Əmir-Abdullayian azərbaycanlı həmkarı ilə görüşünü yüksək qiymətləndirdi
İran qonşularla əlaqələrini genişləndirmək istəyir
İranın xarici işlər naziri bu dövlətin qonşuları ilə əlaqələrini genişləndirməyə davam edəcəyini vurğulayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan İnstagram səhifəsindəki qeydində noyabrın 27-də İƏT-in 15-ci sammiti çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşünə toxunub və bildirib ki, İran qonşuları ilə əlaqələrini genişləndirməyə davam edəcək.
Əmir-Abdullahiyan görüşdə imzalanan hərtərəfli sazişi nəzərdə tutaraq qeyd edib: "Aşqabadda İƏT-in 15-ci sammiti çərçivəsində mənim Azərbaycanın xarici işlər naziri ilə şəxsi görüşüm olub. Bu yaxşı görüş üçün hər iki ölkədə son iki həftə ərzində zəminlər yaradılıb".
İranlı nazirin yazdığına görə, sazişin çərçivələri hər iki ölkənin maraqlarına uyğundur və hər iki prezidentin iradəsi münasibətləri hərtərəfli genişləndirməkdən ibarətdir.
O qeyd edib ki, tranzit, energetika, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq razılaşdırılıb və ikitərəfli sazişə daxil edilib.
"İki ölkə bir-birinə yaxşı qonşu, qohum olmaq çərçivələrini aşır. Azərbaycan prezidenti bizim qayğılarımızla bağlı ümidləndirici sözlər deyib və bu, gələcək addımların əsasını təşkil edir", deyə o vurğulayıb.
İranın XİN başçısı sonda yazıb ki, iki prezidentin görüşündən bir gün əvvəl çox mühüm siyasi, diplomatik məsləhətləşmələr və təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr aparılıb.