İran və Rusiya parlamentlərinin birgə iclasına start verilib
İran və Rusiya parlamentlərinin birgə iclası bu gün Volqaqradda işə başlayıb.
İRİB-nin verdiyi məlumata görə, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədini daşıyan bu iclas cümə axşamı günorta Rusiyanın Volqaqrad şəhərinin meriyasında işə başlayıb. İclasa İran İslam Şurası Məclisinin sədri Əli Laricani və Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Valodin başçılıq edir.
Bu iclas ticarət, iqtisadiyyat, bank, enerji və turizm sahələri başda olmaqla bütün sahələr üzrə ikitərəfli əməkdaşlıqların genişləndirilməsi prosesini sürətləndirmək məqsədini daşıyır. İclasda iki ölkənin xarici işlər nazirləri müavinləri də iştirak edirlər.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani bu gün parlament heyətinin başında Rusiyanın Volqaqrad şəhərinə səfər edib. Əli Laricani Volqaqrad şəhərində olduğu zaman ikinci dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış "Ana Vətən Çağırır" abidəsinin önünə əklil qoyaraq, ikinci dünya müharibəsində həyatını itirənlərin xatirəsini yad edib.