Ruhani: İranın haqlılığı və Amerikanın zorakılığı dünya xalqlarına aşkar oldu
İran İslam Respublikasının prezidenti bu gün vurğulayıb ki, İranın mövqeyi BMT Baş Assambleyasında birbaşa şəkildə bəyan edildi. O, deyib ki, amerikalılar bu iclasdan heç bir nailiyyət əldə etmədilər.
BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka səfər etmiş Həsən Ruhani Tehrana daxil olarkən müxbirlər qarşısında qeyd edib ki, BMT Baş Assambleyasın sessiyasında İran İslam Respublikasının və İran xalqının haqlılığı və Amerikanın zorakılığı aydın şəkildə görünürdü.
İran İslam Respublikasının prezidenti ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasındakı çıxışına toxunaraq, deyib: Bu çıxış təkcə dünya ölkələri başçılarının gülüşünə səbəb oldu.
Ruhani həmçinin BMT Baş Assambleyası sessiyasının kənarında nüvə anlaşması üzrə müştərək komissiyanın iclasının keçirilməsinə işarə edərək, qeyd edib ki, həmin iclasda nüvə anlşmasına sadiq qaldığı üçün İrana təşəkkür edildi.
İran İslam Respublikasının prezidenti qeyd edib ki, 4+1 qrupu bu iclasda qətiyyətlə nüvə anlaşmasını himayə edib və bildirib ki, İranla əlaqə üçün xüsusi bir bank kanalı yaradıbdır.
Ruhani bildirib ki, müxtəlif ölkələrin başçıları ilə görüşlərində də ikitərəfli və regional məsələlər, xüsusən nüvə anlaşması və ikitərəfli ticarət əlaqələri məsələləri nəzərdən keçirilib. O, deyib ki, ölkələrin başçıları bu görüşlərdə Amerikanın sanksiyalarına əməl etməyəcəklərini bildiriblər.
ABŞ prezidenti Donald Tramp mayın 8-də Vaşinqtonun nüvə anlaşmasından çıxdığını və nüvə sanksiyalarının qaytarıldığını elan etdi. Bu hərəkət daxildə və beynəlxalq səviyyələrdə geniş surətdə pislənildi.