Sen 26, 2020 10:03 Asia/Baku
  • Türkiyə İraqın şimalında PKK-nın mövqelərinə hava və artilleriya zərbələri endirib

Türkiyə Silahlı Qüvvələri PKK terrorçularının İraqın şimalındakı mövqelərinə aviasiya və artilleriya zərbələri endirib.

Səhər Azəri bildirir ki, İraq mənbələri Türkiyənin cümə günü gecə saatlarında İraqın şimalında PKK terrorçularının sığınacaqlarına aviasiya və artilleriya zərbələri endirməsindən xəbər veriblər.

İRNA-nın məlumatına görə, İraq Kürdüstanının təhlükəsizlik mənbələrindən biri Əl-Əxbariyyə portalına müsahibəsində Türkiyə qırıcılarının İraqın şimalında bir neçə bölgəni bombaladığını bildirib.

Eyni zamanda "Şəfəq Nyuz" portalı da Türkiyənin artilleriya bölmələrinin İraqın şimalındakı "Zaxo" bölgəsini hədəfə aldığını açıqlayıb. 

Türkiyə son illərdə dəfələrlə "Kürdüstan Fəhlə Partiyası" PKK ünsürlərini məhv etmək məqsədilə İraqın şimal məntəqələrində hərbi əməliyyatlar həyata keçirib. 

Bu hücumlar İraq hökuməti və digər ölkələrin etirazlarına səbəb olub.

İraq Prezident Administrasiyası Türkiyənin İraqın şimalına hücumlarını kəskin qınayaraq, qeyd edib ki, Türkiyənin İraq torpaqlarına təkrar hücumları Bağdadın suverenliyinin kobud şəkildə pozulması və beynəlxalq qanunlar və qonşuluq əlaqələrinə ziddir.

Türkiyənin İraqın şimalındakı dağlıq bölgələrə hücumları 2015-ci ilin iyul ayında Ankara ilə PKK arasında atəşkəs razılaşmasının pozulmasından sonra yenidən başlayıb.

Teqlər

Şərhlər