2 iranlı dənizçinin cəsədi və Sançi gəmisinin qara qutusu Şanxaya gətirilib
Sançi gəmisinin iki iranlı ekipaj üzvünün cəsədi bu gəminin qara qutusu ilə birlikdə dünən günortadan sonra Çinin Şanxay şəhərinə daxil edilib.
İRNA-nın verdiyi məlumata görə, iranlı dənizçilərin cənazələri ekspertizaya təhvil verilib və qara qutu isə İran, Çin və Panama ölkələrinin nümayəndələrinin iştirakı ilə plomp edilib və lazımı araşdırmalar üçün Ümumdünya Dənizçilik Təşkilatına göndərilib.
İki iranlı dənizçinin cənazəsi üzərində onların kimliyinin müəyyənləşdirilməsi məqsədi ilə DNT testləri həyata keçiriləcək.
İran gəmisinin durumunu araşdırmaq üçün Çinin Şanxay şəhərinə səfər etmiş İran İslam Respublikası İslami Şura Məclisinin Milli Təhlükəsizlik Komissiyasının sədr müavini Məhəmməd Mehdi Brumənd deyib: Həyata keçirilmiş araşdırmalar göstərir ki, Çin və İranın xilasetmə qrupları Sançi gəmisində baş verən yanğının söndürülməsi üçün bütün səylərini həyata keçirmişlər.
Yanvarın 6-da Çinin şərq sahillərində Çin və Honq-Konqa aid bir yük gəmisi İranın neftdaşıyan gəmisi ilə toqquşdu. Bu hadisə İran tankerində yanğına səbəb oldu və nəticədə 30 iranlı və 2 banqladeşli ekipaj üzvlərinin hamısı itkin düşdülər.