Ərəbistan İranla bərabər münasibətlər istəmir
İran İslam Respublikasının xarici işlər naziri deyib: İran Səudiyyə Ərəbistanı ilə yaxşı münasibətlər qurmağa hazırdır, amma təəssüflə, Ərəbistan hökuməti İranla bərabər münasibətlər istəmir.
SəhərAzəri xəbər verir, Məhəmməd Cavad Zərif dünən Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında bildirib ki, İran daima öz qonşu ölkələri ilə yaxşı əlaqələrə malik olmaq istəyir. O, sonra deyib: Qonşu ölkələrlə yaxşı əlaqələrə malik olmaq, İranın xarici siyasət prioritetlərindəndir.
Zərif İranın, Fars Körfəzi bölgəsi də daxil olmaqla öz qonşu ölkələri ilə əlaqələrini genişləndirməyə əzmkar olduğunu vurğulayıb və Tehranın qarşılıqlı hörmət əsasında Səudiyyə Ərəbistanı və əmirliklərlə əlaqəyə hazır olduğunu bildirib.
Rusiyanın Fars Körfəzi üzrə təhlükəsizlik planına işarə edən Zərif qeyd edib ki, İran da «Hörmüz Sülhü» layihəsini təklif etmişdi və həmin layihə əslində Rusiyanın planı ilə bir istiqamətdə durur.