Zərif İranın terrorçuluqla mübarizədə İraqı himayəsinin davam etməsini vurğulayıb
Okt 11, 2015 21:15 Asia/Baku
-
Zərif İranın terrorçuluqla mübarizədə İraqı himayəsinin davam etməsini vurğulayıb
İran xarici işlər naziri deyib ki, İran terrorçuluqla mübarizədə İraqı himayəsini davam etdirəcək.
IRIB-nin məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif İran rəsmiləri ilə məşvərət üçün Tehrana gəlmiş BMT baş katibinin İraq məsələləri üzrə xüsusi nümayəndəsi Yan Kubislə görüşdə deyib ki, İraqın rolu və bu ölkənin durumunun regionun sabitliyi və təhlükəsizliyinə təsiri mühümdür.İran xarici işlər naziri dünya ictimaiyyətinin İraq dövlətini terrorzim qarşısında dəstəkləməsi zərurətini vurğulayaraq, İraq, Suriya və Yəməndə terror qruplarına, o sıradan İŞİD-ə verilən bəzi dəstəkləri tənqid edib.
Zərif İraqda İŞİD-lə mübarizədə ABŞ-ın başçılıq etdiyi koalisiyanın fəaliyyətini zəif və qəbuledilməz adlandırıb. O, deyib ki, regionda terrorçu və təkfirçi qruplarla mübarizə mühümdür və dünya ictimaiyyəti bu qruplara birbaşa və ya dolayısı ilə dəstəklərin verilməsinə mane olmalıdır.
İran xarici işlər naziri BMT-nin bu təşkilatın üzvlərinin diqqətini İraqın durumu və şəraitinə cəlb etməkdəki rolunu vurğuyaraq, bildirib ki, İran İraqın ərazi bütövlüyünün qorunmasını vurğulayır və hər bir həll yolu İraqın və regionun təhlükəsizliyi, birliyi və sabitliyinin gücləndiricisi olmalıdır.
BMT baş katibinin İraq məsələləri üzrə xüsusi nümayəndəsi Yan Kubis də İraq məsələsinin həllinə kömək üçün regional və beynəlxalq tərəflərin iştirakını mühüm adlandırıb. O, bildirib ki, İraqda sosial, iqtisadi və təhlükəsizlik problemlərinin aradan qaldırılmasında beynəlxalq iştirakın cəlb olunmasına səy və mərkəzi dövlətin dəstəklənməsini himayə, BMT-nin prioritetlərindəndir.