Ruhani: ABŞ-ın regiona öz siyasətlərini qəbul etdirməsi dövrü arxada qalıb
İran İslam Respublikası prezidenti deyib: Siyasətlərin dikte edilməsi dövrü sona çatıb və Amerika minlərlə kilometr uzaqdan region xalqlarına resept verməyə qadir deyil.
İİR prezidenti Həsən Ruhani bu gün Tehranı Ankara məqsədi ilə tərk etməzdən öncə müxbirlərə verdiyi müsahibədə deyib: Türkiyə dövlətinin ABŞ-ın İrana qarşı sanksiya planı əleyhinə mövqeyi, digər qonşu ölkələr kimi qətiyyətli və təsirli mövqe olmuşdur.
Ruhani İran və Türkiyə Ali Strateji Şurasında iştirak etmək üçün bir yüksək səviyyəli heyətə başçılıq edərək Ankaraya yola düşərkən deyib: Bu səfərdə qarşılıqlı, regional və beynəlxalq mövzular eləcə də iqtisadi, bank və ticarət həmçinin energetika, neft və qaz əməkdaşlıqları araşdırılacaq.
İİR prezidenti deyib: Səfərdə İran və Türkiyə iş adamları özəl sektorun nümayəndələri olaraq iki ölkə prezidentlərinin də iştirak etdikləri müştərək iclasa toplaşacaqlar.
Ruhani regional təhlükəsizlik və terrorizm ilə mübarizənin İran və Türkiyə arasında digər əməkdaşlıq sahələrindən olduğunu bildirərək deyib: Türkiyənin öz şərqi sərhədlərində və İranın qərbi sərhədlərində divar inşa etməkdə olduğunu nəzərə alaraq ekoloji məsələlər də bu səfərdə müzakirə ediləcək.
İran prezidenti həmçinin İran, Rusiya və Türkiyə arasında Suriya böhranının həlli üzrə üçtərəfli müzakirələrə toxunaraq deyib: İran əvvəlindən Suriyada təhlükəsizliyin bərqərar olunması, didərginlərin öz ev-eşiklərinə qayıtmaları və Suriyanın taleyinin bu ölkənin öz xalqının ixtiyarına verilməsinin tərəfdarı olmuşdur.
Həsən Ruhani müxbirlər qarşısında çıxışından sonra Tehranı Ankara məqsədi ilə tərk edib.