Apr 11, 2017 14:02 Asia/Baku
  • Zərif Xan Şeyxun hadisəsi ilə bağlı beynəlxalq faktaraşdırıcı komitənin təşkil edilməsinin vacibliyini vurğuladı

İran İslam Respublikası xarici işlər naziri ötən çərşənbə axşamı Suriyanın İdlib vilayətində yerləşən Xan Şeyxun şəhərində baş vermiş kimyəvi hücum hadisəsi ilə bağlı beynəlxalq faktaraşdırıcı komitənin təşkil edilməsini zəruri adlandırıb.

İRİB-nin verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif dünyanın siyasi və beynəlxalq rəsmiləri ilə müzakirələrinin davamında BMT-nin baş katibi habelə, İtaliya, Küveyt və Türkiyənin xarici işlər nazirləri ilə telefon əlaqəsi saxlayaraq, Suriya ətrafında cərəyan edən son olaylar barədə danışıqlar aparıb.

Bu danışıqlar zamanı Xan Şeyxuna edilmiş kimyəvi hücum hadisəsi ilə bağlı beynəlxalq faktaraşdırıcı komitənin təşkil edilməsi məsələsi xüsusi diqqət mərkəzində saxlanılıb.

Xan Şeyxuna edilmiş kimyəvi hücum hadisəsi zamanı 100-dən çox insan həlak olmuş, 400 nəfər isə yaralanmışdı.

Xan Şeyxunda baş verən bu hadisənin ardınca terrorizmi və terrorçuları himayə edən Qərb-Ərəb cəbhəsi dərhal geniş təbliğatlara başlayaraq, bu hadisəyə görə Əsəd hökumətinin məsuliyyət daşıdığı görüntüsünü yaratmağa çalışdı. Suriya hökuməti isə bu ittihamları tam qətiyyətlə rədd edərək, bu ölkə ordusunun kimyəvi silahdan istifadə etmədiyini bildirdi.

Amerika isə həqiqətin üzə çıxarılması üçün hansısa araşdırmaların həyata keçirilməsinə ehtiyac duymayaraq, beynəlxalq qanunlara zidd bir şəkildə Suriya ordusunun ikinci ən iri bazası olan Şəirat hərbi hava bazasına 59 raket zərbəsi endirdi.

ABŞ-ın bu hərbi bazaya raket zərbələri endirməsi Suriyada terrorçular və onları himayə edən ölkələr tərəfindən sevinc və razılıq ilə qarşılandı.

Analitiklər isə Suriya ordusunun kimyəvi silahlardan istifadədə ittiham edilməsini ümumi fikri terrorçuların cinayətlərindən yayındırmaq və Suriya ordusunun terrorizm ilə mübarizədəki son uğurları barədə yanlış təsəvvür yaratmaq istiqamətində dəyərləndirirlər.

Teqlər