İran prezidenti qonşularla münasibətləri gücləndirməyə çağırıb
İran İslam Respublikası prezidenti deyib: "Qonşuluq siyasəti və sanksiyalarla mübarizə aparmaq və onları zərərsizləşdirmək üçün qonşularla əlaqə İran İslam Respublikası üçün bir taktika deyil, strategiyadır".
SəhərAzəri-nin məlumatına əsasən, prezidenti Seyid İbrahim Rəisi bu sözləri İranın xaricdəki və qonşu ölkələrdəki səfir və nümayəndələrinin iştirakı ilə Tehranda keçirilən görüşdə deyib.
O, əlavə edib: "İranın mövcud imkanlarını nəzərə alaraq, qonşularla mübadilələri genişləndirmək mümkündür və bu məsələdə Xarici İşlər Nazirliyinin rolu çox mühümdür".
İran İslam Respublikası prezidenti sanksiyaları zərərsizləşdirmək və aradan qaldırmaq üçün İslam Respublikasının iki strategiyasına toxunaraq deyib: "Bəziləri İran İslam Respublikasının danışıqlar aparmaq istəmədiyini, bəziləri isə İranın danışıqlarda ciddi olmadığını və ya heç bir planının olmadığını iddia edirdi; Lakin İslam Respublikası danışıqlarda ləyaqətlə iştirak etdi və təklif olunan mətni təqdim etməklə danışıqlarda ciddi olduğunu göstərdi".
İranın icra hakimiyyətinin başçısı vurğulayıb: "Əgər qarşı tərəf İrana qarşı zalımcasına sanksiyaları aradan qaldırmaqda qərarlı olarsa, yaxşı razılaşma əldə olunacaq və biz mütləq yaxşı razılaşmanın ardıncayıq".
İran İslam Respublikası prezidenti çıxışının digər bir hissəsində bəzi region ölkələrinin sionist rejimlə münasibətləri normallaşdırmağa çalışdığını tənqid edərək, deyib: "Bu normallaşma nə bu ölkələrin, nə də sionist rejimin təhlükəsizliyini təmin etmir".
İranın icra hakimiyyətinin başçısı əlavə edib: "Bəzi ölkələr sionistlərlə münasibətlərini normallaşdırmağa və İsraili region ölkələrinin sərhədlərinə yaxınlaşdırmağa çalışırlar, lakin bu hərəkət onlara fayda verməyəcək".
Rəisi İran İslam Respublikasını region ölkələrin xeyirxahı adlandırıb və deyib: "İslam Respublikası ilə əlaqələr və müxtəlif sahələrdə İranla qarşılıqlı əməkdaşlıq regionda təhlükəsizliyə və sülhün yayılmasına töhfə verə bilər".
İran İslam Respublikası prezidenti həmçinin Əfqanıstanın problemlərini əcnəbilərin bu ölkədə varlığından qaynaqlandığını bildirib və deyib: "Əfqanıstan NATO və ABŞ-ın gəlişindən sonra xoş gün görməyib və amerikalıların varlığının nəticəsi narkotik bəlasını ənənəvidən sənaye formatına çevrilməsidir".