İranın Azərbaycandakı səfiri Mədət Quliyev ilə görüşüb
İranla Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
SəhərAzəri xəbər verir, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvini ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev arasında görüş baş tutub. Görüşdə İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi diplomatik fəaliyyəti dövründə Azərbaycan və İran arasında əlaqələrin inkişafı naminə səylərini əsirgəməcəyini bildirib.
Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri Mədət Quliyev Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə İran səfirini təbrik edib və iki dövlət arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinin inkişafından danışıb.
M. Quliyev səfirin diqqətinə çatdırıb ki, Ermənistanın hücumlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınmaqdadır. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, onlarla kənd, qəsəbə və yaşayış məntəqələri işğaldan azad edilib, qədim Xudafərin körpüsünə Azərbaycan bayrağı sancılıb.
Nazir İran dövlətini və xalqını Zəngilan rayonunun Ağbənd qəsəbəsi və Ağbənd sərhəd zastavasının işğaldan azad edilməsi ilə Azərbaycan və İran İslam Respublikası dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə təbrik edib.
Görüşdə, həmçinin iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.