Ruhani: "Trampın İranın neft ixracatını sıfıra endirmək arzusu gerçəkləşmədi"
İran İslam Respublikası prezidenti ABŞ-ın iqtisadi müharibəsinin İranın neft-kimya və neft məhsullarının ixracatı üçün yaratdığı çoxsaylı maneələrə toxunaraq, deyib: "Donald Trampın İranın neft ixracatını sıfıra endirmək arzusu heç vaxt gerçəkləşmədi və o, bu arzunu özü ilə aparacaq".
SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani bu gün hökumətin İqtisadi Koordinasiya Şurasının 180-ci iclasında etdiyi çıxışında, ölkənin neft hasilatını ixrac üçün təbii səviyyəyə gətirməyə hazırlığının zəruriliyini vurğulayaraq, deyib: “Nüvə anlaşmasının icrası və sanksiyaların ləğvi ilə qısa müddətdə İranın neft satışı 2 milyon barreldən çox oldu. Bu gün isə əməliyyat alətlərimiz və dəyərli təcrübəmiz sayəsində neft hasilatını sürətlə artırmaq üçün hazırıq".
Hökumətin İqtisadi Koordinasiya Şurasının qərarına əsasən, İranın Neft Nazirliyi yaxın üç ayadək mövcud potensiala uyğun olaraq, neftin istehsalı və satışı üçün neft sənayesinin ehtiyatları və təchizatlarını hazırlamaq üçün lazımı tədbirləri görməlidir.