Apr 04, 2016 17:47 Asia/Baku
  • “Biz daha operativ, daha çevik, daha samballı işləməliyik”

Elçin Şıxlı: “Biz daha operativ, daha çevik, daha samballı işləməliyik”

Cəbhə xətində baş verənlərlə bağlı əhali hər an məlumat almaq istəyir. Əldə edilən məlumatların hamısı da rəsmi olmadığı üçün ortada çaşqınlıq yaranır. Ekspertlərin fikrincə hərbi sahədəki intensivliyi, çevikliyi eyni dərəcədə informasiya yayma mövzusuna da tətbiq etmək lazımdır. Əhalidə müşahidə olunan ruh yüksəkliyi bəzən fərqli məlumatlarla ciddi narahatçılığa çevrilə bilər. Bu baxımdan mətbuat bu istiqamətdə atdığı addımlara diqqət etməli və peşəkarlığını daha da artırmalıdır.

 

“Ayna” və “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı mövzu ilə bağlı deyib ki,hal-hazırda məlumatların çatdırılmasında vəziyyət pis deyil: “Bir müddət sonra mətbuatın bu günlərdəki fəaliyyətini daha dəqiq qiymətləndirmək olacaq. Amma indiki müşahidələrimizə görə pis deyil. Təbii ki, daha yaxşı olmasını arzulayırıq. Cəbhədən alınan informasiyanın operativliyi nöqteyi nəzərdən ciddi çatışmazlıqlar var.

Məsələn Rusiyanın “Lifenews” kanalı gəlib Tərtərdə çəkiliş aparıb. Çəkiliş şəhərin girişində aparılıb. Adətən də şəhərin girişində taksilər və bu kimi maşınlar yığışır. Amma Rusiya bunu tam fərqli şəkildə təqdim edib. Guya Azərbaycan əhalisi rayonu tərk edir. Hətta yerli əhalidən aldıqları müsahibəni də tam fərqli şəkildə tərcümə edib təqdim edirlər. Amma onları Bakıya gətirən də, onlara icazəni verən də bizim tərəfdir. Biz artıq onların qarşısına şərt qoya bilərik ki, yalnız obyektiv məlumatlar verilsin.

 

Bu gün həssas bir dönəmdir və yalan məlumatların qarşısını almaq lazımdır. Biz bu cür yalan məlumatlara sonradan cavab verməməliyik, bu xəbərlərin yayılmasının qarşısını almalıyıq. Digər tərəfdən Müdafiə Nazirliyinin mətbuat xidməti daha çevik məlumatlar yaymalıdır. Bu gün səhərdən xəbər yayılıb ki, ermənilərin məntəqəsi vurulub, bir zabit ölüb.

 

Hər dəfə də deyirlər ki, bu mövzu ilə bağlı çəkilişlər təqdim ediləcək. Amma ortada heç bir çəkiliş yoxdur. İndiki texniki imkanlarla bu 30 dəqiqəlik bir məsələdir. Bu cür rəsmi faktlar olsa əlavə ruh yüksəkliyi yaratmağa ehtiyac qalmayacaq. Əhali bu cür məlumatları gördükdə əhval ruhiyyəsi də qalxır. Zatən əhval ruhiyyə çox yüksəkdir. Bunun arxasını gətirmək lazımdır. Bu baxımdan daha operativ, daha çevik, daha samballı işləmək lazımdır”.

 

/Deyerler.org/

Teqlər

Şərhlər