Laricani: Suriya dosyesi Asiyada məsələlərin həlli üzrə yaxşı nümunədir
İran İslam Şurası Məclisinin sədri deyib: İran. Türkiyə, Rusiya və Suriyanın regional problemlərin həllindəki əməkdaşlığı Asiyada siyasi və iqtisadi problemlərin həlli üçün yaxşı nümunə sayılır.
İRİB-nin verdiyi məlumata görə, İran İslam Şurası Məclisinin sədri Əli Laricani Asiya Parlamentlərinin Ümumi Assambleyasında iştirak etmək üçün Türkiyəyə olan səfərinin davamında jurnalistlər qarşısında verdiyi açıqlamada deyib: Bu gün Asiyada enerji, təbii potensiallar və işçi qüvvəsi kimi geniş potensiallar mövcuddur. Və bu imkanlar regionda ciddi inkişaf və sıçrayışa səbəb ola bilər.
Laricani həmçinin, Asiya Parlamentlərinin Ümumi İclasının başlıca təsisçisinin İran Parlamenti olduğunu və daha sonra Asiya ölkələrinin ona qoşulduğunu deyərək, hazırda bir çox Asiya ölkəsi parlamentinin bu iclasın üzvü olduğunu qeyd edib.
İran İslam Şurası Məclisinin sədri daha sonra İran, Türkiyə, Rusiya, Çin, Pakistan və Əfqanıstan parlamentlərinin yaxın gələcəkdə Tehranda birgə iclasının keçiriləcəyindən xəbər verib və deyib: Terrorizm, regional təhlükəsizlik problemləri, narkotik maddələr və mütəşəkkil cinayətlər ilə mübarizə habelə, iqtisadi əməkdaşlıqlar bu iclasda müzakirə ediləcək əsas mövzulardır.
İran İslam Şurası Məclisinin sədri Asiya Parlamentlərinin Ümumi Assambleyasında iştirak etmək üçün çərşənbə günü axşam bir parlament heyətinin başında İstanbula səfər edib. İstanbulda keçiriləcək Asiya Parlamentləri Ümumi Assambleyasının 11-ci iclasında 23 Asiya ölkəsi iştirak edir. Bu iclas 3 gün davam edəcək.