Noy 26, 2020 14:07 Asia/Baku
  • Təxti Rəvançi:

İranın BMT-dəki daimi nümayəndəsi birtərəfli sanksiyaları qanunsuz, qeyri-insani və uğursuzluğa məhkum adlandırıb və deyib: "ABŞ qüvvələri, Suriya ərazilərinin işğalını davam etdirərək, bu ölkənin neftini və sərvətini talan etməklə məşğuldurlar".

SəhərAzəri İRNA-ya istinadla xəbər verir ki, Məcid Təxti Rəvançi dünən BMT Təhlükəsizlik Şurasının Suriya mövzusunda keçirilən iclasında əlavə edib: "ABŞ qüvvələri Suriyanın bəzi bölgələrini terrorizm ilə mübarizə bəhanəsi ilə işğal edərək, Ən-Nüsrə Cəbhəsi kimi bəzi terror qruplaşmalarını dəstəkləyir və Suriya xalqının sərvətlərini və neftini talan etməklə məşğuldurlar".

Təxti Rəvançi Suriyanın suverenliyinə tam hörmətin zəruriliyini vurğulayıb və hökumətin rəsmi icazəsi olmadan bu ölkədə olan bütün xarici qüvvələrin çıxarılmasına çağırıb.

İranın BMT-dəki daimi nümayəndəsi sionist rejimin Suriyaya hücumlarını qınayaraq, Suriyanın Cövlan yüksəkliklərinin işğalını qeyri-qanuni adlandırıb və ABŞ Dövlət Katibi Mayk Pompeonun bu bölgəyə təxribatçı səfərini, Cövlan yüksəkliklərinin Fələstinin işğal olunmuş ərazilərinə ilhaqını legitimləşdirmək üçün atılan addım kimi dəyərləndirib və vurğulayıb: "Cövlan Suriyanın bir hissəsidir və onun bir hissəsi qalacaqdır".

Təxti Rəvançi, Suriyada terrorçuların təhdidini kökündən aradan qaldırmaq üçün onlara qarşı mübarizənin davam etdirilməsi və bu ölkədə istənilən separatçı cəhdlərin qarşısının alınması vacibliyini vurğulayıb.

O, bəzi ölkələrin Dəməşqə qarşı birtərəfli sanksiyalar tətbiq edərək, Suriya böhranını uzatmaq və öz iradələrini xalqa diktə etmək niyyətində olduqlarını bəyan edərək, əlavə edib: "Suriya xalqının qarşıdurma və ölkədə koronavirusun yayılmasından irəli gələn fəsadlardan əziyyət çəkdiyi bir halda,  ABŞ-ın birtərəfli sanksiyaları suriyalıların əzablarını artırır".

İranın BMT-dəki daimi nümayəndəsi BMT-nin bu böhranı siyasi yolla həll etməyə dair hərəkəti kimi səyləri alqışlayaraq, İranın bu yöndəki addımlarına toxunub və deyib: "Bu proseslə paralel olaraq Suriyanın bərpası və qaçqın və köçkünlərin geri qayıtması üçün lazımi dəstək göstərilməlidir".

Teqlər