Beynəlxalq müşahidə missiyası Azərbaycandakı seçkiləri məyusedici dəyərləndirdi
-
Beynəlxalq müşahidə missiyası Azərbaycandakı seçkiləri məyusedici dəyərləndirdi
Azərbaycandakı seçkini müşahidə edən beynəlxalq missiya belə nəticəyə gəlib ki, Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) birgə bəyanatında deyilir ki, namizədlər çox olsa da, real siyasi müzakirənin olmamasına görə seçicilər nəticəyönümlü seçim edə bilməyiblər.
«Çox təəssüf edirəm ki, əldə edilə biləcək irəliləyişlər həqiqi demokratik seçkilərə imkan yaradan rəqabət mühiti ilə nəticələnmədi. Seçki günü səslərin sayılması məyusedici oldu. Bəzi real dəyişikliklərə ümid edirdim. Ənənəvi mediada təbliğat-təşviqat kampaniyasının ciddi işıqlandırılmaması, ictimaiyyətdə və televiziyada debatın olmaması cəmiyyətin seçkilərə diqqətinin az olmasının səbəblərindən biridir», – ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi Artur Qerasimov bildirib.
O deyib ki, bu seçkidə bir sıra perspektivli namizədlərə iştirak imkanı yaradılmayıb.
Səsvermə günü məntəqələrin 70 faizindən çoxunda pozuntu qeydə aldıqlarını vurğulayan koordinatorun sözlərinə görə, səslərin sayılması məntəqələrin yarısından çoxunda ciddi pozuntularla müşayiət olunub: «Protokolların verilməməsi, istifadə olunmamış bülletenlərin ləğv olunmaması kimi hallar qeydə alınıb. Bəzi məntəqələrdə seçki qutuları başqa otaqlara aparılıb. Orada nə olduğunu biz bilmirik».
A.Qerasimov Azərbaycanda seçicilərin sayı ilə bağlı Dövlət Statistika Komitəsi ilə MSK-nın rəqəmləri arasındakı ziddiyyətə də diqqət yetirib. Bildirib ki, bu qurumların təqdim etdiyi rəqəmlər arasında 2 milyona qədər fərq var. Bu da seçki sistemiylə bağlı şübhələr yaradır.