Dek 10, 2020 11:26 Asia/Baku
  • Zərif Ceyhun Bayramovla danışıqları səmərəli dəyərləndirib

İrann xarici işlər naziri Məhəmməd Cavad Zərif azərbaycanlı həmkarı Ceyhun Bayramovla dünən aparılan danışıqları səmərəli dəyərləndirib.

SəhərAzəri İRNA-ya istinadən xəbər verir ki, Məhəmməd Cavad Zərif öz rəsmi "Twitter" səhifəsində bir paylaşım edərək, yazıb: "Müharibədən zərərçəkmiş bölgələrin bərpası, şimal-cənub nəqliyyat dəhlizi, Xəzər dənizi enerjisi və bir çox digər məsələlər daxil ikitərəfli əhatəli əməkdaşlıqların inkişaf etdirilməsi üçün səmərəli danışıqlar aparıldı".

Ceyhun Bayramova ev sahibliyi etməkdən məmnunluq ifadə edən Zərif, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və düşmənçiliklərin sona çatmasını alqışlayıb.

İran prezident Həsən Ruhani də Azərbaycan Respublikasının xarici işlər naziri ilə dünənki görüşdə, İranın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirib və qeyd edib ki, iki ölkənin qonşu olması və İrandakı imkanları nəzərə alaraq, İranın Azərbaycanın Qarabağ müharibəsindən təsirlənmiş bölgələrinin bərpasında iştirakı hər iki ölkənin xeyrinə olacaq.

İran prezidenti, həmçinin Tehran və Bakı arasındakı müqavilələrə, o cümlədən Astara-Rəşt dəmir yolu layihəsinə işarə edərək, bu müqavilələrin həyata keçirilməsinin sürətləndirilməsinin vacibliyini vurğulayıb və deyib: "İran və Azərbaycan Respublikası arasında razılaşdırılmış birgə əməkdaşlıq layihələrinin, o cümlədən Xudafərin su bəndi və elektrik stansiyasının tikintisi üçün lazımi şərait mövcuddur  və iki ölkə sənaye, elm, əczaçılıq və digər sahələrdə əməkdaşlıqlarını daha da inkişaf etdirə bilərlər".

Teqlər