Qərbin islamofobiya mərəzi
İran İsveçdə baş alıb gedən vandallığı qınayır - TƏHLİL
İran İslam Respublikası İsveçdə İslam əleyhinə hərəkətləri və müsəlmanlara qarşı zorakılığı pisləyir.
SəhərAzəri-nin məlumatına əsasən, İran İslam Respublikası hökumətinin sözçüsü Əli Bahadori Cəhromi ifrat sağçıların Avropada, xüsusən də İsveçdə İslam əleyhinə hərəkətlərinə münasibət bildirərkən deyib: “Qərbdə ekstremizm və irqçiliyin yayılması adi hal alıb və bu dəfə İsveç polisinin rəsmi dəstəyi ilə müqəddəs Ramazan ayında 2 milyard müsəlmanın inancı təhqir olunubdur”.
Məlum məsələdir ki, anti-islam və anti-immiqrant fəaliyyəti son zamanlar İsveçdə xeyli yaılıb və bunlardan biri Qurani-Kərimin camaat qarşısında yandırılmasıdır ki, bu da əslində Avropada müsəlmanların varlığına, İslama və müsəlmanlara qarşı simvolik bir hərəkətdir. Bununla belə, ifrat sağçıların son cəhdi İsveçin şərqindəki Linkpinq şəhərində müsəlmanların kütləvi etirazları səbəbindən cümə axşamı uğursuzluqla nəticələnib. Bu ifrat sağçı qrupun ilk cəhdi deyildi.
Bununla paralel olaraq Danimarkanın paytaxtı Kopenhagendə üzvlərinin Quran yandırma tarixçəsi olan Sərt Xətt Partiyasının lideri Rasmus Paludan bildirib ki, İsveç xalqını oyatmaq lazımdır.
Danimarka və İsveç hökumətlərinin bu ifrat sağçı partiyanın Quranı yandıraraq İslam müqəddəslərini təhqir etməsinə icazə verməsi üçün bəhanə ifadə azadlığı və Avropa hökumətlərinin guya onu qorumaq iddialarıdır. Halbuki Qərbin, o cümlədən Avropa ölkələrinin ifadə azadlığı ilə bağlı ikili standartlarına nəzər salsaq, bunun yalnız İslamofobiya və anti-İslam kimi hərəkətləri zamanı tətbiq olunduğunu görərik. Holokostu inkar edən və ya hazırkı Ukrayna müharibəsi zamanı rusiyapərəst mövqe sərgiləyən şəsxlərin isə barəsində adətən sərt ölçülər götürülür və ifadə azadlığı unudulur.
İran dəfələrlə Qərbin, o cümlədən Avropanın ifadə azadlığı sahəsində ikili yanaşmasını və bu bəhanə ilə İslama zidd hərəkətlərin yolverilməzliyini pisləyib. Quranın yandırılması kimi mənfur əmələ “söz azadlığı” taktikası ilə haqq qazandırmaq əsla mümkün deyil. Bir sözlə İsveçdə sərbəst şəkildə və bəlkə də hökumətin və polisin dəstəyi ilə həyata keçirilən işlər ifadə azadlığının nümunəsi deyil, nifrət və irqçiliyin bariz nümunəsidir və heç şübhəsiz, etikaya, demokratik dəyərlər və tanınmış hüquq prinsiplərinə ziddir. Bu təxribatçı hərəkətləri dəstəkləyənlər ortaya çıxan nəticələrə görə məsuliyyət daşımalıdırlar.