Ruhani: Tehran-Ankara əlaqələrinin genişlənməsi bütün regionun stabilliyinin xeyrinədir
"Qonşularla əməkdaşlıq və dostluq münasibətlərinin genişləndirilməsi İranın xarici siyasətinin prinsiplərindəndir və Tehran-Ankara əlaqələrinin inkişafı bütün regionun stabilliyinin xeyrinədir".
Bu sözləri İran İslam Respublikası prezidenti Pakistanın İslamabad şəhərində keçirilən İqitisadi Əməkdaşlıq Təşkilatı (İƏT) sammitinin kənarında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə deyib.
Regionda iki önəmli ölkə olaraq İran və Türkiyənin əlaqələrinin inkişafda olduğunu deyən prezident Ruhaninin sözlərinə görə, müxtəlif sektorlarda münasibətlərin inkişafı üçün İran və Türkiyənin potensiallarını nəzərə alaraq Tehran-Ankaranın ikitərəfli və regional əlaqələri genişlənməlidir.
Ruhani regionun stabilliyinə köməyi iki ölkənin əməkdaşlıqlarının önəmli mehvərlərindən biri adlandırıb: Problemlər və ixtilafların siyasi həlli regionun təhlükəsizlik və stabilliyi ilə nəticələnə bilər.
"Terrorçular islam, region və bəşəriyyətin düşmənidir" deyən prezident Ruhani xatırladıb: İran İslam Respublikası region ölkələrinin ərazi bütövlüyünün qorunmasını vurğulayır və regionda, xüsusilə də Suriya və İraqda ərazi bütövlüyünün pozulmasına qarşıdır.
İran prezidenti həmçinin region ölkələri arasında ixtilafın heç kimin xeyrinə olmadığını diqqətə çatdırıb: Regionda savaş, qanların axıdılması və əcnəbi qüdrətlərin müdaxiləsinə tez bir zamanda son qoyulmalıdır.
Görüşdə iki ölkənin münasibətlərini müsbət qiymətləndirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində deyib: Türkiyə İranla üstün ticarət memorandumunu nəticəyə çatdırmağı izləyir və İranla iqtisadi əlaqələrdə 30 milyard dollarlıq məqsədin gerçəkləşməsini istəyir.
Türkiyə prezidenti həmçinin regional məsələlərin həlli və terrorizmlə mübarizə sahəsində iki ölkənin əməkdaşlığının vacibliyini qeyd edib.