May 16, 2023 17:12 Asia/Baku

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvi Abbas Hüseynin anası Rəhimə Hüseynova oğluna azadlıq istədiyi və ona qarşı işgəncələrə son verilməsini tələb etdiyi üçün polislər tərəfindən naməlum istiqamətə aparılıb.

Siyasi məhbusun anası 15 may tarixində Prezident Aparatının qarşısında oğluna verilən işgəncələrlə bağlı etiraz aksiyası keçirib.

O, oğluna 8 ildir ardıcıl işgəncə verildiyini və bütün hüquqlarının pozulduğunu bildirib:

“Abbasdan 7 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi 3 min manat rüşvət istəyib. Abbasa yatmaq üçün çarpayını da pulla satmaq istəyib. O, da deyib ki, pulum yoxdur. Rəis də deyib yerim yoxdur. Abbas deyib yeriniz yoxdursa açın buraxın gedim evimə. Abbası dəfələrlə döyüblər. Burnunu sındırıblar”, - deyə siyasi məhbusun anası vurğulayıb.

Abbas Hüseyn 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub. 2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib. Bundan əvvəl də mətbuatda onun işgəncələrə məruz qaldığı ilə ağlı xəbərlər yayılıb.

 

Teqlər