Dek 14, 2020 17:26 Asia/Baku
  • Tehranda Qarabağ müharibəsi şəhidlərinin anım mərasimi keçirildi

Azərbaycan Respublikasının Dağlıq Qarabağ müharibəsi şəhidləri üçün ilk anım mərasimi Tehranın Rey bölgəsində yerləşən Həzrət Əbdüləzim Həsəninin (ə) müqəddəs ziyarətgahında keçirilib.

SəhərAzəri xəbər verir, Azərbaycan Respublikasının Dağlıq Qarabağ müharibəsi şəhidləri üçün ilk anım mərasimi Tehranın Rey bölgəsində yerləşən Həzrət Əbdüləzim Həsəninin (ə) müqəddəs ziyarətgahında, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrini gücləndirmək, eyni zamanda ilk olaraq xalqın istəkləri ilə həmrəylik yaratmaq və Vəliyyi-Fəqihin Dağlıq Qarabağla bağlı fikirlərini izah etmək məqsədi ilə keçirilib.
Bu mərasim şəhid ailələri, ölkə rəsmiləri, yüksək rütbəli hərbçilər, parlament sədrinin köməkçisi Hüseyn Əmir Abdullahiyan, parlamentin üzvləri, İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) Qüds Qüvvələrinin komandir müavini general  Məhəmməd Hicazi, həmçinin Tehranın İmam Cüməsi Höccətül-islam Siddiqi və İranda yaşayan azərbaycanlıların iştiraki ilə 44 günlük Qarabağ müharibəsinin 2.783 azəri şəhidinin xatirəsi anılıb.
Mərasimdə Qarabağda şəhid olmuş bütün azərbaycanlı hərbçilərin siyahısı, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xameneinin Ermənistanın Azərbaycanın işğal olunmuş torpaqlarını tərk etməsinin vacibliyi ilə bağlı çıxışı iştirakçılara nümayiş olunub.

Höccətül-İslam Siddiqi Qarabağ müharibəsində şəhid olanların xatirəsini  yad edərək bildirib ki, onlar öz qorxmazlığı və canından keçmələri ilə Azərbaycana izzət və başucalığı gətirdilər: "Həm də İran azərbaycanlılarını sevindirdilər. Şəhidlər heç vaxt unudulmur, Şəhidin qanı həmişə qaynayır və firavanlıq yaradır. Azərbaycanda  gənclər öz canlarını verdilər və torpaqlarını azad etdilər. Bizim rəhbərimiz Azərbaycanı rəsmi şəkildə dəstəklədi və bildirdi ki, Qarabağ Azərbaycanındır və Azərbaycana qaytarılmalıdır.  Ermənistan işğal etdiyi torpaqları geri qaytarmalıdır. Bu gün  bu qələbə yalnız Azərbaycanın qələbəsi deyil, həm də İslamın qələbəsidir".

Mərasimin sonunda iki ölkənin iştirakçıları şərif Qüdsün də Qarabağ kimi tezliklə sionist rejimin işğalindan qurtulmasını və İslam ümmətinin qucağına qayıtmasını arzulayıblar.
Xatırladaq ki, Azərbaycan Respublikası ilə Ermənistan arasında 44 günlük müharibənin sonunda, Ermənistan tərəfindən işğal edilmiş Cəbrayıl, Füzuli, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər də daxil olmaqla işğal olunmuş Dağlıq Qarabağ ərazilərinin bir hissəsi azad edilib.

Teqlər