Dek 21, 2016 10:05 Asia/Baku
  • Suriya böhranı haqda İran-Rusiya-Türkiyə bəyannaməsi
    Suriya böhranı haqda İran-Rusiya-Türkiyə bəyannaməsi

İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri müştərək bir bəyannamədə üç ölkənin demokratik, qeyri-firqəvi, çox məzhəbli və çox irqli bir ölkə olan Suriyanın ərazi bütövlüyü, istiqlaliyyəti və suverenliyini dəstəklədiyini bildirib.

IRIB-nin məlumatına görə, İran, Rusiya və Türkiyənin xarici işlər nazirləri Məhəmməd Cavad Zərif, Sergey Lavrov və Mövlud Çavuşoğlu dünən Moskvada bir bəyannamə yayaraq, vurğulayıblar: Üç ölkə bu qənaətdədir ki, Suriya münaqişəsinin hərbi həll yolu yoxdur və onlar BMT-nin bu təşkilatın Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi əsasında həmin böhranın həlli üzrə səylərdəki roluna təkid edirlər.

Bu bəyannamədə deyilir: İran, Rusiya və Türkiyə silahlı müxaliflərin mütəşəkkil surətdə çıxmaları və mülkilərin könüllü şəkildə boşaldılmasına səbəb olmuş Suriyanın Hələb şəhərinin şərq hissəsində göstərilən birgə səyləri alqışlayırlar və üzərlərinə öhdəlik götürürlər ki, bu proses fasilə yaranmadan və təhlükəsiz surətdə təkmilləşdiriləcək.

Bəyannamədə vurğulanıb: Tehran, Moskva və Ankara bütün Suriyada sivillərin azad şəkildə yerdəyişmələri, maneəsiz humanitar imkanın yaradılması və atəşkəsin genişləndirilməsinin önəmi barədə razılığa gəliblər.

Bu bəyannamədə üç ölkənin gələcəkdə Suriya dövləti ilə müxaliflər arasında müzakirə yolu ilə əldə olunacaq razılaşmanın zaminləri kimi rol oynamağa hazır olduğu bildirilir. Onlar İŞİD və Cibhətunnusrə ilə birgə mübarizə üzrə əzmkarlıqlarını və bu qruplar ilə silahlı müxalif qruplar arasında fərqin qoyulmasını vurğulayırlar.

Zərif, Lavrov və Çavuşoğlu həmçinin bir mətbuat konfransında xüsusən Suriyada bəzi Qərb və region ölkələrinin terror qruplarına olan köməklərinin tez bir zamanda dayandırılması vacibliyini vurğulayıblar.

Lavrov deyib: Bütün dünya ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, terrorizmin kökünü kəsmək üçün əllərindən gələni əsirgəməməlidirlər.

Zərif də bu mətbuat konfransında deyib: Terrorizmdən hətta qısa müddətli siyasi hədəflərə çatmaq üçün belə, bir vasitə kimi istifadə olunmamalıdır. Zira terrorizm ciddi bir təhdiddir və bizim hamımız onunla mübarizə aparmalıyıq.

Çavuşoğlu isə belə deyib: Suriya böhranının siyasi həlli və bu ölkənin hər yerində atəşkəsin bərqərarı üzrə səylər davam etdiriləcək.

Teqlər