Laricani: Böyük Peyğəmbər(s.ə.s.) əsasən tövhidə və müsəlmanların birliyinə söykənmişdi
İran İslam Şurası Məclisinin sədri deyib: İslam Peyğəmbəri(s.ə.s.) əsasən tövhidə və müsəlmanların birliyinə söykənmişdi və möminləri başqaları qarşısında vahid qüdrət hesab edirdi.
Əli Laricani İran İslam Şurası Məclisinin bugünkü açıq iclasında bütün müsəlmanları və İran xalqını Böyük Peyğəmbər(s.ə.s)-in mövludu və vəhdət həftəsi münasibətilə təbrik edərək, əlavə edib: Əgər müsəlmanlar İslam Peyğəmbəri(s.ə.s)-in bəşəriyyət üçün müjdə gətirdiyi maariflərdən istifadə etsəydilər, bu gün müsəlmanlar bir milyarddan çox əhaliyə malik olmalarına rəğmən, böyük qüdrətlər önündə baş əyməyə məcbur olmazdılar.
Rəbiuləvvəl ayının 12-si ilə 17-si arasında olan müddət İran İslam Respublikasının banisi İmam Xomeyni(r.ə)-in təşəbbüsü ilə vəhdət həftəsi adlandırılıbdır. Zira sünni əhlinin rəvayətinə görə, rəbiuləvvəl ayının 12-si, şiələrin rəvayətinə görə isə rəbiuləvvəl ayının 17-ci İslam Peyğəmbəri(s.ə.s)-in mövlud günüdür.
İran İslam Şurası Məclisinin sədri bildirib ki, Qərb müsəlmanlar üzərində hegemonçuluğu öz hərəkəti kimi qərar veribdir. O, deyib: Qərbin İslam təlimlərilə mübarizə barədəki təfəkkürü son onilliklərdə terror cərəyanlarının yaradılmasında özünü büruzə verib və Qərbin bu təhqiredici və avantürist rəftarı müsəlman xalqların Amerikaya qarşı nifrət və hiddətinə səbəb olubdur.
Laricani habelə regionda terrorizmlə mübarizəyə görə, Sepah qüvvələrinə təşəkkür edib və noyabrın 24-də Misirin Şimali Sina vilayətində keçirilən cümə namazı mərasiminə qarşı terror hücumunu siionistlərin 1994-cü ildə Əlxəlil məscidində törətdikləri cinayətə bənzədib. O, Misirin parlamenti və xalqının kədəri ilə bölüşübdür.