilayətinin içməli suyunu kəsiblər. Türkiyənin bu hərəkətinin fonunda Əl-Həsəkə və onun ətrafında yaşayan 1,5 milyondan çox Suriya vətəndaşı içməli su çatışmazlığı ilə üzləşiblər. Bu elə bir haldadır ki, Suriya da dünyanın digər ölkələri kimi, koronavirus pandemiyası ilə üz-üzədir.

Teqlər