Noy 21, 2021 17:25 Asia/Baku
  • Fars körfəzi-Qara dəniz dəhlizi reallaşacaq

İranda səfərdə olan Azərbaycan Respublikası baş nazirinin müavini, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev bu gün İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən,görüşdə iranlı nazir Rüstəm Qasimi iki ölkəni dost və qardaş ölkə adlandırıb və deyib:"Bu müzakirələr əlaqələrimizi daha da inkişaf etdirəcək və iki ölkə arasındakı maneələrin aradan qalxmasına zəmin yaradacaq.”

Astara-Astara sərhədində avtomobil körpüsünün tikintisi, eləcə də Rəşt- Astara dəmir yolunun tamamlanmasının hər iki ölkə üçün önəmli layihələr olduğunu deyən iranlı nazir bildirib ki, görüşlərdə hər iki layihə haqqında müzakirə aparılacaq və müsbət nəticə əldə ediləcəkdir.


Azərbaycanlı investorların Astara terminalında investisiya yatırdığını deyən R.Qasimi qeyd edib ki, iki tərəf Astarada (İran) da bir görüş keçirmək və bununla bağlı danışıqlar aparmaq barədə razılığa gəlib: “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının iclasından öncə bir dəfə də Astarada (Azərbaycan) görüş keçiriləcək. Bu görüşlərdə Naxçıvan-Məşhəd sərnişin qatarı, eləcə də nəqliyyat və tranzit məsələləri haqqında danışılacaq”.


İranın Azərbaycanla yük daşımalarını artırmaq niyyətində olduğunu nəzərə çatdıran R. Qasimi yaxın aylarda iki ölkə arasında Fars Körfəzi - Qara dəniz dəhlizi haqqında sazişin imzalanacağından xəbər verib, Azərbaycanda avtomobil istehsalı kimi məsələlərin də müzakirə olunacağını diqqətə çatdırıb: “İran avtomobil istehsalının 30 faizini Azərbaycanda həyata keçirməyə hazırdır. Müştərək istehsal ilə İran öz məhsulunu Azərbaycandan digər ölkələrə ixrac edə bilər”,- deyə Rüstəm Qasimi deyib.

İranın yol və şəhərsalma naziri İranın Azərbaycan Respublikasında yük maşınları və avtobus istehsalına eləcə də bu ölkənin abadlıq layihələrində iştirak etməyə hazır olduğunu vurğulayıb.

Görüşdə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev də iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğunu bildirib.
“Enerji sahəsində çoxsaylı layihələrimiz var, həmin layihələrin bəzisi artıq tamamlanmaq üzrədir. Avtomobil hissələrinin istehsalı, kənd təsərrüfatı və kənd təsərrüfatı avadanlıqları sahələrində də əməkdaşlıq edə bilərik".

İki ölkə arasındakı infrastrukturun inkişaf etdirilməsinin zəruriliyindən danışan Ş.Mustafayev bildirib ki, hazırda Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi üzərində işlər davam etdirilir. Neft və qaz sahəsində əməkdaşlıq üçün də bu gün danışıq apardıq.

Ş.Mustafayev bildirib ki, Azərbaycan, İran və Rusiya elektrik xətlərinin birləşdirilməsi, Xudafərin layihəsi, gömrük, sərhəd və kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində iki ölkə arasında çox gözəl əlaqələr mövcuddur.

Teqlər