Dek 11, 2017 17:50 Asia/Baku
  • Ərdoğandan ABŞ-a və Avropaya xəbərdarlıq
    Ərdoğandan ABŞ-a və Avropaya xəbərdarlıq

Türkiyə prezidenti ABŞ ilə Avropanın Qüdsün durumunun böhranlı olmasında məsuliyyət daşıdıqlarını bildirib.

Rəcəb Tayyıb Ərdoğan bu gün Ankarada etdiyi çıxışında ABŞ ilə Avropanın Qüdsün durumunun böhranlı olmasında və nəzarətdən çıxmasında məsuliyyət daşıdıqlarını bildirib.

Ərdoğan İslam Əməkdaşlığı Təşkilatının İstanbulda keçiriləcək fövqəladə iclasına toxunaraq, onu Beytulmuqəddəsin vəziyyətinin araşdırılmasında bir dönüş nöqtəsi adlandırıb.

İslam Əməkdaşlığı Təşkilatının fövqəladə sammiti bu həftənin çərşənbə günü Türkiyənin İstanbul şəhərində keçirilməlidir. Bu sammitdə ABŞ prezidentinin Qüdsün sionist rejimin paytaxtı kimi tanınması üzrə göstərişi araşdırılacaq.

İran İslam Respublikası prezidenti Həsən Ruhani də bu sammitdə iştirak etməlidir.

Bundan öncə də Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bildirmişdi ki, Qüds müsəlmanların qırmızı xəttidir və Qüds şəhərinin Amerika tərəfindən sionist rejimin paytaxtı kimi elan olunacağı təqdirdə, bu rejimlə əlaqələrini kəsəcəkdir.

Tramp ötən çərşənbə günü bir çıxışda Qüdsü sionist rejimin paytaxtı kimi tanıdığını elan edərək, ABŞ dövlət departamentindən istədi ki, Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə hazırlıq görsün. Onun bu addımı bir çox dünya ölkəsinin mənfi reaksiyası ilə üzləşibdir.

 

 

Teqlər